Faşizm üzərində Qələbənin 73-cü ildönümü Tovuzda qeyd olunub
Rayon rəhbərliyi, müharibə və əmək veteranları, rayon ictimaiyyətinin nümayəndələri parkda Sovet İttifaqı qəhrəmanlarının abidəsinin və “1941-1945” abidə kompleksinin önünə tər çiçəklər düzüb, müharibədə həlak olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov mərasimdə çıxış edərək veteranları bayram münasibətilə təbrik edib. Qeyd edib ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib. Onların böyük əksəriyyəti müharibədə həlak olub. Müharibədə tovuzlulardan Mərdan Musayev, Yusif Sadıqov və Məstan Əliyev “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, yüzlərlə döyüşçü orden və medallarla təltif olunub. Hazırda rayonda 18 veteran var.
Tədbirdə ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan da danışılıb.
Sonda müharibə veteranları üçün bayram süfrəsi açılıb.