Tovuzlu gənclərin bir qrupu təntənəli şəkildə hərbi xidmətə yola salınıb
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2018-ci il tarixli Sərəncamına uyğun olaraq 24 oktyabr 2018-ci il tarixdə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında Tovuzlu çağırışçıların təntənəli hərbi xidmətə yola salma mərasimi keçirilmişdir.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, şəhid ailələrinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və çağırışçılar iştirak etmişlər.
İlk öncə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanından hərbi xidmətə yola düşən gənclər, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılış mərasimində hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndirilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini vermişdir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər ölkəmizin hərbi qüdrətini artırmışdır. İndi ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır.
Cənab M. Məmmədov çağırışçı gənclərə müraciət edərək qeyd etmişdir ki, ordu sizin bir şəxsiyyət kimi formalaşmağınızda böyük rol oynayacaqdır. Hərbi qulluq hər kəs üçün bir kişilik məktəbidir. Biz inanırıq ki, sizlər Vətənin keşiyində ayıq-sayıq dayanacaqsınız! Hər biriniz komandanlığın tapşırığını səylə yerinə yetirməklə hərbi texnikanı dərindən öyrənəcəksiniz. Milli varlığımızın qarantı olan orduda xidmət çox böyük şərəfdir. Ona görə də bu müqəddəs və məsuliyyətli işinizdə sizlərə uğurlar arzulayıram.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi vəzifəsinin icraçısı mayor Ceyhun Əliyev çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlərdən, Azərbaycan ordusunun hərbi qüdrətindən və rəşadətindən danışmış, çağırışçı gənclərə vətənə sədaqətlə xidmət etməyi, komandirlərinin bütün əmrlərini yerinə yetirməyi, mərd və mübariz, intizamlı əsgər olmağı tövsiyyə etmiş, xoş arzularını bildirmişdir.
Çıxış edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin Tovuz rayon şöbəsinin sədri Əli Əliyev, şəhid atası Bayram Hümbətov, valideyin Lətif Hüseynov, çağırışçı Hilal Xəlilov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, sağ gedib salamat qayıtmağı arzulamışlar.
Tədbirdə ərazidəki “N” saylı hərbi hissənin kəşfiyyat bölüyü nümunəvi hərəkətlər nümayiş etdirmiş, Tovuz rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin musiqi nömrələri dinlənilmişdir.
Tədbirin sonunda hərbi orkestirin müşayəti ilə çağırışçılar Azərbaycan bayrağının və müqəddəs Qurani-Kərimin altından keçərək hərbi hissələrə yola düşüblər.