Tovuzda tütün yığımı davam edir
Ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə dövlət qayğısı son illər özünü daha qabarıq göstərməkdədir. Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi, ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması eyni zamanda ölkə iqtisadiyyatının neft-qaz sənayesindən asılılığının azaldılması deməkdir.
Respublikamızın hər yerində olduğu kimi, Tovuzda da rayonun kənd təsərrüfatı özünün inkişaf dövrünü yaşayır. İqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ildə rayon ərazisində 50 hektar sahədə tütün əkilmişdir. Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar.
Bu gün rayonda tütün dərimi uğurla davam etdirilir. Tütün sahələrində 180 nəfərdən çox insan çalışır. İndiyədək tütünçülər 200 tondan çox yaş tütün tədarük ediblər. Bundan əlavə, tütün istehsalının vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu xüsusi yerlərdə ipə düzərək qurudurlar.