Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirilib

18 oktyabr 2018 | 16:00

  Oktyabrın 18-də Tovuz rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirilib. İclasda rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov məruzə ilə çıxış edib.
   Cənab M. Məmmədov ilk öncə yığıncaq iştirakçılarını Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib. 
  Sonra bu il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr, cənab Prezidentin tapşırıqları barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verilmişdir.  
   Qeyd edilmişdir ki, 2018-ci ilin doqquz ayınının sosial-iqtisadi inkişafının nəticələri rayonumuzda da müsbət olmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə bu il rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 0,8 faiz  artmışdır. Sənayedə artım 0,2 faiz, tikintidə 2,1 dəfə, nəqliyyatda 4 faiz, rabitədə 11 faiz, ticarətdə 1,1 faiz olmuşdur.
    Qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafı sahəsində aparılan işlər daim diqqət mərkəzində saxlanılır.
İlin doqquz ayında rayon üzrə 164 milyon 583 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
    Cari ilin məhsulu üçün rayonda 36 min 484 hektar sahədə kənd təsərrüfat bitkiləri əkilmişdir. Bundan 65 min 798 ton dənli bitkilər, 3 min 200 ton qarğıdalı, 141 min 477 ton kartof, 25 min 19 ton tərəvəz, 574 ton bostan bitkiləri, 61 ton günəbaxan, 18 min ton şəkər çuğunduru,  9 min   874 ton meyvə və giləmeyvə, 7 min 375 ton üzüm,  28 min 684 ton yem bitkiləri istehsal olunmuşdur. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,1 faiz artaraq 32,1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 32,4 sentner olmuşdur. Respublikanın orta göstəricisindən yüksək olmasına baxmayaraq,  bu göstəricini heç də qənaətbəxş hesab etmək olmaz. Rayonumuzda torpaq imkanlarının məhdudluğunu nəzərə almaqla biz taxılçılıqda intensiv inkişafa nail olmalıyıq.
     Bu mövsümdə fermerlərimiz istixanalarda yetişdirilmiş məhsulun satışından  3 milyon 813 min manat, qızdırılmayan selofan altı yerkökü  əkinlərindən isə 3 milyon 500 min manat gəlir əldə etmişlər. Bu gəlirli sahənin genişləndirilməsi üçün müasir tipli istixanaların tikintisi planlaşdırılır.
    Cənab Prezident çıxışında üzümçülük və şərabçılıq məsələləri üzərində xüsusi dayanmış və bunun ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətini qeyd etmişdir. Eyni zamanda bildirmişdir ki, “üzümçülük mənzərəni də gözəlləşdirir,  bölgəyə tam yeni bir mədəniyyət gətirir”.
    Son illər rayonda fermerlər üzümçülüyün dirçəldilməsinə maraq göstərirlər. Hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır.  Bu il rayonda 7 min 375 ton məhsul istehsal olunmuşdur.  Bu ötən illə müqayisədə 1094 ton çoxdur. Məhsul yığımı davam edir. Cari ildə 5 hektar sahədə yeni üzüm bağları salınmışdır.
     Üzümçülüyün inkişafı özü ilə bərabər emal sənayesinin yaradılması zərurətini də ortaya qoyur. Bizdə müasir texnologiya  əsasında mini şərab zavodlarının qurulmasına ehtiyac vardır. Bunun üçün sahibkarlara müraciət edir və onlara lazımi dəstəyimizi təklif edirik. 
     Rayonda kənd təsərrüfatının ənənəvi sahələri inkişaf edir. 2016-cı ildə rayon üzrə cəmi 1 ton 560 kiloqram, 2017-ci ildə 6 ton 870 kiloqram barama istehsal edildiyi halda cari mövsümdə barama istehsalı 9 ton 781 kiloqrama çatdırılmışdır. Baramaçılığın inkişafı istiqamətində həyata keçirdiyimiz tədbirlər növbəti illərdə bu sahənin daha da genişləndirilməsinə imkan verəcəkdir. Bundan ötrü ilk növbədə yem bazasının müəyyən edilməsi və barama otaqlarının hazırlanması zəruridir. Ona görə də gecikmədən bu işlərə başlanması təşviq olunmalıdır.  
   Nazirlər Kabinetinin iclasında tütünçülüklə bağlı aparılan işləri təhlil edərkən cənab Prezident bu sahənin inkişafının əhəmiyyətindən, iqtisadi səmərəsindən danışmışdır. Biz də bu il 50 ha sahədə tütün əkmişik və bu sahədə 200 nəfər işçi qüvvəsi çalışır. Hazırda tütün sahələrində məhsul yığımı başa çatmaq üzrədir. Sahələrdə yetişdirilən tütün yarpaqları qurudulmuş və tədarük məntəqələrinə verilmək üçün hazır vəziyyətdədir. Artıq qurudulmuş tütünün tədarük məntəqələrinə daşınmasına başlanılmışdır.
     Rayonda heyvandarlığın inkişafı məsələləri diqqət mərkəzində saxlanılır.  Hesabat dövründə rayonda  6 min 478 ton ət, 30 min 24 ton süd, 15 milyon 280 min ədəd yumurta, 410 ton yun  istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə  ət istehsalı  71 ton, süd istehsalı 120 ton, yumurta istehsalı 300 min ədəd, yun istehsalı 500 kiloqram artmışdır.
    Rayonda heyvandarlıq istiqamətli Aqroparkın tikintisi başa çatmaq üzrədir. Hesab edirik ki, burada heyvandarlıqda məhsuldarlığın artırılması hesabına ümumi məhsul istehsalının artımı da təmin olunacaqdır.  Eyni zamanda Aqroparkda 100 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.
   Rayon iqtisadiyyatına özəl sərmayənin cəlb olunması əsas hədəfimizdir. Hesabat dövründə iqtisadiyyatımıza 32 milyon 523 min manat investisiya qoyulmuş, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur. İnvestisiyanın 11 milyon 701 min  manatı qeyri-dövlət, o cümlədən, 4 milyon 438 min manatı özəl sərmayədir.
    Nazirlər Kabinetinin iclasındakı yekun nitqində cənab Prezident demişdir: “İlk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”. Cənab Prezidentin bu çağırışları kənd təsərrüfatının davamlı inkişafı üçün əsas istiqamətdir və fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq.
      Cənab Prezident çıxışında meliorasiya və irriqasiya işlərinə geniş yer ayırmış, bu sahədə ölkədə çox böyük işlər görüldüyünü xüsusi vurğulamışdır.
Bizim rayonda da torpaqların su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür. Tovuzçay su anbarı üzərində nasos stansiyasının quraşdırılması başa çatdırılmışdır. Hazırda “Ağdağ” adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinin yuxarı sahələrinə suyun vurulması üçün ikinci pillə nasos stansiyasında quraşdırma işləri aparılır. Cənab Prezidentin sərəncamına əsasən  2018-ci ildə rayonda 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hal-hazırda subartezian quyularında son tamamlama işləri görülür.   Növbəti ildə də bu işlər davam etdiriləcəkdir.
    Əvvələr dediyimiz bir fikri bir daha təkrar edirik ki, torpaqların dayanıqlı suvarma suyu ilə təmin edilməsi  üçün sınaqdan çıxmış texnologiyaların tətbiq olunmasına önəm verilməlidir. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi, Aqrolizinq ASC-nin rayon şöbəsi, Suvarma Sistemləri idarəsi bu sahədə fermerlər arasında maarifləndirmə işlərini daha da genişləndirməlidirlər.
      Hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən hüquqi və fiziki şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə 33 layihə üzrə  4 milyon 645 min manat  kredit verilmişdir. Digər banklardan 6 min 513 fiziki şəxsə 17 milyon 232 min manat vəsait verilmişdir.
      Rayonda doqquz ay ərzində 1692 yeni iş yeri açılmışdır. Bunlardan 987-si daimi iş yerləridir.
     2018-ci ilin 9 ayı ərzində rayon üzrə 413 ailəyə elektron müraciət əsasında ünvanlı dövlət sosial yardımı ödənilib ki, bunun da aylıq məbləği  66 min 780 manat təşkil edir.
   Bu məsələ ilə əlaqədar cənab Prezident qeyd etmişdir ki, özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə olacaq. Eyni zamanda, bu gün  sosial yardım alan ailələr dövlət tərəfindən onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar.
    Özünüməşğulluq proqramına uyğun olaraq hesabat dövründə rayon üzrə 172 nəfər təlim kurslarına cəlb edilmiş və 66 nəfər qiymətləndirmədən keçmişdir. Yaxın vaxtlarda onlara müvafiq qaydada əməli dəstək göstəriləcəkdir.
    Rayonda vergilərin ödənilməsi sahəsində müsbət dinamika müşahidə olunmaqdadır. Rayon üzrə təsdiq olunmuş 7 milyon 370 min manat proqnoza qarşı 9 milyon 852 min manat büdcəyə vəsait daxil olmuş, proqnoz 133,7 faiz yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən büdcəyə 2 milyon 567 min manat çox vəsait daxil olmuşdur. Rayonun xərcləri 91,8 faiz icra olunmuşdur. Yerli xərcləri tənzimləmək üçün dotasiya alınmamış, xərclər tam olaraq rayonun gəlirləri hesabına həyata keçirilmişdir.
   Bununla yanaşı doqquz ayın yekununa görə bəzi vergi növləri üzrə proqnoz yerinə yetirilməmişdir. Ona nail olmaq lazımdır ki, bütün vergi növləri üzrə proqnozlar yerinə yetirilsin. Cənab Prezidentin göstərişlərinə uyğun olaraq uçot sisteminin qurulmasında və kölgə iqtisadiyyatına qarşı mübarizənin təşkilində vergi orqanlarına hər cür kömək göstərilməlidir. Sahibkarların, hüquqi və fiziki şəxslərin vergidən yayınma hallarının qarşısı qətiyyətlə alınmalıdır. Bu sahədə şəffaflığa tam nail olunmalı, korrupsiya və rüşvətxorluğa şərait yaradan hallar aradan qaldırılmalıdır.
    Rayonun elektrik təsərrüfatı keçən əsrin 60-70-ci illərində istismara verilmişdir. Uzun illər elektrik verilişi xəttlərinin tikintisi və yenidən qurulması sahəsində yenilənmə işləri aparılmadığına görə elektrik avadanlıqları, dayaqlar, naqillər istismar müddətini başa vurmuşdur. Yeni salınan yaşayış massivlərinin enerji təchizatı primitiv qaydada vətəndaşların özləri tərəfindən kortəbii olaraq quraşdırılmışdır. Dağlıq ərazilərdə vəziyyət daha ağırdır. Bəzi yerlərdə dayaqlar çürüyərək sıradan çıxmış, yüksək gərginlikli elektrik naqilləri yer səthinə yaxın səviyyəyə enmişdir. Bu da ətrafdakılar üçün təhlükə mənbəyidir. Elektrik təsərrüfatında müəyyən yenilənmə, təmir-bərpa işləri aparılsa da bunlar təsərrüfatın dayanıqlı istismarı üçün yetərli deyildir. Qarşıdan gələn qış fəsli bu sahədə əsaslı dönüş yaradılmasını daha zəruri edir. Ona görə də müvafiq tədbirlər görülməli, əhalinin enerji təchizatında olan nöqsanlar aradan qaldırılmalıdır. 
    “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixli  Sərəncamına əsasən  bu il rayonun Hunanlar və Əhmədabad kəndlərində qazlaşdırılma işləri aparılmışdır. Bununla da rayonda qazlaşmanın səviyyəsi 90 faizə çatacaqdır. Hələ də rayonun dağlıq ərazilərində yerləşən 50 yaşayış məntəqəsində 3041 abonent  qazlaşdırılmamışdır. Eyni zamanda qazlaşdırılmış yaşayış məntəqələrinin yeni massivlərində 1825 abonentin qazlaşdırılmasına ehtiyac vardır. Bu istiqamətdə mükəmməl təkliflər paketi hazırlanaraq aidiyyəti instansiyalara təqdim olunmuşdur.
   Əhalinin içməli su ilə təminatı sahəsindəki  problemlər və görülən işlər barədə biz ötən hesabatımızda ətraflı məlumat vermişdik. Həyata keçirdiyimiz tədbirlər nəticəsində yay mövsümündə şəhər əhalisinin içməli su təminatını əsasən ödəyə bildik. Hazırda cənab Prezidentin müvafiq Sərəncamları əsasında Tovuz şəhərinin, eləcə də Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinin içməli su təminatı layihələri icra olunmaqdadır. Yaxın 2-3 ay ərzində bu layihələrin icrası tam başa çatdırılacaqdır. 
    Bunlarla yanaşı istər şəhər, istərsə də kəndlərdə əhalinin su ilə təminatındakı subyektiv amillər hələ də tam aradan qaldırılmamışdır. Tovuz Su-Kanal idarəsinin rəhbərliyi bilavastə işin təşkili  ilə bağlı nöqsanların  aradan qaldırılmasını təmin etməlidir. 
    Rayonda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. 10 mindən çox əhalinin yaşadığı 12 yaşayış məntəqəsinin birləşdirən Əsrik Cırdaxan-Kirən-Saladınlı kəndlərarası avtomobil yolunun tikintisi davam etdirilmiş və yolun 19,5 kilometrinə asfalt örtük qoyulmuşdur. Hazırda həmin layihə çərçivəsində 4,5 km uzunluğunda Molla Ayrım-Yanıqlı və 8 km uzunluğunda Baqqallı-Saladınlı-Çataq kəndlərarası yolların hamarlanması, qum-çınqıl örtüyü ilə təmir olunması işləri həyata keçirilir.
    Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq rayon ərazisində mövcud olan bütün kəndlərarası yolların inventarizasiyası aparılmış və əsaslı təmirə ehtiyacı olan yollar barədə təkliflər hökumətə təqdim edilmişdir.
     2018-ci ilin doqquz ayı ərzində rayonda müxtəlif istiqamətlərdə tikinti quruculuq və abadlıq işləri görülmüşdür.
Tovuz şəhərinin Həzi Aslanov küçəsi və Heydər Əliyev prospektində  səkilərə 2860 kvm tomet tavalar döşənmiş, 2025 metr uzunluqda beton bort daşları düzülmüşdür, Qovlar şəhərinin Vağzal küçəsində səkilərə bardürlar düzülmüş, asfalt örtük salınmış və Dostluq parkında abadlıq işləri görülmüşdür. Tovuz şəhərində beş küçəyə  asfalt döşəmə vurulmuşdur. “Çoxmənzilli binaların təmiri” işləri üzrə 12 ədəd iki mərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır.
    Bu il sentyabrın 15-də Ağbulaq kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Qoşa, Qayadibi, Sarıtala, Hacıhəsənlı, Qaralar və Şamlıq kəndlərində modul tipli məktəblərin quraşdırılması işləri davam etdirilir. Qovlar İnternat Məktəbində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Qovlar şəhərində 2 saylı körpələr evi-uşaq bağçasının tikintisi aparılır. Bu günlərdə Alakol kəndində 760 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır. Bundan sonra da sosial infrastrukturla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
       Tovuz şəhərində “Tarix Diyarşünaslıq Muzeyi” və “Bayraq Muzeyi”nin tikintisində işlər əsasən başa çatmışdır.   Region əhalisinə xidmət göstərəcək “ASAN xidmət” mərkəzinin tikintisində işlər sürətlə  davam etdirilir.
       İclasda qanunsuz tikililər məsələsinə toxunan cənab Prezident qeyd etmişdir ki, “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz”.
    Müşahidələr göstərir ki, bizim rayonumuzda da qanunsuz tikililər aparılması hallarına yol verilir. Aidiyyatı qurumlar tərəfindən lazımi maarifləndirmə aparılmadığından və lazımi tələbkarlıq göstərilmədiyindən vətəndaşlar heç bir icazə və məlumatlandırma icraatı olmadan tikililər aparır. İcra nümayəndələri, bələdiyyələr, xüsusən İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi bu sahədə qanunçuluğa ciddi əməl olunmasını təmin etməlidirlər.
     Cənab Prezident həmçinin binaların həyətlərinin abadlaşdırılması, orada yaşlı insanlar, eyni zamanda uşaqlar üçün şərait yaradılması, qanunsuz tikililərin sökülməsi barədə göstəriş vermişdir. Rayonumuzda da əlaqədar qurumlar bütün ictimai yaşayış binalarının həyətlərindəki vəziyyəti yerində öyrənməli, müvafiq tədbirlər görməli və təkliflər verməlidirlər.
   Son vaxtlar rayonda ətraf mühitin mühafizəsi, məişət tullantılarının yığılması sahəsində müəyyən irəliləyiş müşahidə olunur. Lakin görülən işləri hələ qənaətləndirici hesab etmək olmaz. Vaxtilə yerlərdə fəaliyyət göstərmiş “Təmizlik” müəssisələrinin fəaliyyətinin qısa müddət ərzində bərpa olunması barədə tapşırıqlar verilmişdir.  Biz ona nail olmalıyıq ki, hər yerdə təmizlik, səliqə səhman olsun. Plastik tullantıların yığılması üçün parklarda tutumların qoyulması təqdirəlayiq bir işdir. Şəhərin digər yerlərində də bunların sayının artırılmasını vacib hesab edirik.  
  Təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclərlə iş, hərbi vətənpərvərlik tərbiyəsi, bədən tərbiyəsi və idman sahələrində, məktəbəqədər təhsil müəssisələrində aparılan işlər davam etdirilir.  İctimai  birliklər, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə fəaliyyətimizi qarşılıqlı şəkildə qururuq. İctimai-siyasi vəziyyət və kriminogen durum sabitdir. Radikal-dini təriqətlərə meylli qruplar yoxdur.
     Hesabat dövründə “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq  RİH başçısı yanında Şuranın  iclaslarının vaxtlı-vaxtında keçirilməsi təmin olunmuş, yerlərdə İH başçısının səyyar qəbul-görüşləri keçirilmiş, vətəndaşların yazılı və şifahi müraciətlərinə  baxılmışdır.
       Hesabat yığıncağında Statistika idarəsinin rəisi Niyazi  Tağıyev, Telekommunikasiya qovşağının rəisi Səbuhi Hüseynov, Hacıalılı kənd icra nümayəndəsi Sahib Quliyev, “Tovuz Aqro” MMC-nin direktoru Arzuman Əhmədov, “Azərxalça” ASC Tovuz filialının direktoru Sarıtel Xəlilova çıxış edərək rayonun sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən, əhaliyə göstərilən rabitə xidmətindən, sərhəd kəndlərinin həyat tərzindən, sahibkarlığın inkişafı və ona göstərilən dövlət qayğısından, əhalinin məşğulluğu sahəsində görülən işlərdən danışmışlar.
        Geniş Şura iclasında rayonun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr barədə müvafiq qərar qəbul edilmişdir.

 

 

 

Keçidlər