Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndində sakinlərlə səyyar qəbul-görüş keçirilib

21 noyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun sərhəd kəndi olan Ağdam kəndində keçirilmişdir. Tədbirdə Ağdam kənd sakinləri, rayonun   ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açmış və ölkəmizdə sərhəd kəndlərinə göstərilən diqqət və qayğıdan, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra görüləcək işlərdən danışmışdır.
Cənab M. Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmış və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir.
Milli Qəhrəman Naiq Yusifovun atası Nəsir Yusifov çıxış edərək sərhəd kəndində bu tədbirin keçirilməsini, vətəndaşların problemlərinin yerində dinlənilməsi və tədbir görülməsi praktikasının sakinlərin razılığına səbəb olduğunu bildirmiş və ərazidə torpaq islahatının yenidən aparılması, Ağdam kəndinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi məsələsinə toxunmuşdur. Sonra çıxış edən sakinlər içməli su məsələsi, suvarma suyunun verilməsinin təşkili, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, şəkər xəstələri üçün dərmanların vaxtında çatdırılması və digər məsələlərlə bağlı müraciətlər etmişlər. Sakinlər tərəfindən qaldırılan bütün məsələlər üzrə müvafiq tapşırıqlar verilmiş, bəzi məsələlər araşdırılmağa götürülmüşdür.
Çıxış edən sakinlər təmas xəttində rahat yaşayıb işlədiklərini, ordu ilə xalq arasında qarşılıqlı inam və birlik olduğunu qeyd edərək təhlükəsizlikləri təmin olunduğu üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Səyyar qəbul-görüş başa çatdıqdan sonra icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Ağdam kəndinin müxtəlif ərazilərində olmuş, kəndli təsərrüfatlarına, ictima yerlərə baxış keçirmiş, sakinlərlə söhbət aparmışdır.

Keçidlər