Gənclər və İdman naziri Tovuzda vətəndaşları qəbul edib
Tovuz rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov və nazir müavini Mariana Toteva Vasileva Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Nazir Fərid Qayıbov daha sonra vətəndaşlarla görüşərək, onların müraciətlərini dinləyib.
Vətəndaşların qəbulundan sonra Qovlar şəhərində yerləşən Tovuz Gənclər Evində Tovuz şəhərinin 2022-ci ildə Azərbaycanın “Gənclər paytaxtı” elan olunması ilə bağlı təntənəli rəsmi açılış mərasimi keçirilmişdir.
Mərasimdə Gənclər və İdman naziri Fərid Qayıbov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, ictimaiyyət nümayəndələri, gənclər, qazilər, intellektual və idman yarışlarının qalibləri iştirak etmişlər. Tədbirdə çıxış edən nazir Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, ölkədə uğurla həyata keçirilən Gənclər siyasətindən söz açmış və Tovuz şəhərinin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar təbriklərini çatdırmışdır.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Azərbaycanda, o cümlədən Tovuz rayonunda gənclər üçün yaradılan şəraitdən bəhs etmiş, tovuzlular adından yaradılan şəraitə görə cənab Prezidentə dərin minnətdarlığını bildirmiş, Tovuzun “Gənclər paytaxtı” adını doğruldacağından əminliyini vurğulamışdır.
Sonra Azərbaycan Neft və Sənayi Universitetinin tələbə gənclər təşkilatının sədri Rüfət Rüstəmov, Azərbacan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənc müəllim Günel Bədirova çıxış edərək bildiriblər ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, bu gün dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü və vətənpərvər gənclərimiz formalaşır.
Açılış mərasimində iştirakçılara “Tovuz Gənclər paytaxtı–2022” adlı təqdimat nümayiş etdirilmişdir.
Eyni zamanda Tovuz şəhərinin 2022-ci ildə ölkənin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.
Gənclər və idman idarəsinin, Gənclər evinin, Heydər Əliyev Mərkəzinin kollektivi, yaradıcı və fəal gənclər, gənc müəllimlər və könüllülər Tovuz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Tovuz şəhərindəki Akademik Bəhram Əsgərov küçəsində yerləşən Gənclər parkında ağacəkmə aksiyasında iştirak etmişlər. Tədbir daha sonra Tovuz şəhərinin “Nizami” adına Mədəniyyət evində Tovuzun Azərbaycanın “Gənclər paytaxtı” elan olunmasına həsr olunmuş konsert proqramı ilə davam etdirilmişdir. Bunlarla yanaşı Tovuz Gənclər evində istedadlı gənclərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.