Azərbaycan qəzeti:Tovuzun emal sənayesinə xarici investorlar da cəlb olunurlar
Hazırda Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdır. Çünki xüsusən indiki dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biri hesab olunur.
Bu baxımdan Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlaması və bu istiqamətdə davamlı olaraq zəruri tədbirlər həyata keçirməsi başadüşüləndir.
Ərzaq təhlükəsizliyinin təminatında isə emal müəssisələrinin rolu böyükdür. Son illər bölgələrdə bu sahə üzrə çoxsaylı tədbirlər həyata keçirilmişdir. Həmin hesaba istehsal olunan kənd təsərrüfatı məhsullarının yerlərdə emalı mümkün olmuşdur. Bu isə regionların sənaye potensialını üzə çıxarmaqla yanaşı, həm də yeni iş yerlərinin açılmasına şərait yaratmışdır.
Tovuz rayonunda da bu istiqamətdə görülən işlər diqqətəlayiqdir. Bunun sayəsində hər il xeyli həcmdə və çeşiddə ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların istehsalında uğurlu nəticələrə nail olunur. Sevindirici haldır ki, bu gün də rayonda müasir standartlara cavab verən aqraryönümlü müəssisələr yaradılır və bu, aqrar və emal sahələrinin sürətli inkişafına imkan verir.
Məlum məsələdir ki, taxılçılıqda yüksək məhsuldarlığın əldə olunması digər amillərlə yanaşı, yüksək reproduksiyalı toxumdan və lazımi aqrotexniki qulluqdan çox asılıdır. Bunu nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ildə rayonda dənli bitki toxumlarının emalı zavodunu inşa etdirdi. Artıq 3 ildir ki, zavod yüksək kondisiyalı və məhsuldar buğda və arpa toxumları emal edərək qərb bölgəsinin fermerlərinə satır. Saatda 5 ton toxum emal etmək gücünə malik olan müəssisə inzibati binadan savayı, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan anbardan ibarətdir. Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya da quraşdırılmışdır. Laboratoriyada yerli iqlim şəraitinə uyğun və xəstəliklərə davamlı toxumlar emal edilir, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması və sertifikatlaşdırılması həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, keçən il zavodda 3 min tondan çox toxum emal edilmişdir.
Tovuz tütünçülük üçün də əlverişli rayondur. Prezident İlham Əliyevin 10 avqust 2017-ci ildə imzaladığı “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsinə dair sərəncamından sonra rayonda bu sahə üzrə geniş tədbirlər planı hazırlanaraq həyata keçirilməyə başlanılmışdır. Bu çərçivədə “Tovuz aqrosənaye” MMC-nin nəzdində tütünqurutma müəssisəsi yaradılmış və istifadəyə verilmişdir. Müəssisə uzun illərdən bəri bölgədə hökm sürən məhsulun realizə probleminin həllində vacib rol oynamışdır. Əvvəllər tütün istehsalçıları topladıqları məhsulu rayondan bir neçə kilometr uzaqda olan tütün qəbulu məntəqələrinə apararaq təhvil vermək məcburiyyətində qalırdılarsa, keçən ildən etibarən istehsal edilən tütün rayon mərkəzində olan bu məntəqəyə təhvil verilir. Qeyd edək ki, müəssisədə 22 tütünqurutma kamerası, çeşidləmə məntəqəsi, anbar və digər yardımçı binalar mövcuddur. Hər kameraya 5 tondan artıq tütün yığmaq mümkündür. Qurudulmuş tütün burada çeşidlənərək preslənir.
Dövlət başçısının diqqət və qayğıkeşliyi ilə ölkəmizdə üzümçülüyün dirçəldilməsindən sonra tovuzlularda da bu sahəyə yenidən həvəs yaratmışdır və qısa vaxt ərzində bağlar yenidən bərpa edilmişdir. Bağlarda müxtəlif növ süfrə üzümü sortları ilə yanaşı, şərab istehsalı üçün texniki sortlar əkilmişdir. Ötən illərdən fərqli olaraq indi fermerlər texniki üzüm sortunun emalında heç bir çətinliklə üzləşmirlər. 2019-cu ildə fəaliyyətə başlayan “A+CO” MMC ildə 3 min ton üzüm qəbul etmək gücünə malikdir. Zavodda İtaliyadan, Fransadan və digər xarici ölkələrdən gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Artıq 3 ildir ki, rayonun üzümçülüklə məşğul olan fermerləri və ətraf bölgələrin sakinləri yetişdirdikləri texniki üzüm sortlarını bu müəssisəyə təhvil verirlər.
Rayonda təkcə bitkiçilik deyil, heyvandarlıq üzrə də emal müəssisələri fəaliyyət göstərir. Ölkəmizdə ən iri ətçilik üzrə ixtisaslaşmış emal müəssisəsindən biri də “Tovuz-Aqro” MMC-dir. Hunanlar kəndi ərazisində yerləşən müəssisənin tikintisinə 2017-ci ilin oktyabr ayında başlanılmış və 2019-cu ilin dekabr ayında başa çatdırılmışdır. Burada əkinçilik, heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı, emalı və satışı ilə məşğul olunur. Müəssisə 550 hektar ərazini əhatə edir. 450 hektar sahədə mənbəyini Kür çayından götürməklə “Pivot” suvarma sistemi quraşdırılmışdır ki, bu da hər il yem istehsalında yüksək məhsuldarlığa zəmin yaradır. Fəaliyyətə başladığı vaxtdan indiyədək müəssisədə 1500 tondan artıq ekoloji təmiz mal əti istehsal edilmişdir. Ət satışı hələlik daxili bazarlarda həyata keçirilir. Lakin yaxın vaxtlarda müəssisədə istehsal olunan məhsulların xarici bazarlara da ixrac edilməsi nəzərdə tutulur.
Tovuzda emal müəssisələrinin siyahısına yenilərinin əlavə olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu işdə həm yerli, həm də xarici investorların rayona cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Yeni emal müəssisələrinin istifadəyə verilməsi isə həm ərzaq təminatında, həm də yüzlərlə rayon sakininin daimi işlə təminatında müsbət rol oynayır.
Sabir ƏLİYEV,
“Azərbaycan”