Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Tovuz Rayon Təşkilatının yeni təyin olunmuş sədri rayon ictimaiyyətinə təqdim olunub

15 fevral 2022 | 08:00

Bu gün Yeni Azərbaycan Partiyasının Tovuz Rayon Təşkilatına yeni təyin olunmuş sədri Nihad Məmmədtağı oğlu Pənahov rayon ictimaiyyətinə təqdim olunub.

Tədbir iştirakçıları  əvvəlcə Tovuz şəhərinin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad ediblər.

Tovuz rayon İcra Hakimiyyətinin Akt Zalında keçirilən təqdimat mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, icra aparatının məsul işçiləri,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Tovuz  Rayon Təşkilatının aparat üzvləri iştirak ediblər.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.  YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edirdi. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırdı.

İcra başçısı bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. Bu il 30 illiyini qeyd edəcəyimiz partiya fəaliyyəti dövründə bir çox tarixi uğurlara imza atır. Müstəqil Azərbaycan dövlətinin inkişafı naminə misilsiz işlər görür. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycan tarixində, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biridir. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi qeyd edilir.  Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra YAP Tovuz rayon Təşkilatının sədri Nihad Pənahov çıxışında tədbir iştirakçılarını salamlayaraq, ona göstərilən bu yüksək etimada görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, YAP rəhbərliyinə, eləcə də rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirərək bu etimadı əməli işləri, yüksək fəallığı ilə doğruldacağına söz verib.

Rayon Təşkilatının sədri kimi fəaliyyəti dövründə verilən tapşırıqların, təyin olunduğu çətin və məsul vəzifənin öhdəsindən layiqincə gələcəyini, ona göstərilən etimadı doğrultmağa çalışacağını söyləyib. Yeni Azərbaycan Partiyasının üzvü, eyni zamanda Rayon Təşkilatının sədri olduğu üçün fəxr etdiyini dilə gətirib.

N.Pənahov çıxışının sonunda bir daha ölkəmizin, eləcə də rayonumuzun inkişafı naminə bundan sonrakı fəaliyyətində də ona göstərilən etimadı doğrultmağa çalışacağını qeyd edib.

Tovuz  Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbirə yekun vuraraq sonda bir daha YAP Tovuz Rayon Təşkilatının yeni sədrini təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Keçidlər