Tovuzda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Tovuz rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlər davam edir. Bu gün Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10000 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.