Tovuz rayonunun 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
İyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Tovuz rayonunda hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında RİH başçısı yanında Şuranın üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, ictimaiyyətin nümayəndələri, KİV nümayəndələri iştirak edib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov geniş məruzə ilə çıxış etmişdir.
Məruzə dərc olunur.
Hörmətli yığıncaq iştirakçıları!
Bu günkü yığıncağımız çox əlamətdar bir günə təsadüf edir. 14 iyul 1969-cu ildə ulu öndərimiz ilk dəfə Azərbaycan Respublikasının rəhbəri seçilmişdir. Bu Gün respublikamızın hərtərəfli inkişafının başlanğıcı günüdür. İndiki uğurlarımız Heydər Əliyevin təməlini qoyduğu möhtəşəm platforma üzərində dayanır.
Sizə məlumdur ki, İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. İclasda çıxışı zamanı dövlətimizin başçısı ilin birinci yarısında əldə olunan uğurlu nəticələrlə bağlı konkret faktları diqqətə çatdırıb. Qeyd olunub ki, ötən altı ayda ümumi daxili məhsul 1,3 faiz, sənaye istehsalı 1 faiz, qeyri–neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz, bitkiçilik 14 faizdən çox artıb. 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimidir. İqtisadiyyata 6 milyard dollar sərmayə qoyulub, əhalinin pul gəlirləri 9,3 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb.
Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bunlar Azərbaycanın hansı böyük uğurlara imza atmasının göstəriciləridir.
Bu ilin ən mühüm hadisələrindən biri aprel ayında keçirilən prezident seçkiləri olmuşdur. Bu seçkilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yadda qaldı. Xalqımız yenidən öz Liderinə etimad göstərərək onu növbəti dəfə ölkə Prezidenti seçdi. Bununla xalq Azərbaycanı işıqlı gələcəyə aparan siyasətə səs vermiş oldu. Seçkilərin nəticələri bir daha göstərdi ki, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Xalqımız öz Liderinə inanır və son 15 ildə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir. Böyük fərəh hissi ilə demək olar ki, aprelin 11-də müasir tariximizin şanlı səhifəsi yazıldı, Azərbaycanın inkişafı, tərəqqisi yolunda yeni mərhələnin başlanğıcı qoyuldu. Tovuzluların da seçkilərdə yüksək fəallıqla iştirak etməsi və cənab İlham Əliyevə səs verməsi bizim üçün çox şərəflidir və qürurvericidir.
Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasındakı nitqində ölkəmizin uğurlarını gözü götürməyən dairələrə lazım olan mesajları verib. Bildirib ki, Azərbaycanın inkişafına, gələcəyinə qarşı olan bütün çirkin niyyətlər və əməllər iflasa məhkumdur.
Azərbaycan Prezidenti iclasda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi, ordumuzun döyüş hazırlığı ilə bağlı mühüm bəyanatlar verib. 2016-cı ilin Aprel döyüşlərini, bu ilin Günnüt zəfərini xüsusi vurğulayıb. Cənab Prezident iclasdakı çıxışında qeyd edib ki, “Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəlləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik – həm say baxımından, həm silahların növü baxımından”.
Bu ilin ən önəmli hadisələrindən biri də “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, TANAP-ın işə salınması oldu. Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı qeyd etdi ki, həm “Cənub Qaz Dəhlizi”nin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir”.
Müşavirədə bir çox sahələrdə görülən işlərlə yanaşı, qarşıya qoyulan vəzifələrdən də ətraflı bəhs edilib. Cənab Prezident yekun nitqində “ASAN xidmət”in nümunəsində rüşvətxorluq və korrupsiya hallarının aradan qaldırılması mümkünlüyünü diqqətə çatdırmışdır. Eyni zamanda sosial problemlərin həlli, özünəməşğulluğun genişləndirilməsi, turizmin inkişafı, nəqliyyat, tikinti və digər sahələrlə əlaqədar tapşırıqlar vermişdir. Bunlar vətəndaşlarımızın daha da rahat və firavan yaşamasına yönəlib. Bu Azərbaycan Prezidentinin siyasətinin əsasında məhz vətəndaş amilinin dayandığını sübut edir.
Hörmətli yığıncaq iştirakçıları!
2018-ci ilin birinci yarısında rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər ardıcıllıqla davam etdirilmişdir. Keçən ilin birinci yarısı ilə müqayisədə bu il rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi xeyli artmışdır.
Qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafı sahəsində aparılan işlər daim diqqət mərkəzində saxlanılır.
İlin birinci yarısında rayon üzrə 46 milyon 709 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da keşən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2.2 faiz artıqdır.
Cari ilin məhsulu üçün rayonda 34 min 435 hektar sahədə kənd təsərrüfat bitkiləri əkilmişdir. Bundan 22 min 305 hektar dənli və dənli paxlalı bitkilər, 6628 hektar kartof, 3609 hektar yem bitkiləri, 1279 hektar tərəvəz, 500 hektar şəkər çuğunduru, 50 hektar tütün, 32 hektar bostan və 32 hektar dən üçün günəbaxan əkilmişdir. Keçən illə müqayisədə bütövlükdə əkinlər 346 hektar artmışdır.
01iyul 2018-ci il vəziyyətinə 8687 ton taxıl, 12528 ton tərəvəz, 4200 ton kartof, 4451 ton yem bitkiləri istehsal olunmuş, hal-hazırda məhsul yığımı davam edir. İlkin nəticələrə görə dənli bitkilərin məhsuldarlığında artım gözlənilir.
Bu mövsümdə rayon ərazisində mövcud olan istixanalarda bol məhsul yetişdirilmiş və istehsal olunan məhsullar əsasən xarici bazarlara ixrac olunmuşdur. Birinci yarım il ərzində ümumi sahəsi 38,4 hektar olan istixanalarda 2 min 542 ton məhsul istehsal olunmuş və ondan 3 milyon 813 min manat gəlir əldə edilmişdir. Kəndli təsərrüfatlarında 390 ha sahədə yerkökü əkilmiş, 8 min 636 ton məhsul götürülmüş və fermerlər təxminən 3 milyon 500 min manat gəlir əldə etmişlər.
Məlum olduğu kimi vaxtı ilə rayon iqtisadiyyatının əsasını üzümçülük təşkil etmişdir. Təəssüf ki, sonralar məlum səbəblərdən bu sahəyə münasibət dəyişmiş və üzümçülük təsərrüfatı tamamilə sıradan çıxarılmışdır. Son illərdə fermerlər üzümçülüyün dirçəlidlməsinə maraq göstərirlər. Hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır. Üzümçülüyün inkişafı özü ilə bərabər emal sənayesinin yaradılması, beton dayaqların istehsalı, qablaşdırmanın təşkili məsələlərini də aktuallaşdırır. Bu sahənin inkişafına lazımi dövlət dəstəyi vardır. İqtisadi səmərəsini nəzərə almaqla üzümçülüyün sürətli inkişafına nail olmaq əsas hədəfimizdir.
Kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Cari mövsümdə 9 ton 781 kiloqram barama tədarük olunmuşdur. Bu keçən illə müqayisədə 2 ton çoxdur. Lakin bizim potensialımız daha çox barama istehsal etməyə imkan verir. Əsas məsələ baramaçılığın yem bazasının möhkəmləndirilməsindən ibarətdir. Bu istiqamətdə lazımi tədbirlər görülür.
Cari ildə 50 ha sahədə tütün əkilmişdir. Hazırda tütün sahələrində becərmə işləri aparılır. Tütünçülüyün inkişafının əsas şərtlərindən biri yaxın ərazilərdə qurutma məntəqələrinin yaradılmasıdır. Müvafiq dövlət proqramında bu işlərin görülməsi nəzərdə tutulmuşdur. Ona görə də gələcəkdə tütün sahələrinin genişləndirilməsi məsələsi nəzərdən keçiriləcəkdir.
Rayonda heyvandarlığın inkişafı məsələləri diqqət mərkəzində saxlanılır. Birinci yarımillikdə rayonda 4 min 83 ton ət, 15 min 238 ton süd, 10 milyon 870 min ədəd yumurta, 410 ton yun istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 21,1 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 1 faiz, yun istehsalı 0,1 faiz artmışdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri həyata keçirilir. Altı ayda 402 baş heyvan süni mayalandırılmış, süni mayalanma yolu ilə 219 baş buzov alınmışdır.
Cənab Prezident kənd təsərrüfatının inkişafında aqroparkların yaradılmasının əhəmiyyətindən və yaradılmış Aqroparkların uğurlu nəticələrindən bəhs etmişdir. Eyni zamanda bildirmişdir ki, ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Tikintisi davam edən Aqroparklardan biri də bizim rayonumuzdadır. Güman etmək olar ki, Aqropark heyvandarlıqda məhsuldarlığın artırılmasında nümunə olacaqdır. Eyni zamanda orada 100 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.
Rayon iqtisadiyyatına özəl sərmayənin cəlb olunması əsas hədəfimizdir. Hesabat dövründə iqtisadiyyatımıza 12 milyon 898 min manat investisiya qoyulmuşdur. Bunun 8 milyon 353 min manatı özəl sərmayədir. Rayon iqtisadiyyatına özəl sərmayənin cəlb olunması məqsədilə 7 iyul tarixində rayondan kənarda fəaliyyət göstərən tovuzlu iş adamları rayona dəvət olunmuş və onlarla işgüzar görüş keçirilmişdir. Sevindirici haldır ki, iş adamları rayonun iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatının bir sıra istiqamətləri ilə maraqlanmış, mövcud potensialı dəyərləndirərək müxtəlif təkliflər irəli sürmüş, rayonda iş qurmaq niyyətində olduqlarını bəyan etmişlər. Təbii ki, rayon icra hakimiyyəti olaraq biz sağlam biznes mühitinin yaradılmasına, ən xırda layihənin belə icra olunmasına, sahibkarlığın inkişafına lazımi dəstək göstərilməsinə çalışacağıq. Hesab edirəm ki, bu sağlam münasibətlər, şəffaflıq və halallıq iqtisadiyyatımıza özəl sərmayənin cəlb olunmasına kömək olacaqdır.
Nazirlər Kabinetinin iclasındakı yekun nitqində cənab Prezident demişdir: “Kənd təsərrüfatının qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiya var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə etməyə imkan verir”.
Yeni təsərrüfatçılıq metodlarının tətbiqi də ən ümdə məsələlərdən biridir. Biz xüsusilə “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerlərdə kooperasiyaların yaradılması istiqamətində iş aparmalıyıq. Bu torpaqlardan səmərəli istifadə etməyin əsas istiqamətlərindən biridir.
Cənab Prezidentin qeyd etdiyi kimi bizim rayonda da kənd təsərrüfatı, o cümlədən də suvarma işləri əsasən primitiv vəziyyətdədir. Mövcud su ehtiyatlarından qənaətlə istifadə olunması, ilin bütün fəsillərində torpaqların dayanıqlı suvarma suyu ilə təmin edilməsi üçün sınaqdan çıxmış texnologiyaların tətbiq olunmasına önəm verilməlidir. Kənd təsərrüfatı idarəsi, Aqrolizinq ASC-nin rayon şöbəsi, suvarma sistemləri idarəsi fermerlər arasında maarifləndirmə işlərini gücləndirməli, qeyd edilən sahədə tapşırıqların yerinə yetirilməsinə nail olmalıdırlar. Elə şərait yaratmaq lazımdır ki, zəruri ehtiyaclar üçün kəndlərdəki ana arxlarda həmişə su olsun.
Cənab Prezidentin 12 mart 2018-ci il tarixli sərəncamına əsasən 2018-ci ildə rayonda 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hal-hazırda subartezian quyularında qazma və tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda keşmiş kolxoz və sovxozlardan qalmış çoxlu subartezian quyuları vardır ki, uzun müddətdir nasazlıq səbəbindən istismar olunmur. Bunlar dəqiq öyrənilməli və bu imkandan istifadə olunmalıdır.
Hesabat dövründə Sahibkarlara Kömək Milli Fondu tərəfindən hüquqi və fiziki şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə 27 layihə üzrə 4 milyon 195 min manat kredit verilmişdir. Nəticədə 156 yeni iş yeri yaradılmışdır. Digər banklardan 4 min 312 fiziki şəxsə 10 milyon 53 min manat vəsait verilmişdir.
Hesabat dövründə rayonda 1495 yeni iş yeri açılmışdır. Bunlardan 790-nı daimi iş yerləridir. Əhalinin məşğulluq səviyyəsi 95,1 faiz, işsizlik səviyyəsi 4,9 faiz olmuşdur.
Cənab Prezident nitqində sosial təminat sahəsində də ciddi islahatlar aparılmasının zəruriliyini qeyd edərək demişdir: “Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir... Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik höküm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardım alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır”.
Bu sahədə tapşırıqları mən bir daha xatırlatdım və bundan ciddi nəticə çıxarılmalıdır.
Birinci yarımillikdə rayon üzrə 488 ailəyə ünvanlı sosial yardım ödənilib ki, bunun da aylıq məbləği 75 min 441 manat təşkil edir.
Cənab Prezident nitqində özünüməşğulluq proqramına geniş yer verərək demişdir: “Bizim özünüməşğulluq proqramına böyük ümüdlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələ baxımlıq vərdişindən çəkindirəcək....”.
Hesabat dövründə təsdiq olunmuş 4 milyon 573 min 500 manat proqnoza qarşı 6 milyon 541 min 700 manat vəsait daxil olmuş, proqnoz 143 faiz yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən büdcəyə 2 milyon 247 min manat çox vəsait daxil olmuşdur. Rayonun xərcləri isə 94,4 faiz icra olunmuşdur. İlk dəfə yerli xərcləri tənzimləmək üçün dotasiya alınmamış, xərclər tam olaraq rayonun gəlirləri hesabına həyata keçirilmişdir.
Nazirlər kabinetinin iclasında dövlətimizin başçısı Korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, dövlət xərclərinə nəzarətin gücləndirilməlisi barədə ciddi tapşırıqlar vermişdir. Dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda maliyyə intizamına ciddi əməl olunmalı, şəffaflıq təmin edilməlidir. Sahibkarların, hüquqi və fiziki şəxslərin qanuni vergilərdən yayınması hallarına yol verilməməlidir.
Nazirlər Kabinetinin iclasında cənab Prezident elektrik enerjisi haqqında ətraflı danışmış və xüsusilə bir qəzaya görə bütün enerji sektorunun çökməsini kəskin tənqid etmişdir. Tovuz rayonunun elektrik təsəsrrüfatında da bir çox çatışmazlıqlar vardır. Xüsusən dağ kəndlərində keçən əsrin 60-70-ci illərində istismara verilmiş elektrik xətləri və dayaqları yararsız vəziyyətdədir. Yüksək gərginlikli xəttlərin çox aşağıdan getməsi halları vardır ki, bu da ətrafdakı insanların həyatı üçün ciddi təhlükədir. Elektrik təsərrüfatında müəyyən yenilənmə, təmir-bərpa işləri aparılsa da bunlar təsərrüfatın dayanıqlı istismarı üçün yetərli deyildir. Elə vəziyyət yaranmışdır ki, xırda bir qüsuru aradan qaldırmaq üçün böyük ərazinin enerjini təminatını dayandırmaq lazım gəlir. Bu sistemdə texniki tələblərə riayət olunmamasından irəli gəlir. “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixli Sərəncamına əsasən bu il rayonun Hunanlar və Əhmədabad kəndlərində aparılan qazlaşdırılma işləri başa çatmaq üzrədir. Bundan sonra rayonda qazlaşmanın səviyyəsi 90 faiz olacaqdır. Hələ də rayonun dağlıq ərazilərində yerləşən 50 yaşayış məntəqəsi qazlaşdırılmamışdır. Eyni zamanda bir sıra kəndlərin yeni yaşayış massivlərinin də qazlaşdırılmasına ehtiyac vardır. Bu işlər müvafiq dövlət proqramı çərçivəsində mərhələlərlə həll ediləcəkdir.
Rayonda əhalinin, xüsusilə şəhər əhalisinin içməli su ilə təminatı sahəsində problemlərin olduğu hər kəsə məlumdur. Bu gün çox böyük minnətdarlıq hissi ilə qeyd edirəm ki, cənab Prezident 30 mart 2018-ci il tarixdə “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamış, bu məqsədlə 14 milyon manat vəsait ayrılmışdır. Hazırda bu layihənin icrasına başlanılmışdır və tikintinin gedişinə ciddi nəzarət təşkil olunmuşdur. Bu məqsədlə mənim sərəncamımla xüsusi komissiya yaradılmışdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bundan əvvəl Tovuz şəhərinə Zəyəm çayı ərazisindən çəkilmiş su kəmərinə çoxlu müdaxilələr olunmuş və bu səbəbdən həmin layihədən gözlənilən səmərə alınmamışdır. Layihənin ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Yay mövsümündə şəhər əhalisinin içməli su ilə təminatındakı ciddi çatışmazlığın aradan qaldırılması üçün tərəfimizdən əlavə tədbirlər görülmüşdür. Bu məqsədlə Tovuzçay su anbarının altından süzülən su 600 metr məsafədən öz axını ilə gətirilərək şəhəri su ilə təmin edən anbara birləşdirilmişdir. Tovuz çayı yatağında olan su ehtiyatları əlavə nasoslar vasitəsilə birbaşa şəhərin işməli su şəbəkəsinə qoşulmuşdur. Bundan başqa Mərdan Musayev küçəsində uzun müddətdən bəri istifadəsiz qalmış subartezian quyusu bərpa olunaraq şəhərin su sisteminə birləşdirilmişdir. Bundan sonra Su-kanal idarəsi bu imkanlardan səmərəli şəkildə istifadə etməli, şəhər əhalisinin içməli su ilə təminatını ciddi qrafik əsasında aparmalı, qanunsuz müdaxilələrin qarşısını qətiyyətlə almalıdır.
Onu da qeyd etmək lazımdır ki, cənab Prezidentin digər sərəncamı ilə rayonun Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərində içməli su şəbəkələrinin yaradılması işlərinə başlanmışdır.
Rayonda yol infrastrukturu ilə bağlı tədbirlər davam etdirilir. Hazırda 31,9 km uzunluğunda Əsrik Cırdaxan – Kirən – Baqqallı yolunun tikintisi aparılır. Bu yolun tikintisi ərazidə yaşayan insanların sosial həyat tərzinin yaxşılaşmasına və turizmin inkişafına əhəmiyyətli təsir göstərəcəkdir. Təmirə ehtiyacı olan yollarımız yenə də vardır və biz zaman-zaman bu yolların tam təmirinə nail olacağıq.
Cənab Prezident iclasda inşaat sektorunda narahatlıq doğuran məsələlərdən, mənfi hallardan da ətraflı danışmışdır. Xüsusilə qeyd etmişdir ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqdır.
Hesabat dövründə rayon ərazisində müəyyən tikinti quruculuq və abadlıq işləri aparılmışdır. Belə ki, çoxmənzilli binalarda təmir işləri aparılmış və müəyyən küçələrdə abadlıq işləri görülmüşdür. Qovlar internat məktəbinin əsaslı təmiri, Ağbulaq kənd tam orta məktəbinin tikintisi davam etdirilmişdir. Tovuz şəhərində Tarix Diyarşunaslıq muzeyi, Bayraq Muzeyi, ASAN xidmət mərkəzinin tikintisi işləri aparılır. Bu il 6 kənddə modul tipli məktəblər quraşdırılması nəzərdə tutulur. Bunlarla yanaşı cənab Prezidentin ölkədə tikinti sahəsində aparılan işlərlə bağlı iradları və tənqidi qeydləri bizim rayon üçün də xarakterikdir. Həm şəhər mərkəzində, həm də kəndlərdə primitiv qaydada inşa olunmuş, tikinti norma və qaydalarına uyğun gəlməyən, zövqsüz binalara, sahibkar obyektlərinə rast gəlinir. Eyni zamanda əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan yerlərdə tikintilər aparılmışdır. Bu işlərin pərakəndəliyi və sistemsizliyi rayonun ümumi arxekturasına xələl gətirir. Hazırda şəhərin yeni baş planı işlənib hazırlanmışdır. Memarlıq və tikinti şöbəsi, yerli icra nümayəndələri və bələdiyyələr baş plana ciddi əməl olunmasını, görüləcək işlərin tikinti və şəhərsalma normalarına və qaydalarına uyğun aparılmasını təmin etməlidir. Şəhərimizin görkəminin yeniləşdirilməsi, müasirləşdirilməsi hər kəsin marağında olmalıdır və biz birlikdə bu sahədə dönüş yaratmalıyıq.
Qarşımızda duran mühüm vəzifələrdən biri də rayonumuzda, xüsusilə şəhərlərdə təmizlik işlərinin yüksək səviyyədə aparılmasını təmin etməkdən ibarətdir. Biz bu işə başlamışıq. Məişət tullantılarının yığılması, daşınması, müvafiq ərazilərə tutumların yerləşdirilməsində müəyyən dönüş yaradılmışdır. Lakin bu bizi qane etmir. Kommunal xidmətdən kənarda qalan, süpürülüb təmizlənməyən ərazilərimiz çoxdur. Yaşıllıqlara isə demək olar ki, xidmət göstərilmir. Küçələrdə uzun müddətdən bəri tökülüb qalan inşaat materialları həm şəhərin görkəminə xələl gətirir, həm də nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətinə maneçilik törədir.
Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəhbərliyi məişət tullantılarının yığılıb daşınması üçün əhali tərəfindən ödənişlərin lazımi səviyyədə aparılmamasını əsas gətirirlər. Hesab edirəm ki, bu tutarlı əsas ola bilməz. Bütün təsərrüfatlarla müqavilələr bağlanılmalı, vaxtında və düzgün xidmət göstərilməlidir. Vətəndaşlar bunun müqabilində müvafiq ödəniş etməlidirlər. İcra nümayəndələri ərazidə kommunal xidmətin vəziyyətinə ciddi nəzarət etməli, bu sahədə problemlərin həllində əlaqələndiricilik rolunu yerinə yetirməlidir. Vətəndaşlar arasında izahat işləri genişləndirilməlidir.
Şəhər ərazisinin işıqlandırılması məsələsini də qənaətləndirici hesab etmək olmaz. Bu sahədə işlər aparılır. Elə etmək lazımdır ki, işıqlandırma ilə yanaşı bu təsərrüfatda səliqə-səhman məsələləri də həllini tapmış olsun.
Təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclərlə iş, hərbi vətənpərvərlik tərbiyəsi, bədən tərbiyəsi və idman sahələrində, məktəbəqədər təhsil müəssisələrində aparılan işlər tərəfimizdən təhlil olunur. Hesab edirəm ki, bu sahələrdə olan mövcud vəziyyət dərindən öyrənilməli və inkişaf istiqamətləri dəqiq müəyyən edilməlidir.
İctimai birliklər, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətimiz davam edir. Rayon ərazisində keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirləri nəzarətdə saxlayırıq. Kriminogen durum sabitdir.
Bütövlükdə ölkədəki sabitlik, əmin-amanlıq dövlətimizin başçısının yürütdüyü siyasətin çox böyük uğurlarından biridir. Ona görə düşmənlərimiz müstəqillik tariximizdə dəfələrlə təxribat törədərək ölkədəki sabitliyi pozmağa cəhd göstəriblər. İyulun 3-də və 10-da Gəncədə terrorçu qruplaşmaların din pərdəsi altında törətdikləri cinayətlər də bu məqsədi daşımışdır. Lakin Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi buna heç vaxt imkan verməyəcək, cox böyük nemətimiz olan sabitliyimizin qorunub saxlanılmasını təmin edəcəklər.
Hesabat dövründə “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq RİH başçısı yanında Şuranın iclasları vaxtlı-vaxtında keçirilməsi təmin olunmuş, yerlərdə İH başçısının səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətlərinə baxılmış və şifahi qəbulları keçirilmişdir.
İlin birinci yarısında rayon İH başçısı aparatına 521 vətəndaş müraciəti daxil olmuş, başçı tərəfindən 474 nəfər vətəndaş qəbul edilmişdir. Vətəndaş müraciətləri əsasən kənd təsərrüfatı, torpaq, mənzil, iş, birdəfəlik maddi yardım, tikinti məsələləri, içməli su, elektrik və təbii qaz təchizatı, məhkəmə qərarları, bələdiyyələrin və yerli icra nümayəndələrinin fəaliyyəti ilə bağlı məsələlərdir. Mənim tərəfimdən aparılmış qəbullarda vətəndaşların səsləndirdikləri fikirlərdən belə qənaətə gəlmək olur ki, bəzi hallarda məmurlar müraciətlərə biganə münasibət göstərir, başdansovdu yanaşırlar. Ona görə də təkrar müraciətlər çoxalır. Cənab Prezidentin tələblərinə uyğun olaraq ona çalışmalıyıq ki, hər bir məmur xalqın xidmətçisi olduğunu dərindən anlasın və bu işə məsuliyyətlə yanaşsın.
Hesabat dövründə yaşayış məntəqərində 23 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə yerli sakinlər tərəfindən 125 təklif və tənqidi qeyd səslənmişdir. Qaldırılmış məsələlərin həlli ilə əlaqədar aidiyyatı üzrə tapşırıqlar verilmiş, bəzi məsələlərlə bağlı mərkəzi icra orqanları qarşısında məsələlər qaldırılmışdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hər bir məsələyə həssaslıqla yanaşılmalı və vətəndaşların qanuni tələbləri təmin edilməlidir.
Nazirlər Kabinetinin iclasında cənab Prezidentin qarşıya qoyduğu tələblər, verdiyi tapşırıqlar və irəli sürdüyü müddəalar mükəmməl fəaliyyət proqramıdır və biz öz növbəmizdə onları layiqincə yerinə yetirmək əzmindəyik.
Bütün tovuzlular cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti illərdə ölkəmizdə ictimai-siyasi sabitlik və əmin-amanlıq olacağına, iqtisadi inkişafımızın yüksək templərlə davam edəcəyinə, ölkəmizin nüfuzunun daha da yüksələcəyinə, vətənimizin ərazi bütövlüyünün təmin olunacağına əminliyini ifadə edirlər. Biz bundan sonra da əməli fəaliyyətimizlə Prezidentimizə və dövlətçiliyimizə həmişə sadiq olduğumuzu nümayiş etdirəcəyik.
Sonra məruzə ətrafında çıxışlar olub. Tovuz Maliyyə idarəsinin rəisi Mübariz Salmanov, Suvarma sistemləri idarəsinin rəisi Nəsrəddin Aslanov, Sahibkar Kamal Ələsgərov, Kənd təsərrüfatı idarəsinin rəisi Rəhman Qasımov, Hunanlar kənd icra nümayəndəsi Sakit Məmmədov çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.