İcra başçısı Avropa çempionatında gümüş medal qazanmış idmançı ilə görüşüb
Tovuz rayon İcra Hakmiyyəti başçısı Məmməd Məmmədov 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa çempionatında iştirak edərək gümüş medal qazanmış sərbəst güləşçi Elnurə Məmmədova ilə görüşüb.
Elnurə Rızvan qızı Məmmədova 2 yanvar 2002-ci ildə Tovuz rayon Köhnəqala kəndində anadan olmuşdur. 2015-ci ildən etibarən sərbəst güləş idman növü ilə məşğul olan E.Məmmədova, 2018-ci ildə Türkiyənin Qəbzə şəhərində keçirilən turnirdə ilk dəfə beynəlxalq arenada medal qazanaraq 3-cü yerə sahib çıxmışdır. İştirak etdiyi bütün yarışlarda uğurla çıxış edən tovuzlu güləşçi 2019-cu ildə Türkiyə və Ukraynda keçirilən beynəlxalq yarışlarda ikinci yerə, İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında üçüncü yerə, Bakı şəhərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında isə ikinci yerə layiq görülmüşdür. Sərbəst güləşçimiz sonuncu dəfə cari ilin 9 martında Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa çempionatında uğurla iştirak edərək gümüş medal qazanmış, eyni zamanda 16 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdə iştirak etmişdir.
Elnurə Məmmədova ilə görüş zamanı M.Məmmədov onu təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin bütün regionlarda, o cümlədən Tovuzda həyata keçirdiyi uğurlu idman siyasətindən danışmış, bundan sonrakı işlərində və idman sahəsindəki fəaliyyətində güləşçimizə uğurlar arzulamışdır.
E.Məmmədova ölkə rəhbərliyinin idmana və gənclərə ayırdığı diqqət və qayğıya görə öz minnətdarlığını ifadə etmiş, bundan sonrakı yarışlarda da uğurla iştirak edərək ölkəmizin və rayonumuzun adını daim zirvəyə qaldıracağını vurğulamışdır.
Görüşün sonunda Elnurə Məmmədovaya Tovuz rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunmuşdur.