Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin doğum günü münasibətilə tədbir keçirilib

05 may 2022 | 16:00

Bu gün Tovuzda Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayevin doğum günü münasibətilə Tovuz rayon İcra Hakmiyyətinin və Milli Kino Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Əvvəlcə Qasım Rzayevin anadan olduğu Əlibəyli kəndində məzarı və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Sonra Tovuz rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədovun, hüquq mühafizə orqanları, idarə və təşkilatların rəhbərlərinin, şəhid ailələri və qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Nizami adına Mədəniyyət evində Milli Qəhrəmanımızın ad günü münasibətilə tədbir keçirilib.

Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunub.

Tədbirdə çıxış edən Məmməd Məmmədov Birinci və İkinci Qarabağ müharibələrində, eyni zamanda 2020-ci ildə baş vermiş Tovuz döyüşlərində həmyerlilərimizin göstərdiyi şücaət və igidlikdən danışmış, Milli Qəhrəmanımız Qasım Rzayevin şanlı həyat yolunu tədbir iştirakçılarının diqqətinə çatdırmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və qazilərimizə göstərilən diqqət-qayğıdan bəhs etmişdir.   

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri  Əli Əliyev, Şəhid Yusifov Münasib Mübariz oğlunun atası Mübariz Yusifov və  Milli Qəhrəmanımız döyüş yoldaşları çıxış edərək Qasım Rzayevin keçdiyi döyüş yolundan, Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs etmişlər.

Qasım Rzayevin qardaşı Valeh Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların ailəsinə dəstəyini hər zaman hiss etdiyini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.

Sonda Qasım Rzayevin adını daşıyan Hacıalılı kənd tam orta məktəbin şagirdlərinin ifasında şeir və musiqi kompozisiyası və Milli Qəhrəmanımızın həyat yolu ilə bağlı çəkilmiş “Yurdu yaşatmaq üçün” filmi nümayiş etdirilmişdir.


 

Keçidlər