Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Hunanlar kəndinə təbii qaz verilmişdir.

14 dekabr 2018 | 16:00

Tovuz rayonunun Hunanlar kəndinə təbii qaz verilməsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı  Məmməd Məmmədov, Şəmkir regional qaz istismarı idarəsinin rəisi Osman Behbudov, Tovuz qaz istismarı sahəsinin işçiləri və  Hunanlar kənd sakinləri iştirak etmişlər.

Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov çıxış edərək qeyd etmişdir ki, bu gün Hunanlar kəndinin həyatında çox əlamətdar bir gündür. İlk öncə hörmətli qonaqlarımızı salamlayıram və Hunanlar kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edirəm.     

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün rayonlarında olduğu kimi Tovuz rayonunda da geniş tikinti- quruculuq və abadlıq işləri aparılır, infrastruktur inkişaf etdirilir, rayonumuzun sosial-iqtisadi problemləri sürətlə həll edilir.
   Azərbaycanın hər yerində, eləcə də Tovuz rayonunda yaşayan əhali Ulu öndər Heydər Əliyevin siyasətinin bəhrələrini görür. Məhz bu gün Hunanlar kəndində qaz xəttinin açılışı bir daha onu göstərir ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin  əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan yaşayışı təşkil edir və bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
  Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamı ilə respublikanın bir sıra yaşayış məntəqələrinin, o cümlədən Tovuz rayonunun Hunanlar və Əhmədabad kəndlərinin dövlət vəsaiti hesabına qazlaşdırılması qərara alınmışdır. Hər iki kəndin qazlaşdırılması müasir layihə əsasında, texniki normalara uyğun qaydada icra olunmuşdur. Hunanlar kəndində 438 yaşayış evi, Əhmədabad kəndində isə 187 yaşayış evi qazlaşdırılmışdır. Bütün yaşayış evlərinə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.Layihə Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə həyata keçirilmişdir. Təbii ki, bu işlərə görə biz ilk növbədə cənab Prezidentimizə sakinlərimiz adından dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda layihəni vaxtında və yüksək səviyyədə yerinə yetirdiklərinə görə Dövlət Neft Şirkətinin rəhbərliyinə, “Azəriqaz” İstehsalat Birliyinə və bu işdə zəhməti olan hər kəsə çox sağ olun deyirik.
   Hazırda rayon əhalisinin 90 faizi təbii qazla təmin olunur. Ölkədə qazlaşdırma işlərinin başa çatdırılması möhtərəm cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial yönümlü siyasətin tərkib hissələrindən biridir və yaxın gələcəkdə rayonumuzda qazlaşma işlərinin tamamilə başa çatdırılması nəzərdə tutulur.
    Rayon rəhbəri  bu əlamətdar gün münasibətilə bir daha  kənd sakinlərini  təbrik etmişdir.
Tədbirdə çıxış edən Şəmkir regional qaz istismarı idarəsinin rəisi Osman Behbudov layihənin həyata keçirilməsi ilə bağlı görülən işlərdən, təbii qaz istehlakçılarının üzərinə düşən vəzifələrdən, təhlükəsizlik qaydalarından və təbii qazın məişətdəki əhəmiyyətindən danışmış, kənd sakinlərinə xoş arzularını  bildirmişdir.
   Sakinlərdən Fərmayıl Cəfərov və Sürxəddin Cəfərov çıxış edərək Hunanlar kəndindəki yaşayış evlərinə dövlət vəsaiti hesabına qaz xəttləri çəkildiyinə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Bu gün həmkəndlilərinin  həddindən artıq sevinc içində olduğunu, təbii qazın onların evlərinə rahatlıq, təmizlik, istilik gətirdiyini qeyd edərək bu işdə zəhmət çəkən hər kəsə təşəkkürlərini çatdırmışlar.
  Bundan sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov təbii qazın verilişini əks etdirən rəmzi məşəli alovlandırmışdır.
   Tədbirin sonunda rayon rəhbərliyi və qonaqlar kənd sakini Cəlal Orucovun evində təbii qazın yandırılması mərasimində iştirak etmişlər.

 


 

 

 

 

Keçidlər