Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzeti: “Şuşa” və “Qarabağ”ın sorağı Avropadan gəlir.“Tovuz-Baltiya” şirkətinin ixrac etdiyi məhsullar “Made in Azerbaijan” brendinə nüfuz gətirir

15 fevral 2022 | 16:00

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sahibkarlığa yaradılan sağlam şərait bacarıqlı iş adamlarına öz fəaliyyətlərini genişləndirmək üçün geniş imkanlar açdı. Nəticədə onların istehsal etdikləri bir çox məhsul nəinki ölkə daxilində, eləcə də xarici ölkələrə ixrac olunmaqla Azərbaycanın imicinə töhfələr verməyə başladı.

Belə iş adamlarından biri də tovuzlu sahibkar Naiq Məmmədhəsənovdur. Onun yaratdığı “Tovuz-Baltiya” LTD-nin istehsal etdiyi alkoqollu içkilər bu gün dünyanın bir çox ölkəsində böyük həvəslə alınır. 1989-cu ilin dekabrından üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalı məqsədilə yaradılmış “Tovuz” üzümçülük-istehsalat kooperativi bu sahədə ilk özəl şirkət olsa da, sovetlər birliyi dağıldıqdan sonra bir müddət fəaliyyətini dayandırmışdı. Lakin 1993-cü ilin martında şirkət rəsmi olaraq yenidən dirçəldilərək “Tovuz-Baltiya” LTD adı altında fəaliyyətini davam etdirməyə başladı. 2002-ci ildə Prezident Heydər Əliyevin “Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” fərmanından sonra “Tovuz-Baltiya” fransız texnologiyası ilə şərab və konyak istehsal etməyi qarşısına məqsəd qoydu. Bunun üçün yüksəkixtisaslı mütəxəssislər və böyük iş stajına malik texnoloqları işə cəlb etdi. Zavodda köhnədən qalmış konyak materialının istifadəsi ilə bərabər, üzümün keyfiyyətli sortlarından yüksək keyfiyyətli şərablar, həmçinin konyak spirti istehsal olundu. Hətta məhsulun daha yüksək standartlara cavab verməsi üçün Zəyəm dağ çayının mənbəyindən götürülən bulaq suyundan istifadə edilməsi üçün tədbirlər görüldü.

“Tovuz-Baltiya” LTD Qovlar şəhərində yerləşir. Son illər şəhər statusu alan bu yaşayış məntəqəsinin siması aparılan abadlıq və quruculuq işləri sayəsində tamamilə dəyişib. Salınan yeni park və xiyabanlar, geniş və abad küçələr insanlara rahatlıq gətirib. Böyük bir ərazini əhatə edən müəssisənin girişində də geniş park salınıb. Park gül-çiçək içindədir.

Ancaq bir tərəfdə qoyulmuş köhnə köşk nəzərimizdən qaçmır. Öyrənirik ki, 1993-cü ildə şirkət təsis edilərkən burada bu köşkdən və 6 hektar üzüm bağından başqa heç nə olmamışdır. İndi bu nəhəng şirkətin 67 hektar üzüm bağı var. 123 nəfər işçiyə əməkhaqqı verilir. Onlardan 47 nəfəri zavodda çalışır. Bugünkü uğurlar o köşkdən başladığı üçün şirkətin rəhbəri köşkü xatirə olaraq saxlayır.

Söhbət zamanı öyrəndik ki, 1990-cı illərin əvvəllərində - AXC hakimiyyəti zamanı bu kollektivin də başına minbir oyun açıblar. Necə deyərlər, gözlərini açmağa imkan verməyiblər. Hər gün əlisilahlılar gəlib müxtəlif tələblər irəli sürüblər. Yaxşı ki, qara günlər çox çəkməyib. Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra sahibkarlara geniş meydan açıb. Dövlətdən güzəştli kreditlər alan şirkət istehsalı daha da genişləndirib. İndi budur, şirkətin məhsullarının sorağı Avropadan gəlir. Amma bunun üçün müəyyən mərhələni keçmək lazım olmuşdu.

Ötən əsrin 70-ci illərində SSRİ-də istehsal olunan üzümün 30-32 faizini Azərbaycan verirdi. Həmin dövrdə büdcənin müəyyən hissəsi üzümçülük və şərabçılıqdan daxil olan gəlirlər hesabına təmin edilirdi. Bu sahədə çalışanların sayı isə 300 min nəfərdən çox idi. Bütün bunları yaxşı bilən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra üzümçülüyün dirçəldilməsi üçün bir çox sərəncam imzaladı. Bu baxımdan 2002-ci il 29 yanvar tarixli sərəncamın böyük əhəmiyyəti oldu. Daha sonra üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edildi. Ardınca bütün regionlarda üzüm bağlarının sahələri Avropadan gətirilmiş üzüm sortları hesabına genişləndi. Nəticədə ixracyönümlü məhsulların sırasına Azərbaycan şərabları da əlavə edildi. Ölkəmizdə üzümçülüyün yenidən inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu şirkət üçün də düşərli oldu.

Bu gün istehsal olunan konyak spirti Bolqarıstandan, İtaliyadan və Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə saxlanılır. Məhsulun süzülməsi və qablaşdırılması fransız, alman və italyan avadanlıqları vasitəsilə həyata keçirilir. Məlum olduğu kimi, istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin yüksək olması əsasən bir neçə amildən asılı olur ki, onlardan biri də iqlim şəraitidir. Dünyada üzümçülüyün beşiyi sayılan Fransa ilə müqayisədə Azərbaycan və onun Gəncə-Tovuz bölgəsində illik aktiv günəş enerjisinin miqdarı iki dəfə çoxdur. Bu isə yüksək keyfiyyətli üzümün yetişməsi üçün əsas şərtdir.

Şirkətin məhsulları dünyanın ən mötəbər sərgi və festivallarında uğurla nümayiş etdirilir. İndiyədək Rusiya Federasiyasında, Fransada, eləcə də digər xarici ölkələrdə keçirilən sərgilərdə “Tovuz-Baltiya” LTD şirkətinin istehsal etdiyi şərab və konyaklar, həmçinin alkoqolsuz içkilər yüksək qiymətləndirilərək müxtəlif mükafatlara layiq görülmüşdür.

Burada istehsal olunan ağ, qırmızı, eləcə də meyvə şərablarının, konyakların adları da maraqlıdır. “Şuşa”, “Sarı gəlin”, “Qarabağ”, “Bakı-Ceyhan”, “Bayatı Şiraz”, “Leyli və Məcnun”, “Dəli Kür” və s. Sözsüz ki, bu adlarla uzaq Fransada, Yaponiyada, Slovakiyada, Moskvada, İtaliyada, Almaniyada, Çində və digər ölkələrdə satılan şərab və konyaklar ölkəmizin imicinə şərəf gətirir. Bu imici yaradan “Tovuz-Baltiya” LTD şirkətinin kollektivi isə bunun nə qədər məsuliyyətli olduğunu yaxşı dərk edir və onu qorumaq üçün əllərindən gələni əsirgəmirlər.

Şirkət indiyədək qazandığı uğurlardan qətiyyən arxayınlaşmır. Daim axtarışda olan şirkət hazırda ixrac potensialını genişləndirmək üçün bir çox xarici ölkə ilə danışıqlar aparır. Naiq Məmmədhəsənov deyir ki, bu yaxınlarda Özbəkistanın Fərqanə şəhərində “Tovuz” brendi ilə istehsal müəssisəsi də yaradılmışdır. Yeri gəlmişkən artıq xeyli vaxtdır ki, şirkətin məhsul göndərdiyi bütün ölkələrdə ixtisaslaşdırılmış mağazaları fəaliyyət göstərir. Həmin mağazalar xüsusi nəzarət altında saxlanılır. Bütün məhsullar orqanik sertifikatlarla təmin edilib. Fransanın Konyak şəhərinə isə müntəzəm olaraq müxtəlif çeşiddə konyak göndərilir. 2015-ci ildə həmin şəhərin meri Mişel Qurinças Azərbaycanda, o cümlədən müəssisədə olarkən Tovuz konyaklarının yüksək keyfiyyətli olduğuna görə şirkətin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Kollektivin qarşıda görəcəkləri işlər hələ çoxdur. Qərara alınıb ki, şirkətin nəzdində tingçilik təsərrüfatı yaradılsın və burada yerli iqlimə uyğun üzüm tingləri yetişdirilsin. Bundan başqa, dağ kəndlərində dəmyə şəraitində üzüm yetişdirmək üçün ayrı-ayrı vətəndaşların bu işə cəlb edilməsi nəzərdə tutulub.

Söhbət zamanı şirkətin rəhbəri çox vacib bir məsələyə də toxundu: “Ölkəmizin ən böyük ixrac sahələrindən biri şərabçılıqdır. Lakin məhsulun dünya standartlarına uyğun qablaşdırılmasında problemlər var. Onlardan biri, daha doğrusu, ən vacibi şüşə qablardır. Doğrudur, ölkədə şüşə qab istehsal edən zavod var. Lakin həmin müəssisə təkcə araq üçün qab istehsal edir. Yaxşı olardı ki, həmin müəssisə konyak üçün də orijinal görkəmdə şüşə qablar istehsal etsin”.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər