Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu məktəblilər növbəti “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulub

26 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Tovuzlu məktəblilər növbəti mərhələyə qatılıblar.  Tovuz rayonundan 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə şimal-qərb bölgəsinə yola düşüblər.
Yolasalma mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov, icra hakimiyyəti başçısının müavini Təranə Bayramova çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar.  Məlumat verilib ki, tovuzlu gənclər dörd gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar.
Tur-aksiya iştirakçısı, Mahir Ələkbərov adına Tovuz şəhər tam orta məktəbin şagirdi Nigar Həsənova deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın dünyagörüşünün artmasına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin ölkəmiz haqqında təsəvvürünün, biliklərinin artmasında mühüm rol oynayır”.
Qovlar şəhər Sovet Kazımov adına tam orta məktəbin şagirdi Teymur Məmmədli və Yusif Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbin şagirdi Kamran Zeynalov da layihədə iştirak etdikləri üçün sevindiklərini bildiriblər: “Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxuyub, eşitmişik. Tur-aksiya zamanı bütün bunları əyani şəkildə görə biləcəyik”.
Tur-aksiya iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin Mərkəzdəki büstü önünə gül-çiçək dəstələri düzüblər.

Keçidlər