Tovuz dinamik inkişaf edir
Son illərdə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra mühüm qərar və sərəncamlara əsasən respublikada qeyri-neft sektoru sürətlə inkişaf edir. Ölkədə rəqabətədavamlı, ixracyönümlü məhsulların istehsalının artan dinamikası müşahidə olunur. Bölgələrdə aqrar sahənin inkişaf etdirilməsi üçün bütün zəruri tədbirlər görülür. Kənd təsərrüfatı məhsullarının ən çox istehsal edildiyi Tovuz rayonunda da aqrar sahənin inkişaf etdirilməsi üçün əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunur. Tovuz bu gün kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində respublikada ön sırada gedən rayonlardan biridir. Rayon rəhbərliyi fermerlərin bütün arzu və təkliflərinə həssas yanaşır, onlara maksimum səviyyədə köməklik göstərir. Bunun nəticəsidir ki, aqrar sahənin bütün sahələrində yüksək məhsuldarlıq əldə olunur. Rayonda taxıl biçini uğurla başa çatmış, 19350 ha sahədə buğda biçilərək 63000 ton (hər ha-dan 32 s), 1061 ha sahədə arpa biçilərək 2780 ton məhsul tədarük edilmişdir.
Tovuz rayonu kartofçuluğun yüksək inkişaf etdiyi rayonlardan biridir. Rayonda istehsal olunan keyfiyyətli məhsul respublika bazarlarında bolluq yaradır, bununla yanaşı, məhsulun bir hissəsi soyuducu anbarlara yığılır. Cari ildə Tovuzda 6628 ha sahədə kartof əkilmişdir. 85000 ton məhsul yığılmışdır. Hal-hazırda sahələrdə kartof yığımı sürətlə davam etdirilir. Bu sahədə məhsuldarlıq hər hektardan 300-350 s təşkil edir.
Tovuz rayonu 1970-ci illərin əvvəlindən başlayaraq üzümçülüyün inkişafında qabaqcıl yerlərdə dayanaraq inanılmaz məhsuldarlığa nail olmuşdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi üzümçülüyün inkişafı da tamamilə tənəzzülə uğradı. Ancaq dövlət başçısı İlham Əliyevin üzümçülüyün inkişafı ilə bağlı verdiyi tapşırığa əsasən Tovuzda rayon iqtisadiyyatının əsasını təşkil edən bu gəlirli sahədə irəliləyiş əldə edildi. Rayonda hal-hazırda 725 ha üzüm bağı mövcuddur. Bağlarda cürbəcür süfrə sortları ilə yanaşı, texniki növ üzüm də yetişdirilir. Hazırda tez yetişən üzüm sortlarının yığımına başlamışdır. Üzüm sahələrində hər hektardan 300-350 sentner məhsul gözlənilir.
Rayonda baramaçılığın inkişaf etdirilməsi üçün də münbit şərait yaradılmışdır. 2018-ci ildə 81 nəfər kümçüyə 260 qutu yəni 4892 qram ipək qurdu paylanmışdır. Kümçülər 9871 kq yaş barama istehsal ediblər. Baramaçılığın inkişaf etdirilməsi üçün rayonda kifayət qədər tut tingləri əkilmişdir.
Tovuzun əlverişli iqlimi və münbit torpağı gəlirli sahə sayılan tütünçülüyün inkişaf etdirilməsinə zəmin yaradır, ildən-ilə tütün əkilmiş sahələr çoxalır. 2018-ci ildə 50 ha sahədə tütün əkilmişdir. Hazırda tütün sahələrində yığım sürətlə davam etdirilir. Hal-hazıra qədər 200 tondan artıq yaş tütün yarpağı tədarük edilmişdir, bu sahədə 180 nəfər işlə təmin olunmuşdur. Rayonda maldarlığın inkişafı da diqqət mərkəzində saxlanılır. Rayonda iribuynuzlu mal-qaranın sayı 46553 baş, inək və camışlar 18180 baş, qoyun və keçilər 240 min baş təşkil edir. 402 baş inək süni yolla mayalanmış, hal-hazıradək 219 baş cins buzov əldə edilmişdir. Qeyd etmək lazımdır ki, süni mayalanma yolu ilə doğulan hər buzov üçün dövlət 100 AZN civarında subsidiya verir. Məlum olduğu kimi respublikada aqrar sahənin inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə respublikanın müxtəlif bölgələrində 16 ədəd müasir standartlara tam cavab verən aqroparkların yaradılması təmin edilmişdir. Bu vacib sərəncamdan tovuzlular da bəhrələnmişlər, belə ki, aqroparkın biri də Tovuz rayonunun Ceyrançöl ərazisində yaradılması nəzərdə tutulmuşdur. Hazırda 12 ha ərazidə 1000 başlıq ətlik heyvandarlıq kompleksinin tikintisi davam etdirilir. Heyvandarlıq kompleksinə 3 km-lik su xəttinin çəkilişi başa çatmışdır. 13 km-lik məsafədə qaz xəttinin çəkilişinə başlanmışdır. 500 ha əkin sahəsinə 12 ədəd müasir suvarma qurğuları qurlaşdırılıb. Əkin sahələrində bitkilərin becərilməsi üçün 16 ədəd müxtəlif markalı texnikalar alınmışdır. Aqroparkın ərazisində 450 ha dənlik və silosluq qarğıdalı, 50 ha sahədə isə çoxillik yonca bitkisi əkilərək aqrotexniki qaydada qulluq edilir. Heyvanların yemlənməsi üçün kifayət qədər şirəli və qaba yem tədarük olunmuşdur. Hazırda kompleksin tikintisində 100 nəfərdən artıq işçi çalışır. Tikinti tam başa çatdıqdan sonra isə burada 70 nəfərdən çox rayon sakini daimi işlə təmin olunacaqdır. Qeyd etmək lazımdır ki, kompleksdə istehsal olunan ekoloji təmiz heyvandarlıq məhsulları daxili bazarlarda satılmaqla yanaşı, xarici ölkələrə də “Made in Azerbaijan” brendi altında ixracı nəzərdə tutulur ki, bu da respublikaya valyuta axınına zəmin yaradacaqdır. Tovuz “ AQRO” MMC-nin sahəsi 360m2 olan ofis binası, yeməkxana binası, 6 ailəlik müasir avadanlıqlarla təmin olunmuş yataqxana binası, 2 ədəd anbar, 30 tonluq taxıl qurudan 4 ədəd bunkerlər, hər biri 2000 tonluq olan 4 ədəd silos quyusu, maşın mexanizmlərin saxlanması üçün qaraj binası və təmir sexinin tikintisi başa çatmışdır. 1000 başlıq heyvandarlıq kompleksində 4 ədəd fermanın tikintisi davam etdirilir. Bundan başqa su kanalizsiya elektrikləşmə və nasos qurğularında layihəyə uyğun olaraq işlər davam etdirilir.
Tovuz “AQRO”MMC tərəfindən 4 ədəd traktor, 1 ədəd “Kamaz” markalı avtomaşın, 1 ədəd yanacaq maşını, “Pikap” və “Niva” markalı minik maşını və digər kənd təsərrüfatı texnikaları alınmışdır. Tikintidə hal-hazırda işlər sürətlə davam etdirilir. Qeyd etmək lazımdır ki, yaradılan hər bir yeni müəssisə respublikada ərzaq bolluğu yaratmaqla yanaşı, vətəndaşların işlə təmin olunmasına da stimul verir. Xüsusilə vurğulamaq lazımdır ki, Tovuzda son zamanlarda qeyri-neft sektorunun inkişafı ilə yanaşı bir sıra infrastruktur layihələrin həyata keçirilməsi də diqqət mərkəzindədir. Tovuz şəhərində küçələrə asfalt döşənir və səkilərə yenidən bəzəkli daşlar döşənir. Şəhərin İ.Qasımov və F.Ələkbərov küçələrinə asfalt salınması başa çatdırılmışdır. E. Quliyev küçəsinin asfaltlanmasına başlanmışdır. Şəhərin Heydər Əliyev prospektində səkilərə bəzəkli daşların düzülməsi davam etdirilir ki, bu da sakinlər tərəfindən yüksək rəğbətlə qarşılanır.
Vəli VƏLİYEV
“Respublika"