Tovuzda “ASAN xidmət”in fəaliyyətindən 2500 nəfər yararlanıb
Məlumat verdiyimiz kimi, səyyar “ASAN xidmət” 06 oktyabr tarixindən etibarən Tovuzda fəaliyyət göstərir. Səyyar xidmət avtobusu Tovuz şəhəri, Sabir küçəsində (mərkəzi poçtla üzbəüz) Tovuz rayonu ilə yanaşı Gəncə və Naftalan şəhərləri, Qazax, Ağstafa, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Daşkəsən, Goranboy, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan sakinlərə də xidmət göstərilir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olunmaqdır.
Burada göstərilən xidmətlərə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər funksional yardımçı xidmətlər daxildir.
Bu günə kimi 2500 nəfər xidmətin fəaliyyətindən yararlanıb.
Məlumat üçün bildiririk ki, Səyyar “ASAN xidmət” Tovuz şəhərində 2018-ci il noyabrın 03-dək vətəndaşlara xidmət göstərəcək.
Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.