“Azərbaycan Xalq Cümhurriyəti ili” çərçivəsində türkiyəli qonaqlar Tovuzda
3 avqust 2018-ci il tarixdə Türkiyə Respublikasının Nazili bələdiyyəsinin geniş tərkibli nümayəndə heyəti Tovuzda olmuşdur. Həmin bələdiyyə Nazilidə “Qarabağ Parkı” salmış və orada 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaltmışdır.
Qardaş Türkiyədən gələn qonaqları Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qəbul edərkən salamlayaraq bildirmişdir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri ölkəmizdə davam edir. Əlamətdar haldır ki, bu gün qardaş Türkiyəmizdən 100 illik bayramımıza çox sayda qardaşlarımız qatılmışdır.
Bir millət-iki dövlət olan ölkələrimiz haqqında ümummilli lider Heydər Əliyev demişdir ki, “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır”. Cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsində bu dostluq və qardaşlıq, ölkələrimizin strateji tərəfdaşlığı bütün dünya üçün örnəkdir.
Türkiyəli qonaqlarla birgə olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva da öz çıxışında söyləmişdir ki, Tovuzumuz oğuz boyuna aiddir və bu səbəbdən də türk qardaşlarımızın və Nazili insanlarımızın bir-biri ilə qardaşlaşması, azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarına bütün dünyaya nümayiş etdirmək sahəsində konkret iş görməsi qandan və içdən gəlir.
Rayon İcra Hakimiyyətinin başçısı əmin olduğunu bildirmişdir ki, tanışlıq xarakteri daşıyan bu görüşümüz daha səmərəli olacaq, bundan sonra da dostluq və qardaşlığımız hərtərəfli əməkdaşlıq səviyyəsində inkişaf edəcəkdir.
Qəbulda türkiyəli qonaqlara Tovuzun simvolu olan saz aləti hədiyyə olunmuşdur.
Sonra türkiyəli qonaqlar Tovuz rayon mərkəzindəki şəhidlər xiyabanını ziyarət etmiş, rayonun tarixi, təbiət və memarlıq abidələri ilə yaxından tanış olmuşlar.
Türkiyədə “Qarabağ Parkı” yaradan qonaqlar rayonun düşmənlə təmas xəttində yerləşən Ağdam kəndinə getmiş, münaqişə zəminində yaşayış məntəqəsinə vurulan zərər və dağıntıları öz gözləri ilə görmüş, həyatları daim düşmən tərəfdən atəşə tutulmaq təhlükəsində qalan yerli sakinlərin gündəlik yaşayışları ilə maraqlanmışlar. Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun valideynlərinin qonağı olan Nazili bələdiyyəsinin məsul şəxsləri qəhrəmanın atası Nəsir kişinin vətənpərvərlik ruhlu söhbətlərini dinləmiş, kənd sakinləri ilə canlı dialoq aparmışlar.
Aşıq Əkbər Cəfərov adına rayon mədəniyyət mərkəzində “Nazilidən Tovuza könül körpüsü” adlı gecə başlamışdır. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Nazii bələdiyyəsi başçısının müavini Mustafa Ağqaya çıxış etmiş, xatirə hədiyyələri verilmişdir. Sonra geniş konsert olmuşdur. Türkiyədən gəlmiş folklor qrupu, Tovuz aşıqları və rayonun bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə həmin ədəbi-bədii gecə tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.