Tovuzda sərhəd kəndləri daim diqqət mərkəzindədir
Rayon İH başçısının növbəti səyyar qəbulu sərhəd kəndi olan Hacıalılı kəndində keçirilmişdir. Tədbirdə rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən danışmış, Azərbaycan vətəndaşının rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarına geniş məlumat vermişdir.
Cənab M. Məmmədov bildirmişdir ki, son vaxtlar Hacıalılı kəndinin sosial-iqtisadi inkişafı ilə bağlı xeyli işlər görülmüşdür. Dövlətimizin qayğısı ilə sərhəd kəndi kimi burada yeni məktəb binasının tikilməsi, kəndin əsas yolunun asfaltlanması, təhlükəsizliklə əlaqədar istinad divarlarının qurulması, kəndin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmin olunması və s. bunların əyani sübutudur. Bundan sonra da görüləcək işlər çoxdur. Ona nail olunmalıdır ki, sərhəd kəndində yaşayan insanlar yaxşı yaşasınlar və özlərini rahat hiss etsinlər.
Görüş zamanı kənd sakinlərindən bir neçəsi çıxış edərək sərhəd kəndlərinə göstərilən qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən bir sıra məsələlər barədə söhbət açmışlar. Müraciət edən kənd sakinləri Əhməd Əfkərov, İsmayıl Məmmədov, Rəhim Mehralıyev, Məhərrəm Qasımov, Valeh Nəbiyev kəndin sosial-iqtisadi həyatı və öz şəxsi problemləri ilə bağlı təkliflər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.