Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqımızı təbrik edib
Dövlətimiz başçısı qədim köklərə malik Novruz bayramının xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutduğunu, ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramının yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etdiyini, milli özünüdərkin təşəkkülünə töhfələr verdiyini, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırdığını vurğulayıb.
Təbrikdə deyilir: “Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.
Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.
Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm”.
Prezident əmin olduğunu bildirib ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcək.
“İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!”, - deyə Prezident İlham Əliyev xalqımıza xoş arzularını çatdırıb.