Tovuz rayonunda Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir
Tovuz rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon prokurorluğunun işçiləri və hüquq mühafizə orqanlarının rəhbərləri ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açmış və qeyd etmişdir ki, 1 oktyabr Azərbaycan Respublikasında Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu bayramın 1 oktyabr tarixində qeyd olunmasının tarixi kökləri vardır. Belə ki, Azərbaycan Xalq Cümhüriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Prokurorluq orqanları fəaliyyətə başlamışdır. Azərbaycan Prokurorluğu həm Sovetlər dönəmində, həm də müstəqillik illərində çətin və şərəfli bir yol keçmişdir. Dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə “1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis edilmiş və həmin vaxtdan etibarən bu gün prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu il həm də prokurorluq orqanlarının fəaliyyətə başlamasının 100 illik yubileyidir.
Sonra prokurorluq orqanlarının yaradılmasının 100 illiyi münasibəti ilə Tovuz Rayon Prokuroru, baş ədliyyə müşaviri Elçin Qəhrəmanov çıxış etmişdir. E. Qəhrəmanov prokurorluq orqanlarının fəaliyyətindən, 100 il ərzində keçdiyi şərəfli yoldan danışmış və onların əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbirdə Tovuz Rayon Məhkəməsinin hakimi Nofəl Mustafayev, Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədov, Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi, rayon Qadınlar Şurasının sədri Kifayət İsmayılova, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Binnətov çıxış edərək prokurorluq orqanlarının fəaliyyətindən danışmış, yubley və peşə bayramı münasibətilə təbriklərini çatdırmışlar.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab M. Məmmədov yekunlaşdıraraq bildirmişdir ki, bu gün Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəlləyir. Xalqımızın firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradılmışdır. Həm ölkə miqyasında, həm də regionlar səviyyəsində inkişafimız yüksələn xətlə davam edir. Dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Xalqımızın qazandığı bütün uğurlar 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata kçirilən müasir dövlətçilik siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev siyasi kursunun təntənəsidir.Təbii ki, bu uğurların qazanılmasında Prokurorluq orqanlarının da özünə məxsus yeri vardır. Hörmətli cənab Baş prokuror Zakir Qaralovun rəhbərliyi ilə prokurorluq əməkdaşları hər zaman qanunçuluğun keşiyində ayıq-sayiq dayanmış, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlət quruculuğuna öz dəyərli töhfələrini vermiş, vətəndaşların hüquqlarının etibarlı müdafiəsini təmin etmişlər. Əminliklə deyə bilərik ki, bundan sonra da prokurorluq orqanları, o cümlədən onun mübariz dəstələrindən biri olan Tovuz rayon prokurorluğu hüquqi dövlət quruculuğu, ictimai-siyasi sabitliyin qorunması, əmin-amanlığın təmin olunması sahəsində üzərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirəcəkdir.
Sonda cənab M. Məmmədov Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyi münasibəti ilə prokurorluq işçilərini təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.