Tovuz şəhərində şəhid Ceyhun İsmayılovun xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib
Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, Gənclər və İdman İdarəsinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının məsul əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları Tovuz şəhərində şəhid İsmayılov Ceyhun İqbal oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışında iştirak ediblər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Dövlət himni səsləndirilmişdir.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov çıxış edərək 2020-ci ilin sentyabr ayının 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Ceyhun İqbal oğlu İsmayılov 1996-cı il sentyabrın 25-də Tovuz şəhərində anadan olub. 2003–2006-cı illərdə Tovuz şəhərində N.Tusi adına orta məktəbdə təhsil alıb, 2014-cü ildə Gəncə şəhərində 28 saylı tam orta məktəbi bitirmişdir. 2014-2019-cu illərdə Kiyev şəhərində Ali məktəb bitirmişdi.
Ceyhun İsmayılov 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Ceyhun İsmayılov Füzuli döyüşləri zamanı şəhid olub. 30 oktyabr 2020-ci il tarixdə Tovuz şəhərində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər İsmayılov Ceyhun İqbal oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.