Türk Dünyası yazar, jurnalist və siyasi icmalçıları Tovuz rayonunda Ermənistanla ön cəbhədə Əlibəyli və Ağdam kəndlərində olublar
8 noyabr 2012-ci il tarixdə Milli Məclisin deputatı Qənirə Paşayeva və Türk dünyasının 12 bölgəsini təmsil edən 18 jurnalist, yazar və icmalçıdan ibarət qrup Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən “Gəldik, gördük, yazdıq” layihəsi çərçivəsində Tovuz rayonunda olmuşlar. Qonaqlar Tovuz şəhərinin girəcəyindəki “Qala” kompleksində qarşılanmış, burada ölkəmizin tarixi, mədəniyyəti və ərazilərini əks etdirən eksponat və xəritələrlə tanış olmuşlar. Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov Türk yazarlar birliyinin nümayəndələrinə Tovuzun tarixi, mədəni həyatı və sosial iqtisadi inkişafı barədə geniş məlumat vermişdir. Layihənin əsas məqsədi türk dünyasının ortaq problemi olan Dağlıq Qarabağ mövzusunun iştirakçı ölkələrin nümayəndələri tərəfindən işıqlandırılmasıdır.
Qonaqlar rayonun Ermənistanla həmsərhəd olan Əlibəyli və Ağdam kəndlərinə baş çəkmiş, ön cəbhədə müşahidələr aparmış və yerli sakinlərlə görüşmüşlər. Məlumat verilmişdir ki, elan olunmuş atəşkəs ermənilər tərəfindən tez-tez pozulur.
Qonaqlar Tovuz şəhərindəki şəhidlər xiyabanını ziyarət etmişlər. Sonra isə Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olmuş, Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Ozan sənəti muzeyinə və “Göytəpə” qədim yaşayış məskəninə baş çəkmişlər.