Tovuzda Mikayıl Azaflının və Cambul Cabayevin xatirəsi anılıb
Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuz Gənclər Evində VIII Şairlər Günü münasibətilə Mikayıl Azaflının və Cambul Cabayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii görüş keçirilib.
Tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyeva, Dünya Gənc Türk yazarlar birliyinin, Türkiyə Elm və Ədəbi əsərlər birliyinin üzvləri, gənc şair və aşıqlar iştirak etmişdir.
Tədbiri açan AYB-nin mətbuat xidmətinin rəhbəri, Şairlər Günü layihəsinin təsisçisi Xəyal Rza bu günün yaranma ideyasından danışıb. Bildirib ki, Şairlər Günü ideyası ilk dəfə 8 il bundan qabaq Bakıda reallaşıb. Az müddətdə türk dünyasından olan yazarların da qoşulduğu layihə beynəlxalq status qazanıb. Ötən ildən başlayaraq bu layihə respublikamızın regionlarında icra edilməyə başlanıb. Layihənin əsas məqsədi türk dünyasının şair və yazıçılarını geniş ictimaiyyətə tanıtmaq, həmçinin müasir yazarlar arasındakı ədəbi-mədəni və yaradıcılıq əlaqələrini daha da möhkəmləndirməkdir.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov tədbirin Mikayıl Azaflının və Cambul Cabayevin yaradıcılığına həsr edildiyinə görə məmnunluğunu ifadə edib.
İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər sahibləri Birliyi) sədri Mehmet Nuri Parmaksız layihənin əhəmiyyətindən söz açıb. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirməklə, həm də eyni dövrdə yaşamış, yaxud həyat və yaradıcılıqlarında müxtəlif məhrumiyyətlərlə qarşılaşan yazarların əsərlərini müqayisə və təhlil etmək, eləcə də paralellər aparmaq baxımından dəyərlidir.
Çıxış edən tanınmış ədiblər və ziyalılar Mikayıl Azaflının və Cambul Cabayevin həyat və yaradıcılığından danışıblar.