Dönük Qırıqlı kəndində səyyar qəbul-görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Dönük Qırıqlı kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsinin məqsədini açıqlamış, vətəndaş-məmur münasibətlərindən bəhs etmiş, sakinləri açıq dialoqa çağırmışdır.
Qəbul vətəndaşların fəallığı şəraitində keçmişdir. Sakinlər kəndin enerji təchizatı, içməli su, küçələrin abadlaşdırılması, kənd məktəbində əsaslı təmir işlərinin aparılması, su arxlarının betonlanması, əlavə subartezian quyularının qazılması və sair təkliflərlə çıxış etmişlər.
Rayon rəhbərinə müraciət edən Məmməd Bəşir oğlu nəvəsinin münasib işlə təmin olunması, Xəzəngül Aslanova pensiya təyinatı, Aygün Eyvazova azyaşlı uşağının müalicəsi, Gültəkin Rzayeva övladının müalicəsi, Vidadi Süleymanov torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov vətəndaşların səsləndirdiyi hər bir məsələyə diqqətlə yanaşmış, təklif və tənqidi qeydlərin araşdırılması və qanunauyğun tədbirlərin görülməsi barədə İH başçısı aparatının məsul işçilərinə və aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir.