Tovuz rayonunda “İdman İli”nin yekunları ilə əlaqədar tədbir keçirildi
28 dekabr 2012-ci il tarixdə Tovuz rayonunda 2012-ci il “İdman İli”nin yekunları ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Həmin gün rayon icra hakimiyyətində idmançıların, idman mütəxəssislərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə toplantı keçirilmiş, respublika səviyyəli yarışlarda müxtəlif idman növləri üzrə fərqlənən 16 nəfər idmançı RİH başçısının Fəxri Fərmanı ilə təltif olunmuş, onlara qiymətli hədiyyələr və pul mükafatı verilmişdir. Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov toplantı iştirakçıları qarşısında çıxış edərək ölkəmizdə idmanın inkişafına Dövlət qayğısından danışmış, kütləvi idmanın inkişafı sahəsində 2012-ci ildə əldə olunan nailiyyətlər barədə məlumat vermişdir.
Bu sahədə qarşıda duran vəzifələrdən danışan cənab T. Zeynalov qeyd etmişdir ki, ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu hər bir Azərbaycan vətəndaşının üzərinə əlavə məsuliyyət qoyur. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar rayon ictimaiyyəti tərəfindən sevinclə qarşılanmışdır.
Avropa Olimpiya oyunlarına hazırlıqla əlaqədar RİH başçısı yanında Şuranın xüsusi iclası keçirilmiş, təşkilat komitəsi yaradılmış və həmin yarışlarda iştirak etmək üçün rayon idmançılarının yetişdirilməsi məqsədilə tədbirlər planı təsdiq edilmişdir. Cənab T. Zeynalov toplantını yekunlaşdıraraq rayon idmançılarına uğurlar arzulamışdır.
Tədbir rayondakı Ayan Palce otelində bədii-əyləncəli proqramla davam etmişdir.