Azərtag: Tovuzda meliorativ tədbirlər davam edir
Tovuz Suvarma Sistemləri İdarəsi yeni suvarma mövsümündə fermerlərin öz məhsullarını suvarmasında çətinliklərin yaranmaması üçün işlərini davam etdirir. İdarə Tovuz rayonu üzrə 23807 hektar, Gədəbəy rayonu üzrə isə 181 hektar torpaq sahəsinin suvarılmasını həyata keçirir. Bu sahələrin suvarılması isə Zəyəm çayı, Əsrik çayı, Tovuz çayı, Axınca çayı, Tovuzçay su anbarı, Axıncaçay su anbarı, Ağstafaçay Hidroqovşağı İstismar İdarəsinin sağ sahil kanalı, Üç pilləli nasos stansiyası, Qızıl Ulğun nasos stansiyası və 454 ədəd subartezian quyusu vasitəsilə aparılır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaz mövsümündə su itkisinin qarşısını almaq üçün 60000 kubmetr çaylar, arxlar və kanallar lildən təmizlənib, çaylarda sel sularının əkin və əhalinin həyətyanı sahələrinə zərər vurmaması üçün sahilbərkitmə və sel sularının ötürülməsi üçün işlər görülür. Bu il Əlimərdanlı və Bostan arxlarında 3000 metr beton üzlüyün çəkilməsi də nəzərdə tutulub. Hazırda Zəyəmçay baş qurğusunda canlı qüvvə və texnikalar vasitəsilə sahilbərkitmə işləri davam etdirilir.
Rayonun 8055 hektar əkin sahəsinin suvarılması subartezian quyuları vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyular Əyyublu, Düz Qırıqlı, Köhnə Qala, Alakol, Dönük Qırıqlı, Aşağı Quşçu, Dondar Quşçu, Qovlar, İbrahim Hacılı, Cəlilli kəndində qazılacaq və subartezian quyuları istifadəyə verildikdən sonra təxminən 180-200 hektar yeni əkin sahələrinin suvarma suyundan təminatı yaxşılaşacaq.
İdarənin balansında olan 30 ədəd nasos stansiyadan 8 ədəd nasos stansiyası Ceyrançöl sahəsini su ilə təmin edir. Bu il 3 ədəd nasos stansiya cari təmir olunub. Poylu 1-ci və 2-ci nasos stansiyaları arasındakı 1000 metr boru xətti yenilənib. Həmçinin 20 ədəd hidrotexniki qurğu təmir edilib, kanallarda qapılarda təmir və rəngləmə işləri görülüb. Fermerlərin suvarma mövsümündə suya olan tələbatında problemlərin olmaması üçün lazımi işlər davam etdirilir.
Qeyd edək ki, rayonda 82696 hektar suvarılan sahə var.