Tovuzda ozan-aşıq sənətinin nümayəndələri ilə görüş keçirilib
Tovuz rayon Bozalqanlı kəndində yerləşən Aşıq Sənəti Dövlət Muzeyində Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Tovuz, Ağstafa və Qazax rayonlarından olan aşıqlarla görüş keçirilib.
Görüşdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Ağstafa Regional Mədəniyyət idarəsinin rəisi Nurəddin Mehdiyev iştirak edib.
Region aşıqları qarşısında çıxış edən M.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aşıq sənətini daim diqqətdə saxladığını vurğulamış, Qərb regionunun qədim aşıq sənətinin ən çox təbliğ olunduğu regionların başında gəldiyini qeyd etmişdir.
Sonra çıxış edən N.Mehdiyev Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin önəmini qeyd edərək bu sənətin həm yaşlı və orta nəsil, həm də gənc nəsil tərəfindən qorunub saxlanmağının və inkişaf etdirilməyinin əhəmiyyətindən bəhs etmişdir.
Görüş aşıq sənətinin inkişafı və gələcəyi ilə bağlı ozan-aşıq sənətinin görkəmli nümayəndələri ilə aparılan fikir mübadiləsi və qarşılıqlı müzakirə şəraitində davam etmişdir.