Xalq qəzeti: Kəndin problemləri var, amma onlara biganəlik yoxdur
Tovuza gedib Niftalı Qasımovu görməsəm, elə bilərəm Tovuzda olmamışam. Uzun illərin dostuyuq, 30 ildən çoxdur. Tarixçəsini qısaca deyim.
Çoxları bilir, sovetlər dövründə Ukraynanın paytaxtı Kiyev şəhərində rəhbər partiya, sovet və komsomol işçilərinin ikiaylıq zabitlər kursu olurdu. Onunla da elə 1989-cu ilin noyabrında orada tanış olmuşduq. O zaman Niftalı Qasımov Tovuz Rayon Komso¬mol Komitəsinin birinci katibi, mən isə Gəncə Şəhər İcraiyyə Komitəsi təşkilat-təlimat şöbəsinin müdiri idim. Olduqca sakit, sadə, bəlkə də bir qədər sözün yax¬şı mənasında sadəlövh, eyni zamanda çox mehriban, tərbiyəli bir gənc idi. Azərbaycanın müxtəlif şəhər və rayonlarından kursa cəlb edilmiş on nəfər azərbaycanlının hər biri Niftalını çox istəyirdi.
Sonralar, yəni həmin kursdan cəmi beş ay sonra keçmiş “Kom¬munist” qəzetinin (indiki “Xalq qəzeti”) Qərb bölgəsi üzrə xüsusi müxbiri təyin ediləndən sonra Niftalı ilə daha tez-tez görüşməyə başladıq. Komsomoldan sonra rayon partiya komitəsində, sonra isə rayon icra hakimiyyətində işlədi. Uzun illərdir rayon icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.
Bunları nəyə görə xatırla¬dım? İllər keçib, Niftalı isə zərrə qədər də dəyişməyib. Dəyişən təkcə şəvə kimi qara saçlarıdır. İndi ağappaqdır. Dəyişməyən isə yenə həmin sadəlik, səmimiyyət, sadəlövhlük, mehribanlıqdır. 32 il qabaq uzaq Ukraynada hamı¬mızın kiçik qardaş qədər xətrini istədiyimiz Niftalını indi Tovuzda da hamı çox istəyir. Çünki uşaqla uşaqdır, böyüklə böyük...
Bayramlı kəndinə gedirik. Elə Niftalı Qasımovun xidməti “Niva” maşınında. Rayon mərkəzindən 7 kilometr aralıda yerləşir bu kənd. İcra hakimiyyətinin rəsmi face¬book səhifəsindən oxumuşdum ki, bu gün orada başçının səyyar görüş-qəbulu olacaq. İştirak etmək arzusunda olduğumu bildirən kimi Niftalı “istəyirsən gedək” deyib razılaşmışdı.
Ola bilərmi ki, səyyar qəbulun vaxtı dəyişsin, deyə yol kənarında işləyən adamlara diqqətlə ba¬xan, hərdən sürücüsünə maşını bir qədər yavaşıdıb onlara nəsə deyən, tapşırıq verən Niftalı Qa¬sımov sanki qeyri-adi bir hadisə baş veribmiş kimi səsini bir qədər ucaldır:
-Sən nə danışırsan, Məmməd müəllim sevmir belə işləri. Kimisə qapısında gözlətmək, tədbirə, görüşə gecikmək və ya təxirə salmaq, fikrini dəyişmək, hələ bu 4 ildə görməmişik.
Dörd il deyəndə Niftalı təbii ki, Məmməd Məmmədovun 2018-ci ilin iyun ayından Tovuz Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrü nəzərdə tuturdu.
Fürsətdən istifadə edib Bayramlı kəndi haqqında bəzi məlumatları başçının müavinindən soruşuram. Çoxunu əzbər bilir. Dəqiq bilmədiklərini isə zəng edib kənd icra nümayəndəsindən soruşur.
Öyrənirik ki, Bayramlı kəndinin əhalisinin sayı 3 min nəfərə çatır. Burada əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Artıq bu il kənddə 29 hektar buğda, 39 hektar kartof əkilmişdir. Mal-qara, qoyun-quzu saxlayanlar da az de¬yil.Əgər kənddə 820 ev təsərrüfatı olduğunu və 1061 baş iribuynuzlu heyvan saxlandığını nəzərə alsaq, orta hesabla hər bir ailənin bir başdan da çox mal-qarası var.
Kənddə iki məktəb, bir həkim məntəqəsi, klub, ATS, poçt şöbəsi, kitabxana fəaliyyət göstərir.Kənd əhalisinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə son iki ildə 5 müasir tipli qaz tənzimləyici qurğu quraşdırılmış, 300 metr müxtəlif diametrli xətt çəkilmiş və 15 ev təbii qazla təmin olun¬muşdur. İstismar müddətini başa vurmuş 300 sayğac yenisi ilə əvəz edilmişdir. 2021-2022-ci illərdə Bayramlı kəndində istis¬mara yararsız 30 dayaq yenisi ilə əvəzlənmiş, yüksək gərginlikli 2000 metr xətt, aşağı gərginlikli 1500 metr xətt və 2 ədəd transfor¬mator dəyişdirilmişdir.
Bu illərdə Bayramlı da şəhidlər verib. Onların 10 nəfəri Birinci Qarabağ müharibəsinin şəhidləridir. 2016-cı ilin Aprel şəhidi də var. Vətən müharibəsi şəhidi isə iki nəfərdir. “Qarabağ” ordenli Mehman Yusifov və Amil Rüstəmov. Hər ikisi Bayramlı kənd qəbiristanlığında uyuyur. Bütövlükdə, Bayramlıdan 28 nəfər Vətən müharibəsində iştirak etmiş və 6 nəfər xəsarət almışdır.
Niftalı Qasımov deyir ki, bu kəndin ən böyük problemi su problemidir. Suvarmada əsasən Əsrikçayın suyundan istifadə olu¬nur ki, o da əksər hallarda gəlmir və ya az olur.
...Kəndə çatırıq, Əsrikçay gö¬rünür. Doğrudan da suyu elə gəlir ki, gəlməsə ondan yaxşıdır. Yəni bu su ilə təsərrüfatları suvarmaq müşkül bir işdir.
Kəndarası yollar da yaxşı vəziyyətdə deyil. Kələ-kötür, tozlu-torpaqlı yollardır. Amma kəndarası yolların tezliklə bərpa olunması, hətta asfalt salınması gözlənilir. Bir faktı qeyd etmək istəyirəm ki, Bayramlının camaatı tənbəl deyil, əllərini qoynuna qoyub gözləyən insanlar deyil. Dəfələrlə yığışıb su arxlarını təmizləyiblər, yolları daş-kəsəkdən təmizləyib, hamar¬layıblar...
Görüş-qəbulun keçiriləcəyi məktəb binasına çatırıq. Akt zalına xeyli adam yığışıb. Hamısının ağzında maska, müvafiq qayda-qanunlara tam əməl olunmaqla.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbula gələnləri salam¬ladıqdan sonra ölkənin daxilində və xaricində baş verən hadisələr haqqında qısa məlumat verir. Deyir ki, səyyar görüş-qəbullar bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə həyata keçirilir. Rayon rəhbəri bir daha xatırladır ki, tarixi qələbəmiz bizə imkan verib ki, daha böyük abad¬lıq-quruculuq işləri ilə məşğul ola bilək. İndi əbədi torpaqlarımız Qa¬rabağda elə misilsiz işlər həyata keçirilir ki, bütün dünyanın diqqəti yenidən Azərbaycana, onun lideri cənab İlham Əliyevə yönəlib. Ən inkişaf etmiş dövlətlər belə, həsəd aparırlar ki, müharibədən çıxmış bir ölkədə bu cür sürətli, tayı-bərabəri olmayan işlər görülür.
Sonra isə Məmməd Məmmədovun üzünü zala tutaraq “kimin nə sözü, şikayəti, proble¬mi, təklifi var desin, çəkinməsin” sözlərindən sonra sanki bir can¬lanma yaranır.
Təqaüdçü Bəxtiyar Məmmədalıyev söz alır. Deyir ki, Zəyəm çayından Tovuz şəhərinə çəkilən içməli su xətti bizim kəndin lap yaxınlığından keçir. Olmazmı ki, həmin xətdən Bayramlının bir neçə yerinə bulaq çəkilsin? Bir də ki, Mamırlı dağına gedən yolu düzəldirik, texnika ilə kömək müm¬kündürmü?
İcra hakimiyyətinin başçısı Niftalı Qasımova tapşırır ki, araş¬dırın, “Azərsu” qarşısında məsələ qaldıraq, təklif çox dəyərlidir. 26 nömrəli “Yol istismarı” MMC-nin rəhbərliyinə isə yol çəkilişi üçün texnika verilməsi tapşırılır.
Şəhid atası Abdulla Məmmədalıyev çıxış edərək mənzil növbəsində dayandığını, lakin bu günədək mənzillə təmin olunmadığını bildirir. Məmməd Məmmədov izahat verib de¬yir ki, ölkəmizdə şəhid ailələri dövlətimiz və cənab Prezidenti¬miz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Hər il, hətta hər ay imtiyazlı şəxslərə, eləcə də şəhid ailələrinə təntənəli şəkildə təzə mənzillərin açarları verilir. Sosial Xidmətlər Agentliyi yəqin ki, Sizə də nə vaxt mənzillə təmin olun¬mağınız barədə məlumat verəcək. Biz də tərəfimizdən bu məsələni nəzarətdə saxlayacağıq.
Kənd sakini Nazim Vəliyevin də çıxışına, təklifinə dərhal reaksiya verilir. Yuxarıda qeyd etmişdik ki, bu kəndin ən böyük problemi sudur. Sonra yol və digər həlli mümkün sosial məsələlərdir. Nazim Vəliyev deyir ki, kənddəki mövcud subertazian quyusunun işlək vəziyyətə gətirilməsi üçün 300 metr məsafədən elektrik xəttinin çəkilməsinə ehtiyac var. Digər tərəfdən kənddə su təminatını yaxşılaşdırmaq və növbəli bölgü aparmaq üçün mütləq cuvar təyin olunmalıdır. Kəndin əkin sahələrinə qonşu kəndə məxsus mal-qaranın salın¬masının da qarşısı alınmalıdır.
Rayon icra hakimiyyətinin baş¬çısı elektrik xəttinin çəkilişi, cuvar təyin olunması, əkin sahələrinə mal-qara salınması ilə bağlı əlaqədar qurumların rəhbərlərinə öz tapşırıqlarını verdi.
Kənd sakinlərindən Həbib Sarıyevin, Vüqar Bağırovun, Fəxrəddin Vəliyevin və başqa¬larının çıxışlarında kəndin digər problemləri səsləndirildi. Diqqətimi çəkən bu oldu ki, Məmməd müəllim qaldırılan məsələlərin demək olar ki, əksəriyyətini elə yerindəcə həll etdi, konkret tapşı¬rıqlar verdi, “baxarıq”, “öyrənərik”, “bizim səlahiyyətimiz xaricindədir” kimi şablon ifadələrdən qaçdı.
Səyyar qəbuldan sonra rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqan¬ları ilə iş şöbəsinin müdiri Fuad Rzayev mənə söylədi ki, Məmməd müəllimin qəbullarının hamısı belə işgüzar şəraitdə keçir. Başçımız konkretliyi sevir, hər hansı bir məsələnin, qaldırılan problemin həllinin uzadılmasını isə heç bir məsul şəxsə bağışlamır. Qaldırı¬lan təkliflərin, şikayətlərin demək olar ki, hamısını əzbər bilir və məsul şəxslərdən onun nəticəsini soruşur. Hər qəbuldan sonra geniş tədbirlər planı hazırlayırıq. Sonra hesabatlar dinlənilir: kim, nə iş görüb?
Şöbə müdirinin dediklərinin həqiqət olduğunu bir də onda hiss etdik ki, görüş-qəbulu tərk edən adamlar öz razılıqlarını bildirirdilər. Dövlətə, dövlətçiliyə, ölkə Prezidentinə inam, bax, belə yaranır.
Problemlər həmişə var. Amma ciddi narazılıq o zaman olur ki, bu problemlərə biganəlik var, süründürməçilik var, qeyri-ope¬rativlik var. Yaxşı ki, biz bunu Tovuzda görmədik. Bir kəndin – Bayramlının timsalında yəqin etdik ki, rayonun icra strukturları həyatın nəbzini tuta bilirlər. Uğur olsun!
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri