Tovuz rayonunda 2017-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib
7 fevral 2018-ci il tarixdə Aşıq Ə. Cəfərov adına Tovuz rayon Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab T.M.Zeynalovun sədrliyi ilə “Tovuz rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov məruzə ilə çıxış etmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı statistik rəqəmlər əsasında ötən ilin uğurlarını açıqlamaqla 2018-ci ilə böyük inamla baxmağımıza güclü stimul verdi. Verilən proqnozlar özünü doğrultdu, 2017-ci il üçün nəzərdə tutulan hədəflər gerçəkliyə çevrildi. Azərbaycanın iqtisadi nailiyyətləri, təkmil islahatları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapdı. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verdi. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşdı. Dünya İqtisadi Forumunun hazırladığı inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirmə meyarlarını daha dəqiq əks etdirir. Bu ilki hesabatda Azərbaycan Litva və Macarıstandan sonra üçüncü pillədə qərarlaşıb. Bu, hər şeydən əvvəl son illərdə ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatların, həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsinin məntiqi nəticəsidir.
Statistik rəqəmlərə diqqət yetirək. Keçən il ölkəmizdə qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Valyuta ehtiyatlarımız 4,5 milyard artmış, hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac potensialımız 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. Azərbaycanı 2017-ci ildə 2016-cı ildəkindən 500 min çox turist ziyarət edib. Ötən il Azərbaycanın ticarət balansının müsbət saldosu 6,2 milyard dollar təşkil edib.
Ölkə başçımızın tapşırıqları əsasında keçən il infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, bu məqsədlər üçün böyük vəsait ayrılıb və bunun əsasında növbəti nailliyyətlər qeydə alınıb. Yeni yarımstansiyalar işə düşüb, qazlaşdırılma 93 faizə çatıb, 100 min hektardan çox sahə ilk dəfə suvarılmağa başlayıb, 1300 kilometr avtomobil yolu çəkilib, o cümlədən, 500-dən çox kəndə yeni yol salınıb, içməli su layihələri uğurla icra edilib. Ötən il 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir işləri aparılıb, 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib, 2 olimpiya idman kompleksi istifadəyə verilib.
Ölkəmizdə əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə tamamlanır. Aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. 2017-ci ildə 116 min ailə, 400 mindən artıq insan ünvanlı sosial yardımla təmin edilmiş, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilmişdir. Bununla belə cənab Prezident qeyd etmişdir ki, “biz çalışmalıyıq ki, ağır vəziyyətdə yaşayan vətəndaşları işlə təmin edək, onlar üçün şərait yaradaq, o cümlədən, onları özünüməşğulluq proqramı çərçivəsində işə cəlb edək ki, ünvanlı sosial yardıma ehtiyacı olanların sayı azalsın”.
Ölkə başçımız ötən il 30-dan çox rayona səfər edib, yeni müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirakçı olub, bölgələrdə gedən vəziyyətlə əyani şəkildə tanış olaraq müvafiq tapşırıqlar və tövsiyyələr verib, habelə, qanunvericilik aktları imzalayıb.
Ümumiyyətlə regional inkişaf proqramları əvvəlki illərdə olduğu kimi ötən ildə də uğurla icra olunub. Bu barədə yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ətraflı bəhs olunub.
Konfransda çıxış edən dövlətimizin başçısı qeyd etmişdir ki, “birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvələrində qəbul edilmiş proqram demək olar ki, Azərbaycanın regionlarında dönüş yaratdı. Regionların sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır”.
Həqiqətən, cənab Prezidentin də qeyd etdiyi kimi regional inkişaf proqramlarının icrasının nəticələri göz qabağındadır. Bu proqramların icrasının nəticəsi olaraq 14 il ərzində ölkəmizdə generasiya gücü 2500 meqavata bərabər olan 30 elektrik stansiyası tikilmiş, ölkədə qazlaşmanın səviyyəsi 51 faizdən 93 faizə, içməli su ilə təminat 26 faizdən 67 faizə çatdırılıb. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülmüş, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilmişdir. Dövlət proqramları çərçivəsində 12 min 300 kilomtr yol çəkilmiş, 443 körpü tikilmişdir.
Sosial infrastrukturla bağlı 14 il ərzində böyük işlər görülmüş, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş yaxud təmir edilmişdir, 43 olimpiya idman kompleksi inşa olunmuşdur. O cümlədən, 2017-ci ildə bu sahədə görülən işləri mən bir qədər əvvəl sizə çatdırdım. Dövlət proqramlarının icrası dövründə ölkədə 1,9 milyon iş yeri yardılmışdır ki, onlardan 1,4 milyonu daimi iş yeridir. 2017-ci ildə bu rəqəmlər müvafiq olaraq 221 min və 177 min olmuşdur. Hazırda işsizlik 5 faiz səviyyəsindədir. Birinci proqramın icrasına başlanıldıqda ölkədə yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir. Dövlət proqramlarının icrası sosial sahənin sürətli inkişafını təmin etmiş, maaşlar 5 dəfədən çox, pensiyalar isə 8 dəfədən çox artmış və bir çox önəmli sosial layihələr icra edilmişdir.
Cənab Prezident konfransdakı çıxışında bildirmişdir ki, 14 il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat bu dövrdə 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artmışdır. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım var. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər sırasındadır. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur.
2017-ci ildə ölkəmizdə energetika və nəqliyyat sahəsində tarixi hadisələr baş verdi. Azəri-Çıraq-Günəşli yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması bundan sonra uzun illər ərzində hasilat səviyyəsinin sabit qalmasına imkan verəcək. TANAP və TAP layihələri üzrə nəzərdə tutulan işlər uğurla icra olunmuşdur. Həmçinin, transmilli nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki Azərbaycan, bölgə üçün, dünya üçün önəmli hadisə olub və əlbəttə ki, bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirməkdədir. Eyni zamanda Azərbaycan “Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin icrası istiqamətində üzərinə düşən vəzifələri də uğurla icra edib.
Konfransdakı çıxışı zamanı cənab Prezident qeyd etmişdir ki, son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son 5 il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Bu il 3 “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq və bununla mərkəzlərin sayı 15-ə çatacaq. Daha 5 şəhərdə isə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanacaq.
Dövlətimizin başçısının 23 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanı da şəffaflığın təminatı, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində növbəti mühüm addımlardan oldu. “ABAD” mərkəzinin yaradılması ailə biznesinə böyük dəstəkdir.
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və bununla bağlı aparılan işlər göstərdi ki, Azərbaycan xalqı öz tarixi və dini köklərinə bağlıdır. Azərbaycan dünya miqyasında həm islam həmrəyliyi işlərinin təşkili, eyni zamanda multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkədir.
Ötən il daha bir möhtəşəm tarixlə - Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları ilə yaddaşlara həkk olundu. Azərbaycan siyasi, diplomatik, iqtisadi uğurlar məcrasında idman sahəsində də həmin nailiyyətləri qazanıb və zəfərlər sırasına daxil edib. İslam Həmrəyliyi Oyunları dünyada İslam Həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır, Azərbaycanın niyyətinin və siyasətinin göstəricisidir.
Dövlət başçımız 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhurriyyəti ili” olduğunu bəyan edib və xatırladıb ki, “Azərbaycan o, ölkələrdəndir ki, hələ 100 il bundan əvvəl, ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bu günkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu günkü Azərbaycan Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır”.
Cənab İlham Əliyev iclasda uğurlarımıza söykənərək qarşıda duran vəzifələri də açıqlamışdır. Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, əhalinin sosial müdafiəsini gücləndirmək hər zaman olduğu kimi, bu gün də prioritetdir. Hər bir hədəf islahatların davamlılığını bir tələb kimi qarşıya qoyur. Görüləcək işlərin kifayət qədər böyük olduğunu qeyd edən cənab Prezident bu əminliyi ifadə etmişdir ki, onların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında dinamika daha da sürətlənəcək, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaqdır.
2017-ci ilin yekunları rayonumuz üçün də uğurlu olmuşdur. Bütövlükdə makroiqtisadi göstəricilərdə dinamika müşahidə olunur. 2016-cı illə müqayisədə hesabat dövrü rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi müqayisəli qiymətlərlə 6 faiz artaraq 388 milyon 133 min manat olmuşdur. Bunun ümumi həcminin 61,4 faizi istehsal, 38,6 faizi isə xidmət sahələrinin payına düşür. Müqayisə olunan dövrdə sənaye məhsulunun həcmi faktiki qiymətlərlə 36,4 faiz, əsas kapitala yönəlmiş vəsaitlər 82,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,9 faiz, rabitə xidmətlərinin həcmi 9,5 faiz, pərakəndə ticarət dövriyyəsi 14,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 13,5 faiz artmışdır.
Xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində bir sıra mühüm işlər görülmüşdür. Qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.
Ötən il rayon üzrə 196 milyon 368 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən faktiki qiymətlərlə 23 milyon 670 manat çoxdur.
Biz keçən ildən kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsinə başlamışıq. Mövsüm ərzində 6 min 870 kiloqram barama tədarük edilmişdir. Bu sahədə 2016-cı ilə nisbətən 4,4 dəfə artım var. Baramaçılığa dövlət qayğısı olaraq 26 nəfər kümçüyə 32 min 499 manat subsidiya verilmişdir. Cari il üçün hədəfimiz barama istehsalını 10 tona çatırmaqdır. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün lazımi dövlət dəstəyi vardır. Biz 2016-cı ildə 10 min ədəd xaricdən gətirilmiş tut tingləri, 4 min ədəd yerli tinglər əkmişdik. Ötən il isə daha 3 min ədəd xaricdən gətirilmiş ting və 5 min ədəd yerli tut tingləri əkilmişdir. Qarşıdakı dövrdə baramaçılığın daha da genişləndirilməsi və müvafiq Dövlət proqramına uyğun olaraq rayonda baramaqurutma məntəqəsinin açılması nəzərdə tutulur.
Rayonda tütünçülüyün inkişafı istiqamətində işlər sürətlə davam etdirilir. 2016-cı ildə biz tütünçülüyün bərpası ilə məşğul olmağa başladıq və həmin il cəmi 1624 kiloqram məhsul istehsal olundu. 2017-ci ildə isə tütün əkini sahələri 50 hektara çatdırıldı və 50,6 ton quru tütün istehsal olunub tədarük məntəqələrinə təhvil verildi. Fermerlərə 1 kiloqram quru tütün üçün 5 qəpik hesabı ilə subsidiya hesablanmışdır. Tütünçülük sahəsinə mövsüm ərzində 200 nəfərdən çox işçi qüvvəsi cəlb edilmişdir.
Ötən il rayon ərazisində 410 hektar sahədə şəkər çuğunduru əkilmiş və 4 min ton məhsul istehsal olunmuşdur. Bu sahədə 1359 nəfər mövsümi işçi çalışmışdır. Fermerlərə 1 tonu 4 manat olmaqla 16 min manat subsidiya hesablanmışdır.
Göründüyü kimi çuğundur əkinində məhsuldarlıq lazımi səviyyədə olmamışdır. Bunun bir səbəbi suvarma suyunun çatışmamazlığı, digər bir səbəbi isə bəzi hallarda fermerlər tərəfindən əkin yerlərinin düzgün seçilməməsi ilə bağlı olmuşdur. Nazilər Kabinetinin iclasında cənab Prezident haqlı olaraq bu məsələyə toxunaraq bildirmişdir ki, “Çuğundur o bölgələrdə əkilməlidir ki, orada şəkərlilik və məhsuldarlıq daha yüksək olur”.
Cənab Prezidentin qeyd etdiyi bu meyarlara ciddi surətdə əməl etməklə kənd təsərrüfatı idarəsi İmişli şəkər zavodunun mütəxəssisləri ilə birlikdə cari ilin məhsulu üçün çuğundur əkini sahələrinin düzgün seçilməsində fermerlərə kömək göstərməlidir.
2017-ci ildə 21 min 117 hektar sahədə dənli bitkilər əkilmişdir, bundan 19 min 526 hektarı buğda sahələridir. Buğdanın hər hektarından məhsuldarlıq 32,3 sentner olmaqla 62 min 994 ton məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə 31 min 358 ton çox buğda istehsal olunmuşdur. Cənab Prezident çıxışında taxıl sahələrində hər hektardan minumum 50 sentner məhsul götürülməsini bir tələb kimi qarşıya qoymuşdur və biz buna nail olmalıyıq.
Ötən il 7 min 375 hektar sahədə kartof əkilmiş, 169 min tondan çox məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq 230,1 sentner təşkil etmişdir. Bəzi digər məhsul növləri üzrə əkin sahələrinin genişləndirilməsi səbəbindən kartof əkini sahələrinin azalması məhsul istehsalının da müəyyən qədər azalmasına səbəb olmuşdur. Bu itkini məhsuldarlığın yüksəldilməsi hesabına bərpa etmək fikirindəyik. Ötən il buna müəyyən dərəcədə nail olmuşuq, lakin bunu qənaətləndirici hesab etmirik. Kartofçuluğu inkişaf etdirmək üçün kefiyyətli toxumun alınıb cücərdilməsi istiqamətində işlər aparılır. Ötən ilin payızında Rusiya, Türkiyə və Ukraynadan 2 min 270 ton kartof toxumu gətirilmişdir. Kartof toxumu idxalı indi də davam etməkdədir. Bu isə cənab Prezidentin qeyd etdiyi kimi ölkədən valyuta axını deməkdir. Biz rayonun dağ kəndlərində ənənəvi toxumçuluğun genişləndirilməsi üçün tədbirlər görməyi nəzərdə tuturuq.
Ötən il 1499 hektar sahədə tərəvəz əkilmişdir. Həmin sahələrdən 26 min 404 ton məhsul götürülmüşdür. O cümlədən ümümi sahəsi 44 hektar olan istixanalarda 4396 ton məhsul istehsal olunmuş və il ərzində 4 milyon 317 min manatlıq məhsul satılmışdır. İstehsal olunan məhsulların əsas hissəsi xarici ölkələrə ixrac olunmuşdur. Keçən il əlavə olaraq 5 hektar sahədə yeni istixanalar yaradılmış və bu sahəyə 1 milyon 47 min manat özəl sərmayə yatırılmışdır. Qarşıdakı dövrdə istixanaların ümumi sahəsinin 100 hektara çatdırılması nəzərdə tutulur.
Son illər yerkökü əkini tərəvəzçilikdə çox gəlirli bir sahə kimi özünü doğrultmuşdur. 2017-ci ildə rayonda 380 hektar sahədə yerkökü əkilmiş, 9 min 630 ton məhsul istehsal olunmuş və əsasən xarici bazarlara çıxarılmışdır. İqtisadi səmərəliliyi bu əkin növünə marağı xeyli artırmış və onun coğrafiyası genişlənməkdədir.
Rayonda üzümçülüyün inkişafı qarşımızda duran ən ümdə məsələdir. Ötən il rayonda üzümçülüyə 548 min manat özəl sərmayə qoyulmuş, 56 hektar sahədə yeni üzümlüklər salınmış və üzüm bağlarının ümumi sahəsi 720 hektara çatdırılmışdır. Müvafiq Dövlət proqramına uyğun olaraq bu sahədə lazımi işlər aparılır. Üzüm sahələrinin genişləndirilməsində fermerlərin maraqları müşahidə olunmaqdadır. Bununla belə üzümçülüyün emal bazası ilə bağlı problem bu gün də gündəmdədir. Nazirlər Kabinetinin iclasında cənab Prezident şərab zavodlarının fəaliyyətinin gücləndirilməsi və şərab ixracının artırılmasının zəruriliyindən bəhs etmiş, bununla bağlı müvafiq tapşırıqlar vermiş, çağırışlar etmişdir.
Dövlət başçımızın əsas diqqət yetirdiyi məsələlərdən biri də ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına ixracın şaxələndirilməsidir. Əsas ixrac məhsulları kimi fındıq, xurma, nar və digər meyvə bağlarının genişləndirilməsi qarşıya qoyulmuşdur. Keçən il 127 hektar sahədə müxtəlif meyvə bağları salınmış və meyvə bağlarının ümumi sahəsi 1312 hektara çatdırılmışdır. Alakol kəndində 33 hektar, Aşağı Quşçu kəndində isə 15 hektar sahədə xaricdən gətirilmiş yüksək məhsuldar meyvə sortları əkilmiş və bu işə 407 min manat özəl sərmayə qoyulmuşdur. Müasir bağçılq təsərrüfatları digər yaşayış məntəqələrində də yaradılmaqdadır.
2017-ci il ərzində xarici bazarlara 13 milyon 12 min manat dəyərində 23 min 185 ton məhsul göndərilmişdir. O cümlədən 4 min 300 ton pomidor-xiyar, 7 min ton yer kökü, 10 min ton kartof, 1885 ton meyvə ixrac edilmişdir. Bundan əlavə ötən il xarici bazarlara 1700 ton xurma, 80 ton gilas, 50 ton ərik, 50 ton nar, 5 ton fındıq göndərilmişdir. Rayonun ixrac potensialının gücləndirilməsi istiqamətində işlər davam etidirilir.
Hazırda rayonda kənd təsərrüfatı məhsullarının saxlanılması və ilin bütün fəsillərində təzə-tər şəkildə bazarlara məhsul çıxarılması üçün ümumi tutumu 9160 ton olan 14 ədəd soyuducu kameralar, ümumi tutumu 39 min ton olan 2 ədəd taxıl anbarı fəaliyyətdədir. Onu da deyim ki, cari ilin yanvar ayında Əyyublu kəndində kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 1200 tonluq yeni soyuducunun tikintisinə başlanmışdır.
Ötən il bitkiçilik sahəsində çalışan 13 min 554 subyektə 12 min 630 hektar əkinə görə, 895 min 555 manat subsidiya hesablanıb ödənilmişdir. Bu dövrdə lizinq yolu ilə əhaliyə güzəştli qiymətlərlə 3 min 20 ton mineral gübrələr satılmışdır. Rayonun mineral gübrələrə və kənd təsərrüfatı texnikasına olan təlabatı mütəmadi olaraq öyrənilir, təhlillər aparılır və təchizatla bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır.
Rayonda heyvandarlığın inkişafı məsələləri diqqət mərkəzində saxlanılır. 2017-ci ilin sonuna təsərrüfatlarda 43 min 849 baş iri buynuzlu, 199 min 880 baş qoyun və keçilər, 473 min 971 baş quş olmuşdur. Əvvəlki illə müqayisədə müəyyən artım olsa da bunu kifayətləndirici hesab etmirik. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması yolu ilə heyvanların, o cümlədən, ana heyvanların sayının artırılması istiqamətində işlər aparılır. 2017-ci il ərzində heyvandarlıq təsərrüfatlarında 540 baş heyvan süni mayalandırılmış və 318 baş bala alınmışdır. Alınmış hər baş sağlam buzov üçün 100 manat hesabı ilə heyvandarlara 31 min 800 manat subsidiya ödənilmişdir. Ötən il 8 min 165 ton ət, 33 min 365 ton süd, 19 milyon 610 ədəd yumurta, 409 ton yun istehsal olunmuşdur. Rayon üzrə 5 min 768-dən çox arı ailəsi mövcuddur. Ötən il arıçılıqdan 55,4 ton məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 8,3 ton çoxdur. Cari mövsümdə arıçılıqla bağlı yeni layihələrin icra olunması nəzərdə tutulur.
Heyvandarlıq məhsullarının istehsalında əvvəlki illə müqayisədə artım müşahidə edilsə də, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün tədbirlər görülür. Nazirlər Kabinetinin iclasında çıxış edərkən cənab Prezident demişdir: “Heyvandarlıqla bağlı nəticələr də yaxşıdır. Ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik. Ət və quş əti istehsalı artıq 100 faiz özümüzü təminetmə səviyyəsinə yaxınlaşır. Əlbəttə ki, növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları bu məsələni həll edəcək. Amma hələ ki, belə deyil. Baxmayaraq ki, bu sahədə çox böyük inkişaf var. Heyvandarlığın inkişafı üzrə Dövlət proqramı hazırlanmalıdır və qəbul edilməlidir”. Cənab Prezidentin bu tələblərinin qarşılığında biz rayonumuzdakı süd zavodunun tam gücü ilə işləməsini təmin etməliyik. Hazırda tikilməkdə olan Aqropark zavodun xammal təminatını ödəyəcəkdir . Cənab Prezident eyni zamanda ərzaq təhlükəsizliyini təmin etmək üçün Aqroparkların yaradılmasını bir vəzifə kimi qarşıya qoymuşdur və bu istiqamətdə işlər görülür. Bizim rayonumuzda da ötən il 550 hektar sahədə heyvandarlıq üzrə 1000 başlıq Aqroparkın tikintisinə başlanılmışdır. Bitkiçilik sahəsi üzrə Ceyrançöl ərazisində yaradılmış Aqropark da keçən ildən fəaliyyət göstərir.
Rayon iqtisadiyyatına özəl sərmayənin cəlb olunması əsas hədəfimizdir. Təkcə 2017-ci ildə iqtisadiyyatımıza 32 milyon manat özəl investisiya cəlb olunmuşdur.
Cənab Prezident çıxışında xalçaçılığın inkişafından, yeni yaradılmış və yaradılmaqda olan xalçaçılıq fabriklərindən danışmış, onların böyük ixrac potensialı yaratdığını qeyd etmişdir. Bizim rayonda da “Azərxalça” ASC-nin Tovuz filialı yaradılmışdır və bununla da 150 yeni iş yeri açılmışdır. Burada istehsal olunan məhsullar ixracın həcmini xeyli artıracaqdır.
Rayonda torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorativ işlərin həyata keçirilməsi 2017-ci ildə də davam etdirilmişdir. Tovuzçay su anbarı üzərində nasos stansiyası quraşdırılması işi başa çatdırılmışdır. Eyni zamanda Ağdağ adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinə su verilməsi üçün ikinci pillə nasos stansiyasında quraşdırma işləri tamamlanmışdır.
Hazırda 27 yaşayış məntəqəsinin ərazisində 6839 hektar sahənin suvarılmasını təmin edən 402 ədəd subartezian quyusu fəaliyyət göstərir. Birinci Dövlət proqramı cərçivəsində 7 ədəd, ikinci dövlət proqramı çərçivəsində isə 19 ədəd (cəmi 26 ədəd) subartezian quyusu qazılıb istifadəyə verilmişdir. 2013-2017-ci illərdə isə bundan əlavə cənab Prezidentin müvafiq Sərəncamları ilə 51 ədəd subartezian quyusu qazılmışdır. Budan 6 ədədi 2017-ci ildə qazılmış və istismara hazır vəziyyətdədir. Bu layihənin carı ildə də davam etdirilməsi nəzərdə tutulur.
Yerlərdən gələn təkliflər əsasında Azaflı və Bayramlı kəndlərində 1000 hektardan çox əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün həmin ərazilərə Tovuzçay su anbarından suyun ötürülməsi və bu kəndlərin ərazisində süni göllərin yardılması ilə bağlı aidiyyatı mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış və hazırda həmin məsələyə baxılır. Eyni zamanda Əlibəyli və Hacallı kəndlərinin Xunam adlanan ərazisində olan 150 hektar kənd təsərrüfat təyinatlı torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində iş aparılır.
Cənab Prezident suvarma məsələlərindən danışarkən demişdir: “Meliorativ tədbirlərin yaxşılaşdırılması və sudan səmərəli istifadə edilməsi üçün pivot suvarma sistemlərinin geniş tətbiqi təmin olunmalıdır. Bu məqsədlə ölkəmizdə pivot qurğularının istehsalı təşkil olunur ki, artıq xaricə vəsait getməsinin qarşısını alaq və özümüzü bu qurğularla özümüz təmin edək. Fermer təsərrüfatlarında, xüsusilə böyük aqroparklarda bu sistemlərdən mütləq istifadə olunmalıdır. Çünki bu, məhsuldarlığı böyük dərəcədə artırır və sudan səmərəli istifadə olunmasına imkan yaradır”. Cənab Prezidentin bu tapşırığı bizim rayon üçün daha xarakterikdir.
Sahibkarlığın inkişafına dəstək verilməsi, sağlam biznes mühitinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Hesabat dövründə Sahibkarlara Kömək Milli Fondu tərəfindən hüquqi və fiziki şəxslərə kənd təsərrüfatının inkişafı məqsədilə 41 layihə üzrə 1 milyon 907 min manat kredit verilmişdir. Bunun hesabına 101 iş yeri açılmışdır. Digər banklardan 4912 fiziki şəxsə 9 milyon 825 min 600 manat vəsait verilmişdir.
Rayonda ötən il 1639 yeni iş yeri açılmışdır ki, bundan 1039-u daimi iş yerləridir. Bütövlükdə isə 2004-2017-ci illər ərzində 24 min 227 iş yeri açılmışdır ki, bundan 15 min 954-ü daimi iş yerləridir.
Cənab Prezident nitqində özünüməşğulluq proqramına geniş yer verərək demişdir: “Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək... bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq”.
Özünüməşğulluq proqramı çərçivəsində ötən il rayonda 7 ailənin hər birinə bir baş sağmal inək, bir baş boğaz düyə, bir baş dana, bir ailəyə 1000 baş iri cücə, iki ailənin hər birinə 18 quzulu qoyun verilmişdir. Bu işlər növbəti mərhələlərdə daha çox ailələri əhatə edəcəkdir.
Ötən il 1083 ailəyə ünvanlı sosial yardım ödənilib ki, bunun da aylıq məbləği 164 min 337 manat təşkil edir.
2017-cı ildə rayon üzrə təsdiq olunmuş 9 milyon 611 min manat proqnoza qarşı büdcəyə 10 milyon 350 min manat vəsait daxil olmuş, proqnoz 107,7 faiz yerinə yetirilməklə əvvəlki ilə nisbətən 883 min manat çox vəsait daxil olmuşdur. Hesabat dövründə rayon üzrə ümumi xərclərin 76,3 faizi yerli xərclər hesabına həyata keçirilmişdir. Ötən il rayonun xərcləri 12 milyon 653 min 900 manat proqnozlaşdırılmış, 12 milyon 241 min 500 manat və ya 96,7 faiz icra olunmaqla nəzərdə tutulduğundan 412 min 400 manat az xərc edilmişdir. Bununla belə qeyd etməliyəm ki, ötən il 6 vergi növü üzrə müəyyən olunmuş proqnoz yerinə yetirilməmişdir. Bu hesaba büdcə 2 milyon manatdan çox vəsait itirmişdir. Biz özünümaliyyələşdirməni hədəf götürdüyümüz halda bu qətiyyən yolverilməzdir.
Son bir neçə ildə rayona böyük turist axınına nail olmuşuq. Bizim gözəl turizm məkanlarımız var və lazımi infrastruktur da yaradılmışdır. Hazırda rayonda eyni vaxtda 200-ə yaxın turisti qəbul edəcək otel təsərrüfatları və bilavasitə turist məkanlarında turistlərin qəbulu üçün hazırlanmış 100-dək fərdi evlər vardır. Daha bir otel Xınna dərəsində Zəyəm çayı hövzəsində tikilir. Bu sahədə fəaliyyət göstərən iş adamlıarına bundan sonra da lazımı dəstək göstəriləcəkdir.
Hazırda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə icra etdikləri layihəyə əsasən rayonumuzun turizm potensialının araşdırılması ilə məşğuldurlar.
Ötən il rayonun müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda ağacəkmə aksiyaları keçirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yeni Azərbaycan Partiyasının “hərəyə bir ağac əkək” layihəsi çərçivəsində rayonda 8 min 168 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. İDEA İctimai Birliyinin təsisçisi və rəhəbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində rayonun Düz Cırdaxan kəndi ərazisində 2 hektara yaxın ərazidə fındıq bağı salınmış və əvəzsiz olaraq 3 şəhid ailəsinə verilmişdir.
Hesabat dövründə yaşayış məntəqələrində sosial infrastrukturun möhkəmləndirilməsi və fəaliyyətinin davamlılığının təmin olunması məsələləri ilə müntəzəm məşğul olunmuşdur.
Rayonda yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatının fasiləsizliyinə nail olmaq üçün elektrik təsərrüfatında əhəmiyyətli təmir və yenilənmə işləri aparılmışdır. Bir sıra yaşayış məntəqələrində elektrik verilişləri xətləri kabelləşdirilmiş, istismar vaxtını başa çatdırmış elektrik dayaqları dəyişdirilmişdir. Bu işlər davam etdirilir. Cari ildə elektrik paylayıcı şəbəkənin yenidən qurulması üzrə müvafiq layihəyə uyğun olaraq elektrik təsərrüfatının yenidən qurulması istiqamətində geniş həcmli işlərin görülməsi nəzərdə tutulur.
Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsinə də öz təsirini göstərmişdir. İlin yekununa görə elektrik enerjisinin dəyərinin ödənilməsi 99,53 faiz təşkil etmişdir. Bu yüksək nəticədir.
Əhalinin qazla təminatı sahəsində ötən il müəyyən işlər görülmüşdür. İl ərzində 50 yaşayış məntəqəsində 426 abonentə təbii qaz verilmiş, ümumilikdə təbii qaz alan abonentlərin sayı 32 min 111-ə çatmışdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, 2004-cü ildə cəmi 9 min 280 abonent qazla təmin olunurdu. Hazırda rayon üzrə qazlaşmanın səviyyəsi 85 faiz təşkil edir. Bu il də qazlaşma işləri davam etdiriləcəkdir.
Tovuz şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi artıq başa çatmışdır. Lakin sayğaclaşma işlərinin başa çatdırılmaması içməli su ilə təminatda fasilələrin yaranmasına səbəb olur. Ümumiyyətlə əhalinin içməli su ilə təminatı sahəsində problemlərimiz var. Biz bunları dəqiq təhlil etmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında müvafiq təkliflərlə çıxış etmişik. Hazırda 26 yaşayış məntəqəsində su təminatı ilə bağlı aidiyyatı qurumlar tərəfindən yerində araşdırmalara başlanılmışdır. Eyni zamanda təbii bulaqlardan istifadənin nizama salınması ilə əlaqədar təkliflərimiz də öyrənilir.
Son illərdə Tovuz rayonunda aparılan tikinti-quruculuq və abadlıq işləri ardıcıllıqla davam etdirilmiş, bir sıra sosial xarakterli layihələr həyata keçirilmiş, yollar salınmış, parklar və küçələr abadlaşdırılmış, şəhər və kəndlərin siması xeyli müasirləşdirilmişdir.
Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının əhatə etdiyi dövrdə Tovuz və Qovlar şəhərlərində ən müasir tələblər səviyyəsində mədəniyyət və istirahət parkları salınmış, Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Qala kompleksi, Bayraq Meydanı tikilmiş, beş ulduzlu “Ayan Palace” oteli istifadəyə verilmiş, 80 çarpayılıq mərkəzi rayon xəstəxanası, Diaqnostika və Hemodializ Mərkəzi, onlarla inzibati idarə binası, çoxmərtəbəli yaşayış evləri, ticarət, xidmət və turizm obyektləri tikilib istifadəyə verilmişdir. 7312 şagird yerlik 21 məktəb binası tikilmiş, 5982 şagird yerlik 10 məktəb binası əsaslı təmir edilmişdir. Heydər Əliyev fondunun dəstəyi ilə Tovuz və Qovlar şəhərlərində hər biri 100 yerlik üç uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Bununla belə hazırda 13 məktəb binası qəzalı vəziyyətdədir, 8 məktəb uyğunlaşdırılmış binada yerləşir, 13 məktəb binasının isə əsaslı təmirə ehtiyacı vardır.
Cəmi uzunluğu 138 kilometr olan Tovuz-Böyük Qışlaq-Qaralar, Tovuz-Qovlar-Ağbaşlar, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolları əsaslı təmir edilmiş, 52 kilometr uzunluğunda Qovlar-Əyyublu-Alakol-Ağacqala-Sarıtala-Haçaqaya avtomobil yolunun tikintisinə başlanmış və hazırda yolun tikintisi davam edir. Axınca, Zəyəm və Tovuz çayları üzərində 8 avtomobil körpüsü salınmış, çoxlu sayda su keçidləri quraşdırılmışdır. 2017-ci ildə cəmi uzunluğu 13 kilometr olan Əlibəyli-Hacallı, Tovuz-Ağdam və Yuxarı Öysüzlü-Ağdam kəndlərarası avtomobil yolları əsaslı təmir edilmişdir. Cənab Prezident çıxışında yol infrastrukturu ilə bağlı vəziyyəti də ətraflı təhlil etmiş, bu sahədə görülən böyük işlərin ümumi mənzərəsini canlandırmış və yaxın gələcəkdə ölkə üzrə bütün avtomobil yollarının təmiri ilə əlaqədar tapşırıqlar verilmişdir. Bizim rayonda da təmirə ehtiyacı olan 134 kilometr uzunluğunda yol təsərrüfatı vardır və bu yolların tam təmirinə nail olunması üçün adiyyatı üzrə iş aparılır.
Rayonda abadlıq və quruculuq işlərinin aparılması həmişə diqqət mərkəzində saxlanılır və gündəlik iş kimi qarşıda durur. 2016-2017-ci illərdə Tovuz və Qovlar şəhərlərinin, digər yaşayış məntəqlərinin abadlaşdırılması işləri davam etdirilmiş, küçələrə hasar çəkilmiş, səkilərə tamet tavalar döşənmiş, dekorativ şəbəkələr qurulmuş, rəngləmə işləri aparılmış, bort daşları düzülmüş, divarlara aqlay və qaya daşlarından dekorativ üzlüklər vurulmuşdur. Tovuz şəhərində S.Qılıcov, N.Nərimanov, A.H.Bozalqanlı, A.Ə.Rzayev, S.Məmmədov, E.Quliyev, Nəsimi, M.Ə.Rəsulzadə, Vaqif küçələrində müvafiq olaraq ümumi sahəsi 31550 kv.m, Qovlar şəhəri N.Nərimanov prospektində sahəsi 13200 kv.m olan yollara asfalt beton örtük salınmışdır.
Rayonda 7 ədəd beşmərtəbəli, 25 ədəd ikimərtəbəli yaşayış binalarında təmir işləri aparılmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 6 fərdi ev tikilmişdir. Ərazi Kənd Təsərrüfatı İdarəsinin və Tovuz Elektrik Şəbəkəsinin yeni inzibati binası tikilib istifadəyə verilmişdir. Xalça istehsalı müəssisəsi tikilmiş, Tovuz şəhərində Nizami mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət muzeyinin tikintisi davam etdirilmişdir.
Ağacqala, Qandallar və Lazılar kəndlərində modul tipli məktəblər tikilib istifadəyə verilmiş, Ağbulaq kənd tam orta məktəbinin tikintisi və Qovlar şəhər internat məktəbinin əsaslı təmir işləri davam etdirilir. Fransanın Konyak şəhəri ilə Tovuz şəhərinin qardaşlaşması nəticəsində Qovlar şəhərində Dostluq parkı yaradılmış, burada rəmzi abidə ucaldılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Tovuz şəhərində Tarix Diyarşunaslıq Muzeyinin və Bayraq Muzeyinin tikintisi aparılır. Bu il daha 9 modul tipli məktəb binasının tikilməsi nəzərdə tutulur.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə 30 milyon 932 min 600 manat vəsait yönəldilmişdir. Bu əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 94,7 faiz artım deməkdir.
Qeyd etmək yerinə düşərdi ki, son 10 ildə cənab Prezident 6 dəfə Tovuz rayonuna səfər etmiş, 15 obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, rayonumuzda aparılan işlərlə yerində tanış olmuş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərində Tovuz rayonunun uğurla inkişaf etdiyini qeyd etmişdir.
Təhsil sahəsində ötən il müəyyən işlər görülmüşdür. 2017-ci ildə orta məktəbləri bitirən 1650 nəfər məzundan 542 nəfəri ali məktəblərə, 131 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşlar. F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin məzunu Əhmədli Kənan Fazil oğlu qəbul imtahanında 695 bal toplayaraq ən yüksək nəticə göstərmişdir. 30 nəfər 600 baldan yuxarı, 80 nəfər isə 500 baldan yuxarı müvəffəqiyyət əldə etmişdir. Keçən il müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmiş, rayon üzrə ümumi orta bal maksimum balın 60,9 faizini təşkil etmişdir.
Hərbi vətənpərvərlik sahəsində aparılan işlər davam etdirilmiş və hesabat ilində 25 nəfər gənc ali hərbi məktəblərə, 7 nəfər isə hərbi liseylərə qəbul olunmuşdur. Beləliklə son 10 ildə ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunan tovuzlu gənclərin sayı 563 nəfərə çatmışdır. Biz bununla fəxr edirik və bu sahədə daha yüksək nəticələr əldə etmək əzmindəyik.
Yuxarda adlarını qeyd etdiyim yeni inşa olunmuş məktəbəqədər təhsil müəssisələri tam gücü ilə fəaliyyətə başlamışdır. Məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsinə yenə də ehtiyac vardır. Əhalisinin sayı 1000 nəfərdən çox olan 15 inzibati ərazi dairəsində uşaq tərbiyyə müəssisəsi yoxdur.
Əhaliyə göstərilən tibbi xidmət daim diqqət mərkəzində saxlanılır. Səhiyyə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, tibbi xidmətin səviyyəsi yaxşılığa doğru dəyişməkdədir. Sakinlərimizin rayon səhiyyəsinə inamları artmaqdadır. Təkcə onu qeyd etmək kifayətdir ki, il ərzində 1916 cərrahi əməliyyat aparılmışdır. Keçən il cənab Prezidentin tapşırıqlarının icrası olaraq 15 fevral-15 may tarixində rayon əhalisinin profilaktik tibii müayinəsi həyata keçirilmişdir və bu vacib tədbir bu il də həyata keçiriləcəkdir.
Mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərə bir qədər əvvəl toxunduq. Rayonumuzda mədəniyyət müəssisələrinin zəngin bazası yaradılır. Qarşıda duran əsas vəzifə bu dövlət qayğısına cavab olaraq mədəniyyətimizi lazımi səviyyədə təqdim etməyə hazır olmaqdan ibarətdir.
Keçən il ərzində bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər davam etdirilmişdir. İdmanın əksər sahələri üzrə müxtəlif yarışlar keçirilmiş, mövcud idman qurğularının potensialından səmərəli istifadə olunmuşdur. İdmançılarımız respublika birinciliyində və çempionatlarda iştirak etmişlər.
Olimpiya İdman Kompleksinin və Gənclər evinin imkanlarından maksimum istifadə olunması, gənclərin asudə vaxtının səmərəli təşkili sahəsində məqsədyönlü işlər görülür. Tovuz Olimpiya İdman Kompleksi “İlin ən yaxşı idman qurğusu” seçilmişdir.
Rayonda gənclərin ordu sıralarına hazırlanması və göndərilməsi yüksək mütəşəkkilliklə və təntənəli tədbirlərlə müşayət olunur. Ötən il rayonumuzda gənclərin həqiqi hərbi xidmətə göndərilməsi sahəsində proqnoz tapşırıqlar yerinə yetirilmişdir.
Hesabat ilində rayonun mülki müdafiəsi, yanğın təhlükəsizliyi, təbii fəlakətlər və fövqəladə hadisələr zamanı əhalinin təhlükəsizliliyinin təmin olunması diqqət mərkəzində saxlanılmış, müvafiq planlar hazırlanmış, lazımi maarifləndirmə işləri aparılmışdır. Bu il 24-28 iyul tarixlərində rayonda kompleks mülkü müdafiə təlimi keçirilmiş və təlim uğurla başa çatmışdır.
Ötən il Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım fonduna 40 min 823 manat vəsait köçürülmüşdür.
Rayonda ictima-siyasi sabitlik hökm sürür. Hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində əməliyyat şəraiti sabit saxlanılmışdır.
2017-ci ildə ideoloji işin təşkili istiqamətində müntəzəm iş aparılmış, Heydər Əliyev mərkəzində keçirilən tədbirlərin sistemliliyi təmin olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin əhali arasında fəal təbliği təşkil edilmişdir. “Ölkəmizi tanıyaq” şüarı altında tur-aksiyalar davam etdirilmiş, mart və noyabr aylarında Qəbələ, Şəki və Zaqatala rayonlarına iki tur aksiya təşkil olunmuşdur.
Ötən il ərzində rayonda fəaliyyət göstərən siyasi partiyaların yerli təşkilatları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və dini qurumlarla qarşılıqlı fəaliyyətin təşkili sahəsində müvafiq iş aparılmış, ərazidəki ictimai-siyasi vəziyyət barədə məlumatlar toplanılaraq təhlil edilmiş və fəaliyyətimizdə nəzərə alınmışdır.
2017-ci ilin “İslam həmrəyliyi” ili elan edilməsi ilə bağlı təsdiq olunmuş tədbirlər planı ardıcıllıqla yerinə yetirilmişdir. Yeri gəlmişkən qeyd edim ki, 2018-ci il də ictimai-siyasi hadisələrlə zəngin bir ildir. Bu ili möhtərəm Prezidentimiz “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etmişdir. Prezidentimizin bununla bağlı Sərəncamı böyük tarixi hadisədir. Eyni zamanda bu il Ümummilli Liderimiz Heydər Əliyevin 95-ci ildönümüdür. Rayon İcra Hakimiyyəti olaraq biz bu tədbirlərlə bağlı üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirəcəyik.
Ötən il rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barədə respublika mətbuatında və yerli “Tovuz” qəzetində müntəzəm yazılar dərc edilmiş, mərkəzi və yerli televiziya kanallarında kifayət qədər işıqlandırılmışdır.
2017-ci ildə bələdiyyə qurumları tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində müxtəlif tədbirlər, əhali ilə görüşlər keçirilmiş, problemlərin öyrənilməsi və həlli ilə bağlı işlər görülmüşdür. “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində 72 min 800 manat dəyərində 63 xırda layihə icra olunmuşdur. Bələdiyyələrdə avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi davam etdirilir.
2018-ci ilin yanvar ayında ərazi nümayəndəliklərinin 2017-ci ilin yekunlarına dair hesabatları keçirilmişdir. Hesabat yığıncaqlarında 2096 nəfər iştirak etmiş, 206 nəfər tənqidi qeyd və təkliflərlə çıxış etmiş, ərazilərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 214 təklif və tənqidi qeyd səslənmişdir. Hesabat yığıncaqlarında səslənən tənqidi qeydlər və təkliflər, qaldırılan problemlər ümumiləşdirilərək təhlil edilir, aidiyyəti təşkilatlara göndərilir və il ərzində icrasına nəzarət olunur. Bir sıra təkliflərlə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırılır.
2017-ci ildə RİH başçısı yanında Şuranın 26 iclası keçirilmiş və 31 məsələ müzakirə edilmiş, rayonda qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi, mədəni və digər yerli məsələlərə dair təkliflər verilmişdir. Bu il də rayonda sosial-iqtisadi inkişafa, ictimai-siyasi vəziyyətə dair aktual məsələlər rayon icra hakimiyyətinin perspektiv iş planına daxil edilmiş və vaxtaşırı olaraq RİH başçısı yanında Şura iclaslarında geniş müzakirə olunması nəzərdə tutulur.
Keçən il ərzində RİH başçısı aparatına 879 vətəndaş müraciəti daxil olmuşdur. Bütün müraciətlər vahid elektron informasiya sisteminə daxil edilmiş, hər bir müraciətə həssaslıqla yanaşılmış, qanunvericiliyə uyğun qaydada baxılmış və cavab verilmişdir. Daxil olan müraciətlər əsasən kənd təsərrüfatı, torpaq, kredit, mənzil, iş, birdəfəlik maddi yardım, enerji daşıyıcılarının dəyərinin ödənilməsinə güzəşt edilməsi, su təchizatı, təbii fəlakət hadisələri və sair sahələrlə bağlı məsələlərdir. Ona nail olmağa çalışmışıq ki, vətəndaş məmnunluğu təmin edilsin. Hesabat dövründə RİH başçısı tərəfindən 1996 nəfər vətəndaş qəbul edilmişdir.
Ötən il ərzində yaşayış məntəqərində 41 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə yerli sakinlər tərəfindən 381 təklif səslənmişdir. Qaldırılmış məsələlərin böyük əksəriyyəti öz həllini tapmış, müəyyən hissəsi hazırda icra olunmaqdadır, bir sıra təklif və tənqidi qeydlərlə əlaqədar aidiyyatı üzrə məsələ qaldırılmış və vətəndaşlara hüquqi izahatlar verilmişdir.
Yerlərdə qaldırılan məsələlərin əksəriyyəti ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlıdır, onların həlli ilə əlaqədar təkliflərimizi hökumətə təqdim etmişik və baxılmaq mərhələsindədir.
2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində ölkəmizdə böyük uğurlar qazanılmışdır. Bu uğurlar onu göstərir ki, 2018-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövcud iqtisadi potensialından xalqımızın maraqlarına uyğun istifadə edilir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Mən bu gün hesabat yığıncağında qazandığımız uğurlar, əldə etdiyimiz nəticələr və qarşıda bizi gözləyən vəzifələr barədə ətraflı söz açdım. Məruzə boyu işimizdə olan nöqsanlara da toxundum. Rayonda mövcud olan hər bir problemin həlli üzrə konkret tədbirlərimiz var. Konfransda cənab Prezidentin qarşıya qoyduğu vəzifələrlə bağlı tədbirlər planı hazırlanıb Şura yığıncağına təqdim edilmişdir. Üzərimizə düşən məsuliyyəti dərindən dərk edərək bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Sizlərlə birlikdə bütün qüvvə və bacarığımızı sərf edəcəyik.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq öz fəaliyyətimizi bundan sonra daha da gücləndirəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün göstərişlərini və tapşırıqlarını ləyaqətlə yerinə yetirəcəyik.
Qədirbilən tovuzlular bir mənalı şəkildə ölkə başçısının daxili və xarici siyasət xəttini ürəkdən bəyənir və dəstəkləyirlər. Biz cənab Prezidentin müəyyən etdiyi inkişaf hədəflərinə nail olunması üçün səylərimizi daha da artıracaq, əməli fəaliyyətimizlə Heydər Əliyev ideallarına və Prezidentimizə həmişə sadiq olduğumuzu nümayiş etdirəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm!
Hesabat yığıncağında Milli Məclisin deputatları Qənirə Paşayeva və Rafiq Məmmədhəsənov çıxış edərək, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildiriblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.