Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi qeyd olunmuşdur

24 oktyabr 2012 | 15:00

Oktyabrın 23-də Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə tər çiçək dəstələri düzmüşlər.
Sonra Tovuz şəhərindəki “Dastan” istirahət mərkəzində davam etdirilən mərasimdə YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış etmişdir. Partiyanın yaranma tarixindən danışan məruzəçi bildirmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaos, hərc-mərclik, ərazilərimizin düşmən tərəfindən işğalı, mərkəzi dövlət hakimiyyətinin zəifləməsi, səriştəsiz, avantürist liderlərin yarıtmaz siyasəti nəticəsində ölkə tənəzzülə doğru gedirdi. Belə bir vaxtda insanların şüurunda, qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu, xilaskar obrazı canlanırdı. Azərbaycan xalqı məhz bu dövrdə Heydər Əliyevə üz tutmuş, ölkənin nicatı naminə onu siyasi həyatda daha fəal iştirak etməyə çağırmışdır. Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirmişdir. 1992-ci il noyabrın 21-də Naxçıvan Dram Teatrının binasında YAP-ın təsis qurultayı keçirilmiş, ümummilli liderimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil olmuşdur. Son illərdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin, qəbul edilmiş böyük dövlət proqramlarının yerinə yetirilməsinin, bütün region ölkələrində və beynəlxalq aləmdə heyrət doğuran böyük iqtisadi sıçrayışın təhlili göstərir ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı ölkəyə və partiyaya rəhbərliyi İlham Əliyevə etibar etməklə özlərinin ulu öndərimiz Heydər Əliyev siyasətinə sədaqətini, inamını nümayiş etdirmişdir. Xalqımız bunun bəhrəsini gündən-günə daha çox hiss etməkdədir.
Bildirilmişdir ki, hazırda 111 ərazi ilk partiya təşkilatının birləşdirən YAP Tovuz rayon təşkilatının sıralarında 6,5 mindən çox üzv vardır.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, YAP Siyasi Şurasının üzvü Firdovisi Əliyev və YAP icra aparatının məsul işçisi Rafael Gülməmmədov çıxışlarında Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin qorunmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında partiyanın mühüm rol oynadığını bildirmişlər. Natiqlər YAP-ın ölkənin nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini bir daha xatırlatmış, ulu öndərin ideya və arzularının bu gün partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Sonda YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.
 

Keçidlər