Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzeti: Tovuz kənd təsərrüfatı rayonundan regionun aqrar-sənaye mərkəzinə çevrilir

28 fevral 2022 | 16:00

Rayonda sənaye məhsulları istehsalı 56 faizdən çox artmışdır

Ölkəmizin qərb bölgəsində yerləşən böyük rayonlardan biri də Tovuzdur. Gözəl təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri olan bu rayonun insanları işgüzardır. Məhz bunun nəticəsidir ki, rayon sakinləri hər il yüksək göstəricilər əldə etməklə özlərinin dolanışıqlarını təmin edir, ölkəmizin aqrar sektorunun inkişafına töhfələr verirlər.

2021-ci il də tovuzlular üçün yaddaqalan oldu. Demək olar ki, tovuzlular iqtisadiyyatın bütün sahələrində uğur qazanmışlar. Keçən il rayonda ümumi daxili məhsul istehsalının həcmi 5,5 faiz artaraq 539061,2 min manata çatmışdır. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalının dəyəri 3018,3 manat olmuşdur. Kənd təsərrüfatında 275047 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur. Sənaye sahəsində də yüksək göstəricilər əldə edilmişdir. Belə ki, il ərzində bu sahə üzrə 41318,6 min manatlıq məhsul istehsal edilmişdir. Bu isə əvvəlki ilə nisbətən 56,6 faiz artım deməkdir.

Məlum olduğu kimi, ərzaq təhlükəsizliyinin təminatında bitkiçiliyin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu həm əhalinin ərzaq məhsullarına olan tələbatını ödəyir, həm də heyvandarlığın inkişafı üçün möhkəm yem bazası yaradır. Odur ki, 2021-ci ildə kənd təsərrüfatı bitkilərinin becərilməsinə diqqət artırılmış, aqrotexniki tədbirlər optimal müddətdə başa çatdırılmış, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtında aparılmışdır. Nəticədə daha çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Ölkədə kartof istehsalında da öndə gedən Tovuzda keçən il 6238,6 hektar kartof sahəsindən 179100 ton məhsul götürülmüşdür. Hazırda rayonda kartof əkini gedir. Təsərrüfat sahibləri bu il keçən ildəkindən daha çox məhsul istehsal etməyi qarşılarına məqsəd qoymuşlar.

Keçən il rayon üzümçüləri də yüksək məhsuldarlığa nail olmuşlar. Həyata keçirilən tədbirlər nəticəsində üzüm bağları 808 hektara çatdırılıb ki, onun da 14,5 hektarı ötən il salınmışdır. Üzüm bağlarının 668 hektarı süfrə, 140 hektarı texniki sortlardır. Bağbanlar bütün qüvvələri səfərbərliyə alaraq keçən il 21 min tondan çox üzüm toplamışlar ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.

İqtisadi cəhətdən gəlirli olan tütünçülüyə də maraq ildən-ilə artır. Artıq 6 ildir ki, rayonda bu sahədə uğurlu nəticələrə nail olunur. Əvvəllər tütün pərakəndə halda əkilirdisə, indi bu işlə rayonda fəaliyyət göstərən “Tovuz Aqro Sənaye” MMC məşğul olur. Tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi üçün ölkə başçısının imzaladığı müvafiq sərəncam Tovuzda da tütünçülüklə məşğul olan fermerlərdə böyük stimul yaratmışdır. Hər hektar tütün becərilməsinə görə 280, təhvil verilən quru və yaş tütünün hər kiloqramına 0,05 manat məbləğində subsidiya verilməsi rayonda bu gəlirli sahənin sürətli inkişafına təkan vermişdir. Nəticədə ötən il tütünçülər 90 tona yaxın məhsul tədarük etmişlər.

Rayonda heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər də öz bəhrəsini vermişdir. Kənd təsərrüfatı müəssisələrində ət istehsalı əvvəlki illə müqayisədə 966,6 ton və ya 2,1 dəfə artmışdır.

Əhalinin həyat səviyyəsinin yüksəlməsində digər amillərlə yanaşı, məşğulluğun təmin edilməsi də mühüm rol oynayır. Bu baxımdan ötən il bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsi nəticəsində 542 yeni iş yeri açılmışdır ki, onun da 441-i mövcud müəssisə və təşkilatlardadır. 1461 nəfərə isə rəsmi işsiz statusu verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əməkhaqqı keçən il rayon üzrə 439,2 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 23,6 manat və ya 5,7 faiz çoxdur.

Rayonda sahibkarlığın dəstəklənməsi, istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrdə istehsal sahələrinin genişləndirilməsi istiqamətində bir sıra təsirli tədbirlər görülmüş, yeni iş yerlərinin açılması üçün əlverişli şərait yaradılmışdır. Fəaliyyətdə olan idarə, müəssisə və təşkilatlardan toplanmış məlumatlar onu göstərir ki, ölkə iqtisadiyyatının inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər