Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

12 iyun 2018 | 16:00

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu. Müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış gərgin vəziyyət xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

Bu fikirlər Tovuzdakı Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktiki konfransda səsləndirilib.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov əvvəlcə Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı. Xalqın xahiş və tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Təhlükə qarşısında qalan Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ildə rəsmiləşdirildi. Həmin vaxtdan etibarən Azərbaycan xalqı iyunun 15-ni əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir.

Vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq 25 ildir ki, Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, inkişaf edir, uğurlar qazanır.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramovanın “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır”, rayon prokuroru Elçin Qəhrəmanovun “Müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu” və YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri Nihad Pənahovun “Milli Qurtuluşumuz və Azərbaycan gəncliyi” mövzularında məruzələri dinlənilib.

Tədbir ulu öndər Heydər Əliyevin həyatından bəhs edən videoçarxın nümayişi ilə yekunlaşıb.

 

Keçidlər