Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kartof səpininə başlanıb

11 fevral 2022 | 16:00

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin müəyyən etdiyi strateji hədəflərdən biri də kartofçuluğun inkişafı, təzə kartof istehsalının artırılmasının dəstəklənməsi, həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir.

Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə uyğun olaraq Tovuz rayonunda yeni logistika mərkəzi qurulmuşdur. Bu mərkəz yerli istehsalçılar üçün bazara çıxış şərtlərini asanlaşdırmaqla yanaşı, ixrac bazarlarına böyük hissələrlə mal ixracının həyata keçirilməsi və sahibkarların tədarük fəaliyyətinin həyata keçirilməsi üçün mühüm bazar infrastrukturu rolunu oynayır.

Eyni zamanda kartof istehsalı üçün əlverişli ərazilər müəyyənləşdirilmiş, bu sahədə ixtisaslaşmış fermerlər qrupu yaranmış, müasir texnologiyaların tətbiqinə başlanmış və faraş kartofçuluğun inkişafına maraq artmışdır. Ötən il rayonda 6245,3 hektar sahədə kartof əkilmiş, 179172 ton məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan 286,9 sentner məhsul götürülmüşdür.

Hazırda rayonun təsərrüfatlarında kartof səpininə başlanmışdır. Bu il Tovuzda keçən ilkindən daha çox kartof əkini nəzərdə tutulub.

 

Keçidlər