Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ötən Prezident seçkilərindən sonra çox iş görülüb

07 aprel 2018 | 16:00

Maşınımız  5 il əvvəl Ölkə Başçısının iştirakı ilə açılan 51kilometrlik Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu ilə şütüyür. Bu yol qonşu Gədəbəyə kimi uzanır və ondan həmin rayonun sakinləri də istifadə edir. Bütövlükdə 40 min nəfərin yaşadığı 35 məntəqəni birləşdirir. Strateji əhəmiyyətli bir yoldur.

Məqsədimiz isə aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində seçki məntəqələrinin hazırlığı ilə tanış olmaq, adamların əhval-ruhiyyəsini öyrənməkdir. Bir saat əvvəl 105 saylı seçki dairəsinin sədri Mahir Həsənovun dairədə dediyi «Siz hara getsəniz yüksək işgüzarlıqla qarşılaşacaqsınız, buna şübhəniz olmasın..» sözləri yolboyu yadımdan çıxmır və elə ilk məntəqədə,Qovlar şəhərindəki sosial-iqtisad kollecinin binasında yerləşən 3 saylı məntəqədə öz əksini tapır.Yeri gəlmişkən qeyd edək ki, kollecin binası 5 il qabaq bərbad vəziyyətdə idi. Yalnız direktor Rizvan Qənbərovun təşkilatçılığı və işgüzarlığı, rayon icra hakimiyyətinin yaxından köməyi ilə binada əsaslı təmir işləri aparıldı, müasir avadanlıqlar gətirildi, tələbələr üçün hər bir şərait yaradıldı. Məntəqənin katibi Yeganə Məmmədova indiyədək görülən işlər barədə məlumat verir. Deyir ki, artıq bildirişləri paylayıb qurtarmışıq. Siyahı tam dəqiqləşdirilib. Burada seçicilərin sayı 1496 nəfərdir. İlk dəfə 23 nəfər səs verəcək.Bir nəfərin 105 yaşı var. O gün özü gəlmişdi məntəqəyə. Deyir mənə evə qutu-filan gətirmək lazım deyil. Gəlib məntəqədə səs verəcəyəm.

Qovlar mədəniyyət sarayındakı 26 saylı məntəqədə də hamı iş başında idi. Məlumat verdilər ki, səs verəcək seçicilərin sayı 1300 nəfərdən çoxdur. Adamlar son illər Tovuzda və o cümlədən Qovlarda görülən işlərdən çox razılıq edirlər.Təsadüfi deyil ki, yaz-yay ayları təkcə yuxarıda adıçəkilən yolla gedib gedənlərin sayı əvvəlki illərdən təxminən 10 dəfə çoxdur. Turistlərin ardı-arası kəsilmir. Digər yollar da onun kimi. Kəndarası yolların da hamısı yaxın vaxtlarda öz görkəmini dəyişəcək. Yollar düzəldikcə rayona turist axını da artır.Artıq Tovuzda elə turizm məkanları var ki, öz gözəlliyinə və xidmət səviyyəsinə görə bir sıra Avropa ölkələrində olan yerlərdən heç də geri qalmır. Eyni vaxtda 200-ə yaxın turist qəbul edəcək otel təsərrüfatları və elə turizm məkanlarının özündə turistləri qəbul edəcək 100-dək fərdi evlər var. Daha bir otel Xınna dərəsi adlanan yerdə, Zəyəm çayının hövzəsində tikilir.

İnfrastrukturu yaxşı olan yerlərə təkcə turistlər deyil, həm də iş adamları həvəslə gəlir, sərmayə qoymağa həvəs göstərir və nəticədə rayon tədricən inkişaf edir, əhalinin məşğulluğu artır, istehsal olunan məhsullar xarici bazarlara çıxarılır. Tovuzda təkcə ötən il xarici bazarlara 20 milyon manata yaxın məhsul çıxarılıb. Amma bu son hədd deyil.

Qeyd etdk ki, Tovuz daha on-on iki il əvvəlki Tovuz deyil. Uğurla həyata keçirilən infrastruktur layihələri bu rayonun simasını tamamilə dəyişdirmişdir. Bunları ona görə daha qabarıq diqqətə çatdırırıq ki, Tovuzda iş görmək, müəssisə açmaq, torpağı əkib- beçərmək, turizm obyektləri yaratmaq üçün hərtərəfli şərait var. Rayon icra hakimiyyəti iş adamlarına daim dəstək olur, müxtəlif müşavirələrdə, fərdi görüşlərdə bu barədə dəfələrlə söhbət açır, konkret işi ilə bunu sübut edir.

Tovuzdan qayıdanda rayonun Şəmkirlə qonşuluqda yerləşən sonuncu kəndi Əyyubluya baş çəkdik və bir neçə seçki məntəqəsində olduq. Nəinki Tovuzun, hətta Azərbaycanın əhalisinin sayına görə üçüncü kəndidir. Daha çox bilirsiniz nə diqqətimizi cəlb etdi? Bu kəndin adamlarının dövlətə və dövlətçiliyə hədsiz sədaqət hissi. Kiminlə söhbət etdiksə qətiyyən öz şəxsi problemlərindən deyil, ümumi işlərdən danışdılar, arzularını bildirdilər, təkliflər irəli sürdülər. Bir vacib məqama da toxunmaq istərdik. Hiss olunur ki, rayonun icra strukturları adamlarla nəinki hər ay, hər gün, hətta hər saat əlaqə saxlayırlar. Belə olmasaydı tez- tez onların adını çəkməzdilər, onlara istinad etməzdilər...

Aprelin 11-də Prezident seçkilərinin Tovuzda yüksək səviyyədə keçəcəyini indidən görmək olur. Fəallıq, yüksək əhval ruhiyyə, işgüzarlıq, gələcəyə daha nikbin baxış. Bütövlükdə 105 saylı dairənin 41 məntəqəsi üzrə 47 min 288 seçici qeydə alınıb. Onlardan 109 nəfər ilk dəfə səs verəcək. Səs verənlərin 8 nəfərinin yaşı 100-ü keçib. Bundan başqa 80-100 yaş arası 8 seçici var.

Tovuz ötən Prezident seçkilərindən sonra müsbətə doğru çox dəyişib. Bunu hər addımbaşı görmək olur...

                   Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

Keçidlər