Tovuzda Silahlı Qüvvələrin yaranması günü qeyd edildi
Tovuz rayonunda 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü günü münasibətilə rayon tədbiri keçirilmişdir.
Tədbir ərazidəki “N” saylı hərbi hissənin əsgər və zabitlərinin “Qəhramanlar parkı”ndan marş-yürüşü ilə başlamış və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında davam etmişdir. Nəfəsli orkestirin müşayyəti ilə “N” saylı hərbi hissənin bölmələri nizami qaydada parka daxil olmuşlar.
Rayon rəhbərliyi və “N” saylı hərbi hissənin komandanlığı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoymuşlar.
Hərbi hissənin bölükləri nizami qaydada ulu öndər Heydər Əliyevin abidəsi önündən keçərək parkın mərkəzində təşkil olunmuş bayram tədbirinə qatıldılar. Hərbi qulluqçuların əlbəyaxa döyüş üsullarını nümayiş etdirməsi, nəfəsli orkestrin müşayəti ilə musiqi nömrələri ilə çıxış etməsi iri ölçülü Azərbaycan bayrağını şərəflə daşımaları tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
RİH başçısı Tofiq Zeynalov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycanda ordu quruculuğunun inkişafından və bu sahədə əldə olunan nailiyyətlərdən, xalq-ordu münasibətlərindən danışdı. Nitqinin sonunda 25 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin komandiri Bərxudarov Mais Şükür oğlunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi münasibətilə onu təbrik etdi.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi, rəngarəng musiqi nömrələri səsləndirildi.