Tovuzda “2 fevral – Azərbaycan Gəncləri günü” qeyd edilmişdir
Tovuz şəhərində “Nizami” adına Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin və Ağstafa Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP-ın Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon Gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov və rayonumuzun gəncləri “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə, Tovuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
İcra başçısı daha sonra “Nizami” adına mədəniyyət evinə gələrək rayonun istedadlı gənclərinin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov bildirmişdir ki, “2 fevral- Azərbaycan Gəncləri Günü” kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoymuşdur. Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmiş, onun təşəbbüsləri sayəsində şəxsi həyatlarının bütün sahələrində, o cümlədən təhsillərində yeni-yeni uğurlar qazanmışlar.
Məmməd Məmmədov qeyd etmişdir ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə mübariz, vətənpərvər, intellektual bacarığı ilə seçilən yeni nəsil yetişmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına sanballı təkan vermişdir. M. Məmmədov, eyni zamanda gənc nəslin vətənpərvər ruhda yetişməsinin tarixi əhəmiyyətinin Vətən müharibəsi zamanı qazanılan Böyük Qələbədə özünü biruzə verdiyini vurğulamışdır.
Tədbirdə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, Ağstafa Regional Mədəniyyət idarəsinin rəisi Nurəddin Mehdiyev, Vətən müharibəsi qazisi Nahid Hacıyev, Tovuz regional “ASAN xidmət” Mərkəzinin könüllüsü Nəzakət Quliyeva Ümummilli Lider Heydər Əliyev ilə başlayan və Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən danışmış, bu sahədə ölkədə əldə olunan uğurlardan bəhs etmişlər.
Daha sonra 2021-ci ildə fərqlənən gənclərə Tovuz rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir gənclər gününə həsr olunmuş geniş konsert proqramı ilə davam etmişdir.