Tovuzda Novruz bayramı təntənə ilə qeyd olunmuşdur
Tovuz şəhərindəki Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.
Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil olmuş, tədbir iştirakçılarını salamlamışlar.
Sonra meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanmış, idmançıların ifasında tamaşalar nümayiş etdirilmiş, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olmuş, şəhid ailələrini,qaziləri və sakinləri bayram münasibətilə təbrik etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək tovuzluları və qonaqları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri də müqəddəs Novruzdur.
Elə buna görə də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Diqqətə çatdırılmışdır ki, bu ümumxalq bayramı ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə bu günlər ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar həyata keçirilir.
2020-ci ildə baş verən və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən sonra Xalqımız bu bayramı Qalib Xalq olaraq qeyd edir. Həmin tarixi qələbədən sonra belə bayramlarda xalqımızın sevinci birə-beş artmışdır.
Şənlikdə rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert verilmiş, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.