AZƏRTAC: Qərb bölgəsində soyuducu anbarların xidmətindən istifadə çoxalıb
Yay-payız aylarında sahələrdən məhsullarını yığan fermerlər onu münasib qiymətə sata bilmək üçün soyuducu anbarlarda saxlayırlar. Daha sonra isə satışını həyata keçirirlər. Məhsulları soyuducu anbarda qaldığı müddətdə isə müəyyən miqdarda icarə haqqı ödəyirlər. Qərb bölgəsində soyuducuların sayı artdıqca burada məhsullarını saxlayan fermerlərin də müraciətləri artır.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda soyuducu anbarların sayı hər il artmaqdadır. Hazırda rayon ərazisində, ümumilikdə, 40-a yaxın soyuducu anbar fəaliyyət göstərir.
Tovuzun Aşağı Quşçu kənd sakini Sabit Cəfərov deyir ki, soyuducu anbarların xidmətindən istifadə etmək onlar üçün sərfəlidir. Dərim vaxtı üzümün qiyməti 50-60 qəpik idisə, indi ikiqat qiymətə satışını həyata keçirir. Payızdan soyuducuya yığdıqları məhsulu alıcı olduqda zərərsiz sata bilirlər. “Bizim kəndimizin sakinləri meyvəçilik, əsasən də üzümçülüklə məşğul olur. Sentyabrda üzümün dərimi başlayır. Həmin ay məhsulu yığıb satırıq. Gəlir əldə etmək üçün isə soyuducu anbarlarda saxlamaq daha sərfəlidir. Soyuducu anbarlara yığdığımız məhsulun hər bir kilosuna 20 qəpik xərcimiz çıxır. Anbar sahibinə bu məbləği ödədikdən sonra istədiyimiz müddətdə məhsulumuzu orada saxlayırıq”, - deyə Sabit Cəfərov bildirib.
Bəzi fermerlər isə soyuducu anbarlardan istifadə etmirlər. Adətən bunlar kiçik təsərrüfatı olanlardır. Bağ kiçik olduğundan məhsul da az olur. Ona görə də sahədə satış mövsüm vaxtı həyata keçirilir. Fermer Vüqar Nəsirov: “Bizim üzüm bağımız var. Sahəm az olduğuna görə məhsulu yerində satırıq. Ona görə də soyuducu anbarlardan indiyədək istifadə etməmişəm. Gələcəkdə üzüm bağı sahəsini genişləndirəndə soyuducu anbarların xidmətindən istifadə etməyi planlaşdırıram.
Anbarda xurma, kartof, üzüm və digər məhsullar saxlanılır. Fermer Kərəm Səfərovun 700 tonluq soyuducu anbarı var. Üç kameradan ibarət anbarda əsasən xurma və kartof saxlanılır. “İcarəyə də məhsul götürürük, öz məhsulumuzu da anbarda müəyyən qədər saxlayırıq. Xurma yeşiklərinin birinin saxlanması iki ay müddətinə 1 manat 20 qəpikdir. İki ayı keçdikdən sonra əlavə xərc ödənilir”, - deyə Kərəm Səfərov bildirib.
Gənc fermer olmasına baxmayaraq, bu sahədə yetərincə təcrübə qazanmış Şəhadət Mehralıyev isə deyir ki, 400 ton tutumuna malik soyuducu anbarı var. Soyuducunun quraşdırılmasına 100-150 min manat xərcləyib. Onun da fermer kimi bəzi təklifləri var: “Soyuducu anbarın qurulması üçün nəzərdə tutulan izolyasiya avadanlıqları, materialları dövlət tərəfindən güzəştli qiymətlərlə verilməsini təklif edirəm. Əgər bu, bizə güzəştli şəkildə verilərsə, biz sabah məhsulu da ucuz qiymətə saxlaya bilərik”.
Soyuducu anbarlardan istifadə, onların xidmətindən tam yararlanmaq üçün və ən başlıcası hansı kənd təsərrüfat məhsulunu necə və hansı müddətə, hansı formada saxlamaq, onun tərkibinin dəyişmədən, orqanizmə ziyan olmadan, qoruyub istehlakçıya çatdırmaq da vacib şərtlərdəndir. “Bu sahədə maariflənmə vacibdir. Biz soyuducu anbarlardan necə istifadə edəcəyimizi bilmirik. Tamamilə kustar üsulla, öz fikirlərimizlə fəaliyyət göstəririk. Bu istiqamətdə bizə məsləhətlər verilsə, təlimlər keçirilsə, yaxşı olar”, - deyə Ş.Mehralıyev vurğulayıb.
Soyuducu anbar sahibləri enerji xərclərində bu obyektlərin də kənd təsərrüfatı sahəsi kimi güzəştlərə cəlb edilməsinin vacibliyini bildiriblər.