Tovuzda tütün əkini və fındıq bağlarının sahələri artırılıb
Avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Tovuz Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.
Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verib.
Qeyd edib ki, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi Tovuz rayonunda da bu istiqamətdə ciddi irəliləyişlərə səbəb olub. Ötən ildən etibarən rayonda tütünçülük yenidən inkişaf etdirilir. 2016-cı ildə cəmi 20 hektar sahədə tütün əkilmişdisə, bu il əkin sahələri 2,5 dəfə artırılaraq 50 hektara çatdırılıb. Rayonun 28 yaşayış məntəqəsi tütünçülüklə məşğul olur. Bu il sahələrdən 100 ton quru tütün götürmək nəzərdə tutulub. Hazırda tütün yarpağının yığımına başlanılıb və 1250 kiloqram quru tütün tədarük məntəqəsinə təhvil verilib.
Bildirilib ki, keçən ildən rayonda baramaçılıq da inkişaf etdirilir. Belə ki, ötən il 1560 kiloqram barama istehsal edən kümçülər cari ildə bu rəqəmi 6 min 870 kiloqrama çatdırıblar. Rayonun 28 yaşayış məntəqəsində 69 kümçü ailəsi baramaçılıqla məşğul olub və qısa müddətdə hər ailə orta hesabla 896 manat gəlir əldə edib. Baramaçılığın daha da inkişaf etdirilməsi, yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonda 12 mindən çox tut tingi əkilib.
Qeyd olunub ki, rayonda son illər bağçılığın inkişafına da diqqət artırılıb. Əvvəllər 35,5 hektar fındıq bağı var idisə, hazırda fermerlər tərəfindən daha 60 hektar bağ salınıb.
Rayonda kənd təsərrüfatının digər sahələri də diqqətdən kənarda qalmayıb. Cari ildə 410 hektar sahədə şəkər çuğunduru, 20 min hektardan artıq sahədə taxıl, 7 min hektara yaxın sahədə kartof becərilib.
Vurğulanıb ki, respublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr Tovuz rayonunda uğurla yerinə yetiriləcək, bu işə özəl sektor, fermerlər, kəndli təsərrüfatları cəlb olunacaq və kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı təmin ediləcək.
Tədbirdə çıxış edənlər rayonda tütün istehsalının, ting əkinlərinin, fındıq bağlarının və barama istehsalının vəziyyəti barədə ətraflı məlumat veriblər.