Tovuz rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Aprelin 20-də Tovuz rayon İcra Hakimiyyətinin Akt zalında 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda hesabat məruzəsi ilə rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, ilin ilk üç ayında Tovuz rayonunda 13 milyon 147 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 13,2 faiz çoxdur. Rayonun iqtisadiyyatına əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 dəfə çox - 5 milyon 463 min 900 manat özəl investisiya cəlb olunub. Hamısı daimi olmaqla, 474 yeni iş yeri açılıb.
Cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər ardıcıllıqla davam etdirilib, makroiqtisadi göstəricilərdə dinamika müşahidə olunub. Keçən ilin birinci rübü ilə müqayisədə bu rübdə rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi xeyli artıb.
Rayonda baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər görülür. Belə ki, cari mövsümdə kümçülər 10 ton barama tədarük etməyi planlaşdırıblar. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün 13 min ədəd Çindən gətirilən və 9 min ədəd yerli tut tingi əkilib.
Tütünçülüyün inkişafı istiqamətində də işlər davam etdirilir. Cari ildə tütün əkiləcək sahələr 50 hektaradək genişləndiriləcək.
Cari mövsümdə 6 min 378 hektar sahədə yazlıq bitkilər əkilib. Bunların da 5100 hektarı kartof, 750 hektarı tərəvəz, 403 hektarı yonca, 125 hektarı dənli və dənli paxlalı bitkilərdir. Yazlıq əkinlərin ümumi sahəsi keçən ilin müvafiq dövründən 0,6 faiz çoxdur. Hazırda yaz əkinləri davam edir.
Diqqətə çatdırılıb ki, rayon ərazisində mövcud olan istixanalarda bol məhsul yetişdirilir və istehsal edilən məhsullar əsasən xarici bazarlara ixrac olunur. Cari mövsümdə istixana şəraitində 390 hektar sahədə yerkökü əkilib və yaxın günlərdə məhsul yığımına başlanılacaq. İstehsal olunacaq məsulun əsas hissəsi xarici bazarlara çıxarılacaq.
Hesabat yığıncağında rayonda üzümçülüyün inkişafı ilə bağlı görülən işlərdən də danışılıb. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində üzüm bağlarının sahəsi 720 hektara çatdırılıb.
Heyvandarlığın inkişafı da daim diqqət mərkəzində saxlanılır. Bu barədə məlumat verilərək bildirilib ki, birinci rübdə 1981 ton ət, 7415 ton süd, 4 milyon 910 min ədəd yumurta istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,6, 9,2 və 11,6 faiz çoxdur. Heyvandarlıq məhsulları istehsalının artırılması üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına önəm verilir. Birinci rübdə rayona lizinq yolu ilə 11 baş cins mal gətirilib. Bundan əlavə, 168 baş heyvan süni mayalandırılıb, 131 baş buzov alınıb.
Qeyd olunub ki, ötən ildən 550 hektar sahədə heyvandarlıq üzrə aqroparkın tikintisində işlər davam etdirilir, lazımi infrastruktur yaradılır. Bitkiçilik sahəsi üzrə Ceyrançöl ərazisində yaradılmış aqroparkda məhsul istehsalına başlanılıb. Cari ilin məhsulu üçün burada 10 min 200 hektar sahədə buğda və 1300 hektar sahədə yonca əkilib. Əlavə olaraq 500 hektar şəkər çuğunduru və təkrar əkin kimi 10 min 200 hektar qarğıdalı əkilməsi nəzərdə tutulur.
Rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri də daim diqqət mərkəzində saxlanılır. Hazırda Ağbulaq kənd tam orta məktəbinin inşası, Qovlar şəhər internat məktəbinin əsaslı təmiri, Tovuz şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin, Bayraq Muzeyinin və “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilir.
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimov, Su-Kanal İdarəsinin rəisi Azər Zeynalov, Tovuz Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Kəmalə Abdullayeva və başqaları çıxış edərək rayonda aparılan abadlıq-quruculuq işlərindən, əhalinin içməli suya və elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində görülən tədbirlərdən söhbət açıblar.
Sonda geniş Şura iclasının qərarı qəbul edilib.