Tovuzda 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilmişdir
01 fevral 2012-ci il tarixdə Tovuzda 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. 250 nəfər idarə, müəssisələri, qeyri- hökumət və gənclər təşkilatlarını təmsil edən gənclərin, rayon rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə rayon mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstləri qoyulmuş, Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olunmuşdur.
Tədbir öz işini “Turan” şadlıq sarayında davam etdirmişdir. Giriş sözü ilə tədbiri açan Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini, onu yeni müasir çalarla zənginləşdirdiyini, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün dövlətimizin hərtərəfli qayğı göstərdiyini bildirmişdir. Çıxışlarda rayonda gəncləri narahat edən məsələlərə diqqətlə yanaşıldığı, onların ictimai həyatda fəallıq göstərmələri üçün lazımi şəraitin yaradıldığı vurğulanmışdır. Eyni zamanda 2011-ci ildə rayon gənclərinin qazandığı nailiyyətlər qeyd edilmiş, müəyyən göstəriciləri olan gənclər rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif edilmişlər.
Yekunda iştirakçılara özfəaliyyət koolektivlərinin hazırladıqları konsert proqramı təqdim olunmuşdur.