Tovuz şəhərində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş oktyabrın 10-də Tovuz şəhərində keçirilmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açmış və Tovuz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən danışmış, iştirakçıları onları maraqlandıran məsələlərlə bağlı fəal olmağa çağırmışdır.
Cənab M.Məmmədov oktyabr ayının 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının keçirildiyini diqqətə çatdırmış və cənab Prezidentinin çıxışında qarşıya qoyulan vəzifələrdən danışaraq bunun mükəmməl fəaliyyət proqramı olduğunu qeyd etmişdir.
Bundan sonra Tovuz şəhər sakinləri son vaxtlar Tovuz şəhərində icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək şəhərin sosial-iqtisadi inkişafı və şəxsi problemləri ilə bağlı bir sıra məsələləri dilə gətirmişlər.
Sakinlər şəhərin küçələrinə asfalt-beton örtük qoyulması işlərinin davam etdirilməsi, elektrik təsərrüfatında olan nasazlıqların aradan qaldırılması, şəhərin M.Musayev küçəsi ərazisində körpələr evi-uşaq bağçasının açılması, həmin küçədəki çoxmənzilli binaların həyətinin abadlaşdırılması, içməli su və kanalizasiya sistemlərində olan qüsurların aradan qaldırılması, iş tələbi, sosial müdafiə məsələləri barədə təklif və tənqidi qeydlərlə çıxış etmişlər.
Vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirilmiş, qanunauyğun izahatlar verilmiş, həlli istiqamətində tədbirlərin görülməsi aidiyyatı qurumlara tapşırılmışdır.
Səyyar qəbul-görüşün sonunda cənab M.Məmmədov sakinlər tərəfindən qaldırılan bütün məsələlərin araşdırılacağını, mərhələlərlə icra olunacağını və şəhər ərazisində abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.