Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kənd təsərrüfatının ənənəvi sahələri inkişaf edir.

08 noyabr 2018 | 16:00

 

  08 noyabr 2018-ci il tarixdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi cənab Orxan Mürsəlov  Tovuz rayonunda qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlərlə yerində tanış olmuşlar.
   Rayonda payızlıq əkinlər müvafiq aqrotexniki qaydalara uyğun olaraq davam etdirilir. Hazıradək cari ilin payızlıq əkinləri üçün 18000 hektar sahədə şum qaldırılmışdır. 7010 hektar sahədə payızlıq bitkilər səpilmişdir. Bunlardan 6260 hektarı buğda, 750 hektarı isə arpa bitkisidir. Sahələrdə dən və yaşıl yem üçün payızlıq bitkilərin səpini davam edir. Rayonda kifayət qədər yüksək reproduksiyalı toxum tədarük edilmişdir. Səpin aparılmış sahələrdə suvarılma işləri aparılır.
  Cari ildə Tovuz rayonunun ərazisində 28 sahibkar tərəfindən 50 hektar sahədə tütün əkilmişdir. Bu günədək tütün sahələrində 432 ton yaş tütün istehsal olunmuş və tədarük məntəqələrinə 31 ton qurudulmuş tütün təhvil verilmişdir. Mövsüm ərzində tütünçülüyə 200 nəfər işçi qüvvəsi cəlb edilmişdir.
   Rayonun Aran kəndində tütünçü fermerlər Azad Qurbanov, Namiq Həsənov, Yaşar İsmayılov və digərləri ilə görüş zamanı onların becərdikləri 10 hektar tütün sahəsində hələ də kifayət qədər yaş tütünün olduğu və hazırda tütün yarpağının yığımının davam etdiyi məlum olmuşdur. Eyni zamanda fermerlərin həyətlərində toplanmış quru tütünə baxış keçirilmişdir. Qurudulmuş tütünün Şəki şəhərində tədarük məntəqələrinə təhvil verilməsi  davam edir.
  Fermerlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair  2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanılması və emalı məqsədi ilə Tovuz rayonunda  tütün qurutma məntəqəsinin yaradılmasını xahiş etmişlər.
  Rayonda baramaçılığın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Belə ki, baramacılığın yem bazasının artırılması məqsədilə 2016-ci ildə Çin Xalq Respublikasından gətirilmiş 10000 ədəd, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2125 ədəd, 2017-ci ildə isə Çin Xalq Respublikasından gətirilmiş 3000 ədəd, ayrı-ayrı kəndlərdə isə 5000 ədəd yerli  tut tingləri əkilmişdir. 
   Cari mövsümdə daha  8000 ədəd tut tinginin əkilməsi üçün yerlər ayrılmışdır. Tinglərin 3000 ədədinin Kənd Təsərrüfatı Nazirliyindən, 5000 ədədinin isə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli müəssisələrindən alınacaqdır. Bununla da  rayon ərazisində tut tinglərinin cəmi sayı 28 min ədəddən çox olacaqdır.
   Yerlərdə fermerlərlə ətraflı söhbətlər aparılmış, kənd təsərrüfatının inkişafına göstərilən   dövlət qayğısından danışılmış, lazımi tövsiyələr verilmişdir.

                  

 

 

 

 

 

Keçidlər