Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi şəhidlərinin ordenləri ailə üzvlərinə təqdim edilib

28 yanvar 2022 | 16:00

Tovuzda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin   05 noyabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə tovuzlu Vətən müharibəsi şəhidləri – baş leytenant  Eminalıyev Orxan Eyvaz oğlu, baş leytenant Mahmudov Emin Pünhan oğlu, gizir Şəkərov Xəyal İman oğlu, gizir Əliyev Fuad Ramin oğlu, əsgər Şirinov Elmar Cəbrayıl oğlu, əsgər Hüseynov Cavid Hümbət oğlu təltif olunduqları "Azərbaycan Bayrağı" ordeni və leytenant  Heydərov Vasif Nazim oğlu təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidlərin ailə üzvlərinə təqdim olunub.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz  Rayon Şöbəsinin rəisi Xalid Abasov, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri şəhid ailələrinə təqdim ediblər.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov  qeyd edib ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər