Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhəri Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib

17 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya layihəsi çərçivəsində  Tovuz şəhəri Heydər Əliyev Mərkəzində növbəti tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilib.
Şura üzvlərinin, idarə, müəsisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ilk öncə məktəbliləri salamlamış və tədbir iştirakçıları qarşısında çıxış etmişdir.
Cənab M. Məmmədov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından danışaraq  qeyd etmişdir ki, “Ölkəmizi tanıyaq”  devizi altında keçirilən tur-aksiyaların  gənc nəslin hərtərəfli inkişafında , vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsində, ölkəmizdə aparılan genişmiqyaslı tikinti – quruculuq işləri ilə əyani  tanış olmasında müstəsna əhəmiyyəti vardır. M. Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün artıq 10-cu dəfədir ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-askiyası təşkil edildiyini və Tovuz  rayonunun məktəblilərinin də müxtəlif istiqamətlər üzrə şəhər və rayonlarımıza səfər etdiklərini, həmin yerlərin tarixi abidələri, mədəni və görməli yerləri ilə tanış olduqlarını  diqqətə çatdırıb. Növbəti 10-cu tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə təşkil edildiyini söyləyən rayon rəhbəri, məktəblilər arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdin noyabr ayının 18-dən 21-dək həmin rayonlara səfər edəcəklərini bildirib.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dünyada layiqincə tanınaraq qəbul olunur. Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamız dinamik  inkişaf edir,  şəhər və rayonlarımız abadlaşaraq  siması yeniləşir və gözəlləşir.
Azərbaycan “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtını uzatmaqla, Cənub Qaz Dəhlizini yaratmaqla, TAP və TANAP layihələrini uğurla icra etməklə Avropanın enerji təhlükəsizliyində çox mühüm rola malik bir ölkəyə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin böyük əhəmiyyəti vardır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ilə ölkəmiz beynəlxalq logistika mərkəzinə çevrilmişdir. Oktyabr ayının 19-da Türkiyədə “STAR” Neft  Emalı Zavodu istifadəyə verilmişdir. Həmin qlobal layihələr Azərbaycana  bundan sonra da uzun illər boyu böyük gəlirlər gətirməklə onun dünya səviyyəsində yerini daha da möhkəmlədəcəkdir. Azərbaycan dünyanın məhdud sayda olan kosmos ölkələrindən biridir.  Azərbaycanın üçüncü peyki olan  “Azərspace-2” peykinin  orbitə buraxılması  bunu bir daha  göstərdi.
Ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır və Azərbaycan dünya birliyində öz yerini möhkəmləndirir. 2018-ci ilin 9 ayı ərzində cənab Prezident 12 xarici ölkələrə səfər etmiş və 15 dövlət və hökumət  başçısı Azərbaycana səfər etmişdir.
Bu gün ölkəmiz beynəlxalq humanitar forumlara, möhtəşəm dünya çempionatları və Olimpiya idman oyunlarına ev sahibliyi edir.
Ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılır. Azərbaycanımız dünyəvi, tolerant, multikultural dövlət kimi şöhrət qazanmışdır. Gənclərimiz  asudə vaxtlarının səmərəli keçirilməsi və intellektual səviyyələrini yüksəldilməsi məqsədilə hərtərəfli qayğı ilə əhatə olunmuşlar.
Cənab Prezidentimiz, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına  böyük diqqət yetirirlər. Hər il ölkə vətəndaşları pulsuz müayinəyə cəlb olunur, şəhid və əlil ailələrinin, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin qayğıları diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsi olaraq və Azərbaycan Ordusunun hünəri sayəsində  2016-cı ilin aprel döyüşlərində böyük uğurlar əldə olunmuşdur. Dağlıq Qarabağa “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması, orada müasir infrastrukturla yanaşı Şuşa məscidinin bənzərinin tikilməsi  düşmənləri  vahiməyə salmışdır.  
Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanlıları soyqırımının 100 illiyinin qeyd olunması Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında  böyük  rol oynamışdır.
Cənab Prezidentin tapşırığı ilə həyata keçirilən belə tur aksiyalar siz gənc nəslə göstərilən qayğının yeni  parlaq  nümunəsidir.
Çıxış edən müəllimlər, valideynlər və tur iştirakçıları qeyd etdilər ki, bu layihə məktəblilərə vətənpərvərlik tərbiyəsi aşılanmasında, gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında böyük əhəmiyyətə malikdir və əvəzsizdir. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır. Ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüşü yekunlaşdıran M. Məmmədov bu tur-aksiyanın şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd edərək tur-aksiya iştirakçılarına yaxşı yol arzulayıb.
Sonda tur-aksiya iştirakçılarına müasir dizayn olunmuş formalar və mübadilə məqsədilə xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər