Tovuzda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm tədbir keçirildi
Bu gün Tovuz rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibəti ilə ümumrayon tədbiri keçirildi. Heydər Əliyev Meydanında təşkil olunmuş bayram tədbirini giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ilk öncə hər kəsi bu əlamətdar bayramlar münasibəti ilə ürəkdən təbrik edib.
Cənab M. Məmmədov bildirilib ki, əlamətdar hadisələrlə zəngin olan 2018-ci il artıq tarixə qovuşmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi. Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi. Cari ildə bir çox mühüm infrastruktur layihələri uğurla icra olundu. Xüsusilə nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atıldı. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması, TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, "Azerspace-2" peykinin orbitə çıxarılması, Türkiyədə “Star” neft emalı zavodunun istifadəyə verilməsi çox uğurlu işlərimizdəndir. Nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər. Dünya Bankının hesabatına görə Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib.
Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Əminik ki, münaqişənin sülh yolu ilə həlli mümkün olmazsa günü-gündən möhkəmlənən rəşadətli ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin bircə əmri ilə torpaqlarımızı düşmən tapdağından azad edəcəkdir. Aprel qələbəmizdən sonra bu ilin may ayında Naxçıvanda Günnüt zəfəri bunu bir daha sübut etdi.
Azərbaycanın bu günkü inkişafı Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Aprelin 11-də ölkədə keçirilən Prezident seçkiləri zamanı Azərbaycan seçicilərinin böyük əksəriyyətinin cənab İlham Əliyevin lehinə səs verməsi bu reallığın bariz ifadəsi oldu. Bu, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevin şəxsiyyətinə, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə yüksək inam və etimadının bariz təzahürü idi.
2018-ci il eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənə ilə qeyd olunduğu il kimi yaddaşlarda qalacaqdır.
Azərbaycanda sosial dövlət ideyası uğurla reallaşdırılır. İnsanların sosial rifahının daha da yüksəldilməsi üçün lazım olan tədbirlərin görülməsi, əhalinin gəlirlərinin mütəmadi olaraq artırılması, maaşların, pensiyaların davamlı şəkildə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Əhalinin məşğulluğunun təmin olunması yönündə də məqsədyönlü işlər görülür, həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Cənab Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu istiqamətdə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də insanlarımızda məmnunluq doğurur.
2018-ci il rayonumuz üçün də yaddaqalan olmuşdur. Rayonda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam etdirilmişdir. Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolu çəkilmiş, Tovuz və Qovlar şəhərlərində küçələr abadlaşdırılmış, 5 kənddə içməli su layihəsi icra olunmuş, Tovuz şəhərinin yeni içməli su təchizatı layihəsinin icrası başa çatmaq üzrədir.
Bu il Ağbulaq kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir. 6 kənddə modul tipli məktəblərin quraşdırılması işləri davam etdirilir. Alakol kəndində 624 şagird yerlik yeni məktəb binasının, Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi aparılır.
Tovuz şəhərində “Tarix Diyarşunaslıq Muzeyi” və “Bayraq Muzeyi”nin tikintisində işlər əsasən başa çatmışdır. Region əhalisinə xidmət göstərəcək “ASAN xidmət” mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Tovuz Aqroparkının tikintisi başa çatmaq üzrədir. Xalçaçılıq müəsissəsi fəaliyyətə başlamışdır. Hunanlar və Əhmədabad kəndlərinə təbii qaz verilmişdir. Bütün bunlar möhtərəm Prezidentimizin tovuzlulara böyük qayğısıdır, əvəzsiz töfələridir.
Rayonda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələrə nail olunmuşdur. Kənd təsərrüfatının əsas göstəriciləri üzrə irəliləyişlər əldə edilmişdir. Bütövlükdə rayon iqtisadiyyatına 18 milyon manatdan çox özəl sərmayə qoyulmuşdur.
2019-cu ildə də rayonunun sürətli sosial-iqtisadi inkişafı və insanlarımızın rifahı naminə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.
Bütövlükdə, Azərbaycanın qarşıdakı dövrdə də yeni uğurlar – möhtəşəm nailiyyətlər qazanmasına, qarşıya qoyulan bütün hədəflərə və məqsədlərə çatmasına real zəmin yaradılmışdır.
Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yenil il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, əmin-amanlıq və firavanlıq diləyirəm.
Sonra tədbir Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Şəadət Ömərov, digər ifaçılar və rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.