Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq qəzeti:Tovuzda özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminat prosesi davam edir

17 yanvar 2022 | 16:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Filial tərəfindən 2021-ci ildə 365 nəfər işsiz vətəndaş “DOST İş Mərkəzi” MMC-də haqqı ödənilən ictimai işlərə cəlb olunub. Filial tərəfindən 41 nəfər işsiz vətəndaşa işsizlikdən sığorta ödənişi təyin olunub. Onlardan 5 nəfəri təkrar müraciət edən işsiz vətəndaşdır.

Tovuz rayonu aqrar zona olduğundan özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən aktivlərdən kənd təsərrüfatını da əhatə edənləri var. Ermənistanla sərhəddə yerləşən Yuxarı Öysüzlü kəndində yaşayan Novruz Hacıyev də özünüməşğulluq proqramı çərçivəsində aktivlərdən yararlananlardandır. Ona təsərrüfatını inkişaf etdirmək üçün iribuynuzlu mal-qara verilib. Deyir ki, bu proqramdan yararlanmaqla ailəsinin ehtiyaclarını ödəyir. “Məşğulluğa müraciət etdim. Mənə üç baş irubuynuzlu mal-qara verdilər. Özüm də bir neçə dəfə təlimlərdə iştirak etmişəm. Təlimdən sonra mənə inəklər verdilər. Hazırda heyvandarlıqla məşğul oluram. İnəklərdən ikisi də bu yaxınlara bala verəcək”,- deyə N.Hacıyev bildirib.

Özünüməşğulluq proqramından yararlanmaq məqsədilə təkcə heyvandarlıq sahəsi üzrə deyil, eyni zamanda digər istiqamətlər üzrə də müraciət edənlər var. Qeyd edək ki, özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər üzrə mövcud zərflərdən bölgələrdə işsiz vətəndaşlar yararlanır. Bu layihə işsiz vətəndaşların özünüməşğulluq proqramından istifadəsinə hesablanıb.

İaşə obyektlərində çalışanlardan da özünüməşğulluq proqramından yararlananlar var. Belə ki Tovuzda özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər üzrə 41 zərf mövcuddur ki, onlardan 4 zərf kənd təsərrüfatı, 37 zərf isə istehsal və xidmət sahəsinə aiddir. Niyaməddin Musayev də bərbər işləyir. O da aktivlərlə təmin edilənlərdəndir.

“Dövlət məşğulluq idarəsinə müraciət etmişəm. Bütün avadanlıqlarımı veriblər. Avadanlıqlar demək olar dolğun formada çatdırılıb. Bu layihədən məmnunam”, – Tovuz rayon sakini N.Musayev əlavə edib.

Özünüməşğulluq proqramı əsasında bölgələrdə aktivlərlə təminat prosesi davam etməkdədir. Bu prosesə cəlb olunan şəxslər öncə təlimlərə cəlb olunur. Burada onlara kiçik biznesin təşkili və idarə olunması öyrədilir. Daha sonra təlimi uğurla başa vuran şəxslərə aktivlər təqdim olunur.

https://xalqqazeti.com/az/news/937611

Keçidlər