Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “N” saylı hərbi hissədə “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilmişdir

02 fevral 2022 | 09:00

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Tovuz Rayon Gənclər və İdman İdarəsi rəisi Sahib Ələsgərov,  Gənclər evinin direktoru Rauf Rüstəmov, hərbi komandirlər və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.

Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini R.Zeynalov hərbi hissənin şəxsi heyətini “2 fevral – Azərbaycan Gəncləri günü”nə münasibətilə təbrik edərək qeyd etmişdir ki, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və “2 fevral – Azərbaycan Gəncləri günü”nün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu Dövlət Gənclər siyasəti Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin orduya hazırlanması, milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi ölkə rəhbərinin fəaliyyətində prioritetdir.

Qeyd olunmuşdur ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. 44 günlük Vətən müharibəsində məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımızı otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdurdu. Şəhidlərin qisası alındı.

Sonra Sahib Ələsgərov çıxış edərək bildilmişdir ki,  ölkəmizdə Gənclər Evləri, Olimpiya İdman Kompleksləri, idman-sağlamlıq mərkəzləri yaradılmış və gənclərin sosial problemlərinin həlli sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Gənclərimiz beynəlxalq idman arenalarında əldə etdikləri qələbələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrdə xidməti özlərinə şərəf bilir və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirirlər. Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir, səngərdə, döyüş mövqeyində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınır.

Daha sonra hərbi xidmətdə fərqlənən “N” saylı hərbi hissənin qulluqçularına  Tovuz rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin hazırladığı geniş bayram konserti ilə davam edib.

 

Keçidlər