Tovuzda “27 Sentyabr- Anım Günü” qeyd olunub
Tovuz şəhər Şəhidlər Xiyabanında “27 Sentyabr-Anım Günü” ilə əlaqədar tədbir təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmişdir. RİH başçısı qeyd etmişdir ki, bu gün müharibənin başlanmasından 5 il ötür. Amma şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Zəfərimiz sanki dünən baş vermiş kimi yaddaşlarımızdadır. Şəhidlərimiz təkcə torpaq yox, həm də milli heysiyyətimizi, gələcəyimizi qorudular. Biz bu ağrını və qüruru eyni anda yaşayırıq. Onların qanı ilə yazılmış tarix heç vaxt unudulmayacaq. Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir və daim yaşayacaq. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə göstərmiş, bir yumruq kimi Müzəffər Ali Baş Komandanımızın ətrafında birləşərək böyük Zəfərə nail olmuşlar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev qeyd etmişdir ki, 27 Sentyabr xalqımızın həm hüzn, həm də qürur günüdür. O, Vətən müharibəsində qazanılmış Qələbənin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin göstəricisi olduğunu vurğulayaraq, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının ölkə rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu bildirmişdir.
Daha sonra Vətən müharibəsi şəhidi Əfşan Hüseynovun atası Əbülfəz Hüseynov, şəhid Emin Ələsgərovun həyat yoldaşı Səmayə Həsənova və Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunmuş, Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi və əbədi məşəl önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Saat 12:00-da isə respublika üzrə olduğu kimi, Tovuz rayonu ərazisində də şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.






